525.Az

Mutasiya - Türkan Turan yazır


 

Mutasiya - <b style="color:red">Türkan Turan yazır</b>

Hirs, kin, nifrət, zorakılıq, zorbalıq yoluxucudur. Elə dava, mübahisə, didişmək də bu sıradakılardan geri qalmır, eynən dözümsüzlük və səbirsizlik kimi. Qısqanclıq, paxıllıq virusdan daha tez yayılır.

Sadalananlardan daha betəri söyüşdür. Kimin qulağı mütəmadi söyüş eşidirsə, o da eynisini təkrarlamağa başlayır. Harda bunlardan zərrə qədər varsa, tezliklə mutasiyaya uğrayır. İstər-istəməz həmin ortamdakı adamlar da buna yoluxur. Fikir vermisiniz, ətrafımızda hər kəs qışqıra-qışqıra danışırsa, bizim də səsimiz yüksəlir. Eşidilmək istəyirik, ancaq ağızın dediyini qulaq eşitmədiyi bir yerdə bu, mümkün olmur. Belə əhatənin içərisində olmaq insanı vərəmlədir. Bir xəstəliyə düçar olmuş kimi çöhrəsini soldurur, immuniteti zəiflədir. Bədbinlik bütün varlığını ələ keçirdir. Bir də baxırıq ki, əsəbi, sinir uclarının üstündə yeriyən, dözülməz  adam olmuşuq. Danışanda dilimizə gələn sözlər tikan kolu kimi fışqırır ağzımızdan. Neqativ insanların enerjisi ağır bir zireh geyindirir ruhumuza. Tərpəndikcə hər yeri dağıdıb tökürük. Eşitdiyimiz hər şeyi yanlış anlamağa meylli oluruq, şişirdirik, böyüdürük, əndazəni aşırıq. Hər gözəllikdə bir çirkinlik, hər yaxşılıqda bir fitnə, bir fəsad axtarırıq. Halbuki yaxşılıq da yoluxucudur. Sevgi də. Adi bir bitkiyə, heyvana azacıq qayğı göstərirsən, baxırsan ki, saniyələr içində dirçəlirlər. Elə yaradıcılıq da yoluxucudur, söhbət də, nəzakət də, zərafət də. Ətrafımızdakıların ab-havası həyatımıza birbaşa təsir edir. Əgər nəşəli, pozitiv əhatədəyiksə, bu enerji bizə, bizdən də digərlərinə keçir və zəncirvari hal alaraq uzanıb gedir. Ürəyi təmiz, dili tikansız insanlar daha çox dəyər qatır insana. Onlardan daha çox şey öyrənmək mümkündür. Həmin ortamlarda tez-tez olmaq ruhumuza geyindiyimiz zirehi soyundurur, beynimizdəki kölgəli düşüncəni aydınlıqla əvəzləyir. Məsələn, təvazökar adamların yanında həmişə rahat oluruq. Heç vaxt kiçik qanadlarımızla daha yüksəkdən uçmağa can ataraq özümüzü həlak etmirik. Olduğumuzdan daha artıq görünməyə çalışmırıq. Sinəmizi qabartmır, caynağımızı hazır vəziyyətdə saxlamırıq. Çünki onun dərinliyi bizi bundan çəkindirir. Bilirik ki, kim oluruqsa olaq, o, bizi olduğumuz kimi qəbul edəcək. Yaşadıqlarımıza, başımıza gələnlərə istehza ilə baxıb, içdən-içə sevinməyəcək.

Təbii ki, dərin insan olmaq sadəcə kitab oxumaqla olmur. Bu, bir az da insanın yaradılışından gələn bir üstünlükdür. Kitab oxumaq sadəcə belə insanları təkmilləşdirir, formaya salır. Zaman keçdikcə anlayırıq ki, ətrafımızı doğru seçmək, yaxın ünsiyyət qurduğumuz insanların kimliyi önəmlidir. Özünü, sözünü bilən insanlarla keçirilən vaxt qazancdır. Şərt deyil fiziki olaraq yanımızda olsunlar. Yüz il, min il öncə yaşayanlarla da dost olmaq olar. Təbii ki, kitablar vasitəsi ilə. Böyük yazıçıların kitablarını oxumaq insanı həmişə qazanclı çıxardır. Oxuyur, özünü inkişaf etdirirsən. Ən əsası dərindən düşünə bilirsən. Ağın bozun fərqinə varırsan, keyfiyyətlini, keyfiyyətsizi çeşidləməyi bacarırsan.

Bu günlərdə tarixçi Alberto Maguelin kiçik bir hekayəsini oxudum. O, yazır ki, Xl əsrin əvvəllərində İranda kitablara son dərəcə düşkün bir şah yaşayırmış. Günlərin bir günü uzun və uzaq diyarlardan birinə səfərə çıxmalı olur. Başqa şahlar və ya sultanlar olsa, böyük ehtimal belə məqamlarda saraylarından, rahatlıqlarından, cariyələrindən ayrılacaqlarına üzülərdilər. Amma bu şah kitablarından ayrılacağı üçün dərin kədər içində idi. Kitabxanasından çox sevdiyi əlyazmalarından qopmaq istəmirdi. 117 min kitabı var idi. Düşünür-daşınır axırda kitablarını da özü ilə birlikdə aparmağa qərar verir. Bu, daha əvvəl görünməmiş bir hal kimi dildən-dilə dolaşır. Dörd yüz dəvəni arxa-arxaya düzərək kisələrə doldurulmuş kitablarla yükləyir. Dəvələr hərf sırasına görə yükləndikləri kitablarla şahla bərabər səfərə çıxırlar. Dağları, obaları birlikdə qət edirlər. Beləcə, şah yol boyu nə vaxt bir kitab oxumaq istəsə, həmin hərflər vasitəsi ilə əlini atan kimi tapa bilirdi.

Adı bilinməyən həmin şahın kitab sevgisi tarixdə iz qoymağı bacarıb. Oxumaq həmişə belədir, özünü onunla dolduran insanları müxtəlif şəkildə əbədiləşdirir. Ona görə də, həyatımızdakıların bizim üçün nə dərəcədə doğru insan olub-olmadığını bilməyimiz vacibdir. Bunu isə oxumaqla daha tez müəyyən etmək olur. Unutmayaq ki, hay-küy daha çox qaraqışqırıq, söyüş daha çox kirlilik, dedi-qodu daha çox qeybət gətirir. Eynən virus kimi. Mutasiyaya məruz qalmamaq üçün qorunmaq vacibdir! Vaksin isə düşüncəli, dərin, ağıllı adamlar və kitablardır.

 





10.11.2020    çap et  çap et