525.Az

Qadın - özünə ən uzaq varlıq


 

QADINLAR NİYƏ MƏCNUN OLA BİLMİRLƏR?

Qadın - <b style="color:red">özünə ən uzaq varlıq</b>

Eqonun insanın batini ilə vitrinlik aləmi arasında çəkilən ən böyük sədd olduğunu və qadın eqoizminin onların həyatının kuliminasiyasında dayandığını nəzərə alıb, qadınların özlərinə ən uzaq varlıqlar olduğunu desəm, yəqin ki, xanımlar arxamca gileylənməzlər.

Qeysi Məcnuna çevirən, onu daşa-kəsəyə salan aşiqliyi yox, asiliyi idi, yoxsa nə Nizamini, nə də Füzulini bir poemalıq əziyyətə salacaqdı. Nədir bu Məcnunanə asilik? Məcnun ailəsinə, dostlarına, cəmiyyətə asi çıxmışdı, bunu bir yarımili 4 kəsrlə bitirən adi filologiya tələbəsi də bilir. Məcnunun əsas asiliyi özünə, öz eqosuna idi. "Məndən içəridəki mən"i ilə eqosu arasındakı əbədi mənəvi yabalaşma içərisində çərləyib öldü yazıq. Daha Məcnunu heç kim alçalda bilməzdi, çünki o, özü-özünü "alçaltmışdı", eqosu toz-dumana çevrilmişdi, həqiqi aşiq kimi özünə (eqosuna) asi çıxmışdı. Bəs qadınları Məcnun olmağa qoymayan nədir? Xanımların hər fürsətdə ana danlağı kimi üzümüzə çırpdıqları "qadınlar kişilər qədər azad deyil" qəlibi? Xeyr! Azadlıq asilikdən başlayır, ən birinci də özünə asilikdən. Qadınlar özlərinə asi çıxa bilmirlər. Səbəb - ölçüyəgəlməz eqolarıdır. Bu, qadınların sevgisində də özünü göstərir. Mənə görə, aşiqlik və asilik ruhun doğduğu siam əkizləridir. Aşiq olmadan asiyə çevrilmək mümkün deyil. Eləcə də, asi olmayanın aşiqliyi mənə heç vaxt inandırıcı gəlməyib. Ona görə, qadınların asilik sarıdan əllərinin aşağı olması bəzən məndə onların aşiqliyinə ironik və şübhə dolu bir yanaşma yaradır. Özlərinə uzaq olan bu eqoist gözəllər çox vaxt sevgilərini öz eqoizm künclərində tək ayaq üstə saxlayırlar.

Eqoizm həm də insanın özünü gizlədib haqqında metafizik bir təəssürat yaradaraq diqqət çəkmək cəhdidir. Eqoizmin arxasındakı müəmma, bu "böyüklüyün" fonundakı xəlvət həmişə insanlara maraqlı və şeytani bir şey kimi gəlib və cəlb edib. Özəlliklə kişilərə. Kişilər qadınlardakı bu şeytaniliyə aşiq olurlar. Əslində, qadınların da aşiqi olduqları kişilərdəki şeytanilikdir. Ümumiyyətlə, eşq özü şeytani bir məfhumdur. Eşqin rassionallıqla arası yoxdur, o, metafizikanı sevir. Ona görə də, eşq məişətə daxil olanda məhv olur. Çünki qarşındakını bütün "çılpaqlığı" ilə görəndən sonra həmin bu metafizika yerlə bir olur və sən eqonun arxasında heç bir böyüklüyün olmadığını görürsən. Bununla da nağıl bitir və insan "1002-ci gecədə" ötən gecə düşən həmin 3 romantik almanı balaları arasında bərabər bölüşdürməyin dərdini çəkməyə başlayır. Əgər ortada heç bir ruhi təmas yoxdursa, qurban ya bir ömür məişət sərgərdanlığı içərisində vurnuxur, ya da işi məhkəmə qətnamələri həll edir, bu heç. Daha çox kişilər qadınların "süründürməçiliyinə", ya da poetik formada desək, naz-qəmzəsinə məruz qaldığından "Qadınlar daha şeytani varlıqlardır" deyib feminist dostların daş-qalağına tuş gəlməmiş aradan çıxıram...

 





10.11.2020    çap et  çap et