525.Az

Biz tək deyilik - Səfirin gündəliyindən


 

Biz tək deyilik - <b style="color:red">Səfirin gündəliyindən</b>

Son günlər hər dəfə küçəyə çıxdığımda bir çox yerlərdə Azərbaycanın və Türkiyənin bayraqları ilə birgə Pakistanın da bayrağının asıldığını görürəm.

23 avqust 1997-ci il Pakistan. İslamabad şəhəri.

Mən bu ölkədə Azərbaycan Respublikasının ilk səfiriyəm. Elə bu gün gəlmişik. Hələ ki üç nəfərik. Mən - səfir, çox cavan yaşlarından dünyasını dəyişmiş Elmar Əliyev - konsul və bir də səfirliyin mətbuat məsələləri üzrə atteşesi. Hələ ki ortada nə səfirlik var, nə avtomobil, nə də digər avadanlıqlar. Bu zaman kəsiyi səfirlik həyatının ən üzüntülü, ən çətin, ən ağır bir vaxtıdır. Quru bir yerdə, tanımadığın bir ölkədə dövlət səviyyəsində nəsə qurub-yaratmaq həm olduqca məsuliyyətli və həm də çətin məsələdir. Oteldə yerləşib, şam edib qərarlaşdıq ki, elə səhər tezdən işə başlayaq. Amma hardan başlayaq? Nədən başlayaq? Və necə başlayaq? Diplomatik işdə hələ ki heç birimiz o qədər də təcrübəli deyildik. Hər üçümüzün birinci diplomatik xidməti idi. Doğrudur, mən səfir təyin olunana qədər uzun müddət Xarici İşlər Nazirliyində işləmişdim, ondan da əlavə, hələ Sovet dönəmində başqa bir xətlə İranda, Əfqanıstanda uzun müddət işləyib, Türkiyədə diplomatik kurslarda təhsil almışdım. Amma o işlər başqa, bu iş isə başqa. Bunlar fərqli-fərqli məsələlərdir. Ən adi bir səhv... Allah göstərməsin. Hardan başlamalı? Gözlər mənə dikəlmişdi. Yol gəlib yorulmuşduq. Hərəmiz öz otağımıza çəkilib yatdıq.

24 avqust.

Telefon zənginə yuxudan ayıldım. Mən bu ölkədə heç kimi tanımıram. Kim mənə zəng edə bilər ki?.. Elə dəstəyi götürüb - "Hello" demək istəyirdim ki, xəttin o biri başından:

- Günaydın, sayın böyük elçim - sözlərini eşitdim. Təəccübləndim.

Aha... Məlum oldu ki, səhər tezdən ilk mənə zəng edən Türkiyənin Pakistandakı səfiri Candan bəy Azərdir. İndiyə kimi yadımdadır. Dedi ki, sən gələn yollara qurban olum, ay qardaş. Nə yaxşı gəldin. Sənin sədanı çoxdan eşidirdim.

Ay aman... Qərib və sənə tanış olmayan bir ölkədə tanımadığın bir adamdan "qardaş" sözünü eşitmək nə gözəl bir sözdür. Bir qədər hal-əhvaldan sonra - "Arxanızca maşın göndərirəm, gəlin səfirliyə, elə qəhvəaltını da birlikdə edərik. Heç nədən çəkinməyin. Siz maşın alana qədər bizim səfirliyin maşını sizin ixtiyarınızda olacaq" dedi. Sonra da, zarafatla əlavə etdi: "Arxayın olun, maşında heç bir dinləyici qurğu-filan yoxdur. Arxayınlıqla nə istəsəniz danışa bilərsiniz". Gülüşdük. Qəhərlənmişdim. Tanımadğım bir ölkədə, yad bir məmləkətdə, tənha otel otağında (lap Nəcib Fazilin o məşhur şeirində olduğu kimi, amma tam əksi) ilk eşitdiyim bu sözlərdən kövrəlmişdim. Candan bəy Azər türk diplomatdır (Daha doğrusu, idi. 2014-cü ildə dünyasını dəyişmişdi. Allah rəhmət eləsin. Əla kişi idi). Əslən azərbaycanlı, atası ordubadlı idi. İkinci Dünya müharibədən bir neçə il əvvəl, 30-cu illərdə repressiyadan ehtiyat edərək, sovet quruluşunun qanunlarına dözməyib, Naxçıvandan çox böyük çətinliklərlə Türkiyəyə qaçır. Adını, soyadını orda dəyişir. Türkiyədə bir türk qızı ilə evlənir, ailə qurur. Bu nikahdan Candan adlı bir oğulları olur. Uzun illər Vətən həsrəti ilə yaşayan ailə başçısı "Azər" adını soyad kimi götürür.

Candan bəy Azər böyük diplomat olub. Həqiqətən böyük diplomat olub. Sözün hər iki mənasında diplomat. Həm məcazi, həm də müstəqim mənalarda. Uzun müddət Çində, Brüsseldə, Vaşinqtonda, Çikaqoda işləyib. Sonra Pakistana təyin olunub. Mən bu adam haqqında hələ Türkiyədə diplomatik kurslarda təhsil alarkən eşitmişdim. Onu da eşitmişdim ki, Türkiyə Xarici İşlər Nazirliyində əslən azərbaycanlı olan üç nəfər diplomat səfir işləyir. Tale elə gətirdi ki, mən onların ikisi ilə işləməli oldum. Biri Candan bəy Azər, ikinci isə ... bu barədə bir qədər sonra.

Dəstəyi yerinə qoyub, xəyalən bir qədər dünənə, Türkiyədəki diplomatik kurslarda təhsil aldığım vaxtlara qayıtmışdım ki, telefonum ikinci dəfə zəng çaldı. Dəstəyi qaldırıb elə "Günaydın" demək istəyirdim ki, xəttin o biri başından:

- Good morning mister embasodor (Sabahınız xeyir cənab səfir) sözlərini eşitdim.

Bu dəfə zəng edən isə Pakistanın Xarici İşlər naziri Gövhər Əyyubxan idi. Mən bu adamın atası haqqında hələ uşaq ikən eşitmişdim. Eşitmişdim ki, nazirin atası Məhəmməd Əyyubxan vaxtilə Pakistanın prezidenti olub. Hələ o vaxtlar onu da eşitmişdim ki, Hindistanla Pakistan arasında Kəşmir problemi var və tez-tez aralarında toqquşmalar olur.

İndi fikir verin. Pakistan kimi böyük bir dövlətin Xarici İşlər naziri öz ölkəsinə yenicə təyin olunmuş səfirə zəng edib və xoş gəldin deyir. Yad bir ölkədə bundan böyük arxayınçılıq hissini mən təsəvvür etmirəm. Daha sonra, "Əgər türk səfiri məni qabaqlamayıbsa, o zaman günortaüstü sizə bir maşın göndərərəm. Lazım olan, tələb olunan işlərinizə başlaya bilərsiniz".

Mən güman etmirəm ki, belə bir münasibət digər səfirlərə də olsun. Və mən başa düşdüm. Hər şeyi başa düşdüm. Başa düşdüm ki, mənəvi dəstək olmaq, siyasi dəstək olmaq hər bir dəstəkdən, hər bir köməkdən alidir, üstündür. Bu, çox bir gözəl hiss idi. Bu deyilən sözlərin tərcüməsi bu idi: "Siz tək deyilsiniz", "Biz sizinləyik", "Sizə hər zaman dəstəyik", "Arxayın olun", "Biz qardaşıq".

Doğrudan da, arxalı olmaq, güclü olmaq - fərqi yoxdur, ya maddi, ya mənəvi - çox böyük məsələdir. Arxan olmazsa, gücün olmazsa, haqlı olduğunu sübut edə bilməzsən, bu, çox çətindir. Gərək həm də, arxan da hiss etsin ki, sən güclüsən, zəif deyilsən və haqlısan. Belə məsələlər ən çox özünü beynəlxalq təşkilətlarda daha aydın, daha açıq, daha qabarıq göstərir. Mən Pakistanda təklik hiss etmədim, qətiyyən. Həm Pakistan dövləti, həm də Türkiyə səfirliyi səfirliyimiz qurulub ayaq üstə durana kimi bizə mənəvi dəstək oldular.

***

Türkiyə səfirliyinə gələrkən, elə dəhlizdəcə ilk gözlərimə dəyən Türkiyənin böyük şairi Yəhya Kamal Bayatlının şəkli oldu. Onda bildim ki, Türkiyənin Pakistandakı ilk səfiri 1948-ci ildə Yəhya Kamal Bayatlı olub. Səfirliklərdə belə bir adət var. Özündən əvvəlki bütün səfirlərin şəkillərini divardan asmalısan. Axı, bu, böyük bir tarixdir.

Candan bəy Azərin otağında oturub elə yenicə qəhvəaltı edib söhbət edirdik ki, qapı açıldı. Şimali Kipr Türk Respublikasının Pakistandakı səfiri Erol bəy içəri daxil oldu. Candan bəy onu da dəvət etmişdi ki, mənimlə tanış etsin. Çoxdan bir-birimizi tanıyırmış kimi, qucaqlaşdıq. Hal-əhval tutduq. Candan bəyin elə ilk sözü bu oldu: "Bir millətin qardaş bir ölkədə üç böyük elçisi olmaz. Bu, mümkün deyil. Üçümüzdən birimiz bu ölkədə böyük elçi olmalıyıq". Gülüşdük. Erol bəy Pakistanda səfir kimi çoxdan işləyirdi. Eyni təklifi o da mənə etdi: "Hər nə lazım olursa, mən hazır. Hər bir məsələdə sizlərə yardımçıyıq".

***

Bir müddət ötdü. Candan bəy Azərin Pakistandakı diplomatik xidməti başa çatdı. Polşaya təyin edildi. Çox kədərlə Candan bəydən ayrıldıq. O, mənə diplomatiya sahəsində çox məsələləri izah etmişdi, öyrətmişdi, bildiklərini əsirgəmirdi. Biz Hava Limanında onunla ayrılarkən heç birimiz bilmirdik ki, bu, bizim axırıncı görüşümüzdü. Bir-birimizə söz verdik ki, gələcəkdə ya Bakıda, ya da Ankarada tez-tez görüşək. Lap elə bəlkə, məzuniyyət götürüb Polşaya da gəldim. Və belə də bir-birimizdən ayrıldıq.

Çox təəccüblüdür, Candan bəyin yerinə təyin olunan diplomat da əslən azərbaycanlı, Qərbi Azərbaycandan olan Bozqurd Aran idi. Biz zamanlar Almaniyada "Azadlıq" radiosunda çalışan Əli Aranın nəslindən idi. O, gələn günün səhəri, erkən otelə zəng etdim. Dəstəyi götürən kimi heç qoymadım ağzını açıb, bir kəlmə söz desin. Bilirdim ki, "Hello" deyəcək. Ona görə də, dərhal, vaxtilə Candan bəy Azərin mənə dediklərini indi də mən ona deyirdim.

- Günaydın, sayın böyük elçim. Siz gələn yollara qurban olum. Nə yaxşı siz gəldiz. Ardınızca maşın göndərirəm, gəlin bizim səfirliyə, birlikdə qəhvəaltı edək.

***

19 sentyabr 2000-ci il. İsveçrə. Cenevrə şəhəri.

Mən, indi də burada Azərbaycanın  Birləşmiş Millətlər Təşkilatı Avropa bölməsində səfir, səlahiyyətli nümayəndəyəm. Vaxtilə Birləşmiş Millətlər Təşkilatı Millətlər Cəmiyyəti adlandırılan vaxt bu vəzifədə Əlimərdan bəy Topçubaşov işləyirdi. İndi onun bu vəzifəsini mən davam etdirirəm.

İki saatdan artıqdır ki, mübahisə gedirdi. Mən buna mübahisə də deməzdim, mübarizə deyərdim. Bütün başqa iclaslarda qaldırılan hər bir məsələlərdə Pakistan və Türkiyə tərəfi həmişə bizi dəstəkləyir, bizim haqq səsimizi mənimlə birgə dünyaya çatdırırdılar. Amma bəzən də elə incə məsələlər, elə incə mətləblər olurdu ki, mən təklənib təkbaşına mübarizə edirdim. Hər qaldırılan məsələyə çıxış üçün 7 dəqiqə, cavab üçün isə 3 dəqiqə vaxt ayrılır. Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Əkrəm Munir adlı orta yaşlarında olduqca bacarıqlı, səriştəli bir diplomat idi. Türkiyə diplomatı Murad bəy Sunqar da bacarıqda, səriştədə ondan geri qalan diplomat deyildi. Amma elə ki, BMT-də qaldırılan məsələlər Kəşmir və Kiprlə bağlı olurdu, o zaman kömək və səs istəmək ümidim qalmırdı. Yox. Buna tam yox da demək olmaz. Bəzən dəstək də alırdım. Məsələn, Xorvatiya, Macarıstan, Kuba, İsrail və digər dövlətlərdən dəstək alırdım. Və həmişə belə bir vaxtlarda İran səfirinin yerli-yersiz namazının vaxtı gəlib çatırdı. Arsız-arsız üzümə gülümsəyib, mən namaza gedirəm deyirdi (Axı, sən mənə heç bir vaxt lazım olmamısan və lazım deyilsən. Mənə niyə hesabat verirsən?)

Bu gün də elə. Erməni səfiri çıxış edib Ermənistanın heç bir zaman işğalçı ölkə olmadığından danışır, vaxtilə Azərbaycan tərəfindən işğal olunmuş bir ərazini indi özünə qaytardığına haqq qazandırır və erməni xalqının vaxtilə sahib olduğu torpaqlarının hələ heç beşdə birində olmadığını deyir və ədalətin bərpa olunmasını tələb edirdi. Deyirdi ki, bütün bunlar tarixi ədalətsizlik ucbatından baş verib, haqq öz yerini tapmalı, torpaqlarımız özümüzə qaytarılmalıdır. Mən 7 dəqiqə çıxışımı edib oturmuşdum. 3 dəqiqəlik cavab vermək hüququm qalırdı. İndi Fransa səfiri çıxış edir və erməni səfirinin dediklərini tutuquşu kimi təkrarlayırdı. Fransa səfiri yerinə oturan kimi, Yunanıstan səfiri bəzi əlavələrlə Ermənistanın hər dövrdə azərbaycanlıların zülmünə tuş gəldiyini deyirdi. Sonra Hindistan səfiri eyni sözləri təkrarlamağa başladı. Məqsəd bəlli idi. Hədəf Azərbaycan deyildi. Yox. Burada hədəf Türkiyə ilə Pakistanı provokasiyaya çəkmək və hər birimizi təkləmək idi. Belə məsələlərdə olduqca ayıq olmaq lazımdır. Sayıqlığı əldən vermək olmaz.

Daha sonra, rus səfiri söz alıb, bütün deyilənlərə Sumqayıt "genosidi"ni də əlavə edib, elə yerində oturmaq istəyirdi ki (Yaxşı, mən indi 3 dəqiqə ərzində bunların hansına cavab verim?), birdən qarşı tərəfdəki tablodan göy işıq yandı. İsrail səfiri söz istəyirdi. Dərhal da tabloda yaşıl işıq yandırıldı. Yəni çıxış edə bilərsiniz. İsrail səfiri olduqca yaşlı, təmkinli, az danışan, danışanda da kimin tərəfində olduğu çox çətinliklə anlaşılan və eyni zamanda, BMT-də xüsusi çəkisi olan, istədiyi sözü keçirən və yumorla danışan bir diplomat idi. Elə bil, bu adamın heç bir əsəb sistemi yox idi. İsrail səfiri:

- Mən hələ çıxış etmək istəmirəm. Mənim sadəcə olaraq rus səfirinə iki sualım var. Birincisi, "genosid" sözünün mənasını bilir, ya yox? Əgər bilirsə, qoy mənə izah eləsin. İkinci sualım: Ermənistanın Azərbaycana iddia etdiyi torpaqlara ermənilərin Rusiyanın Krasnodar vilayətinə gəldikləri vaxtdan çox-çox sonra olub. Və Azərbaycan ermənilərə öz ərazilərində muxtariyyət vermişdi. Və əgər səhv etmirəmsə, Rusiyanın həmin vilayətində 300 minə qədər erməni yaşayır. Nəyə görə siz orada ermənilərə muxtariyyət vermirsiniz? Axı, siz yox, erməni tarixçiləri öz tarix kitablarında yazırlar ki, onlar Krasnodara bəlkə də, bizim eramızdan da əvvəl gəliblər, buna nə deyirsiz?

Rusiya səfiri verilən suallardan yan qaçırdı. Və bu, açıq-aydın görülürdü. Və həm də hiss olunurdu ki, İsrail səfirinin sanbalı onu sıxırdı. İsrail səfiri rus səfirinin verdiyi cavablara bic-bic gülürdü. Rus səfiri çətinlik çəkirdi. Tabloda yenidən işıq yandı. İsrail səfiri gülə-gülə deyirdi ki, sizin verdiyiniz cavab mənim verdiyim sualın cavabı deyil. Ona görə də, özüm öz sualıma cavab vermək istəyirəm. Çünki siz verdiyiniz cavabı özünüz də başa düşmürsüz. Türklərin ermənilərə, azərbaycanlıların da Sumqayıtda törətdiklərinə əgər siz genosid deyirsinizsə, onda Fransanın Əlcəzairdə, sizin də Əfqanıstanda törətdiklərinizə nə ad verək? Əsl genosidi siz törətmisiniz. İndi də çeçenlərə o genosiddən edirsiniz. Bayaq Azərbaycan səfiri deyirdi ki, Azərbaycanda 40 minə qədər erməni yaşayır və mən bildiyim qədər də Türkiyədə də 100 mindən artıq erməni yaşayır. Və əgər bu ermənilər sizin dediyiniz kimi genosidlə üz-üzədirlərsə, niyə bəs tərk edib öz əzəli torpağı olan Krasnodara köçmürlər? Deməli, günləri xoş keçir. Və bir də üçüncüsü: Azərbaycan və Ermənistan müharibəsinin başında elə Rusiyanın özü durur. Bütün bunları törədən də Rusiyadır.

Afərin. Deməli, 5 ölkə tərəfindən mənə deyilən 35 dəqiqəlik şər-böhtan 2-3 dəqiqə ərzində öz cavabını aldı. Sözsüz ki, İsrailin səfirinin bu dediklərini mən də bilirdim və mən də deyə bilərdim. Amma bu sözləri İsrail səfiri deyib, ona hər şeyi keçərlər.

***

İsrail səfiri ilə BMT-nin binasının ikinci mərtəbəsində oturmuşduq, söhbət edib, qəhvə içirdik. O, mənə deyirdi:

- Əgər Qarabağın sizinki, yəni Azərbaycanın əzəli torpağı olmasının təsdiqini dünyadan istəyirsinizsə, bunu özünüzdən başqa heç kim təsdiq etməyəcək. Həqiqəti, tarixi deməklə, faktlarla sübuta yetirməklə heç nəyə nail olmaq olmur. Tarixi bu gün əməllə təsdiq edirlər, sözlə yox. Erməni lobbisi yaşadığı xarici ölkələrdə pul gücünə yalanlar uydurur, siz isə cəmi 7 dəqiqə ərzində bu yalan, iftiraları puça çevirmək istəyirsiz. Bu, mümkün olan iş deyil. Siz bütün çıxışlarınızda erməni diplomatının yalanlarını üzə çıxarmaq istəyirsiniz. Siz birinə cavab verə bilərsiniz, ikisinə cavab verə bilərsiniz. Amma nəticədə susmalı olacaqsınız. Çünki sizə verilən vaxt çatmayacaq. Özünüz gördünüz ki, yarım saat ərzində 5-6 diplomat sizin üstünüzə düşdü. Erməni diplomatı və yaxud da ermənipərəst diplomatlar hər çıxışlarında sizə yeni-yeni yalan və böhtanlar atırlar. Siz də bütün işinizi və gücünüzü atıb bu yalan və böhtanları faş etməklə məşğulsunuz. Belə olmaz. Erməni diplomatı yalan və böhtanın 100-cü həddini götürür. Siz isə bunun ancaq 10-15 faizini aça bilirsiniz. Onu da əgər bacarsanız. Nəticədə erməni və ermənipərəst diplomatlar bu yalanın 80 faizi ilə kifayətlənir. Və siz mat vəziyyətinizdə qalırsınız. Siz elə bilirsiniz ki, bu erməni yalanlarını ancaq siz bilirsiniz? Xeyr, bunların yalan olmasını BMT-də süpürgəçidən tutmuş qapıda duran polisə qədər, polisdən tutmuş ən adi bir diplomata qədər və ən adi bir diplomatdan tutmuş cənab Petrovskiyə qədər (Petrovski BMT-nin Avropa bölməsinin sədridir) hamı bilir. Amma əmənini dəstəkləyirlər. Çünki bura diplomatiya deyil, siyasətdir. Diplomatiya səfirliklərdə olur, beynəlxalq təşkilatlarda isə siyasət olur. Bu iki anlayışı çoxları səhv salır. Siyasət ayrı, diplomatiya ayrı. Siyasətdə həqiqət olmur. Siyasətdə həqiqət axtarma. Sən bir ətrafına bax, gör bizim oturduğumuz bu bina nə rəngdədir? Binanın rənginə fikir ver. Diqqətlə bax, gör nə rəngdədir? Əlbəttə, boz rəngində. Ətrafima boylanıb baxdım. Doğrudan da, mən heç fikir verməmişdim, binanın daşları boz rəngdə idi.

- Həə, bir vaxtlar burada BMT yox, Millətlər Cəmiyyəti yerləşirdi. 1947-ci il idi. Millətlər Cəmiyyəti ləğv olunub, əvəzində BMT yaranıb. Və bu binada o qədər millətlərin haqları yeyilib ki... Bu binada o qədər millət olmayanlar millət olub, millətlər sırasına qoşulub ki... O qədər millətlər elə bu binada özlərini itiriblər ki... Və bu bina haqqı yeyilən bəzi millətlərin üzünə elə bozarıb ki, öz əsl rəngini də itirib. Elə ondan da bu binanın daşları boz rəngdədir. Əlbəttə ki, mən bütün bunları obrazlı şəkildə deyirəm. Erməni səfeh millətdir. O, indiyə kimi bir məsələni anlamır ki, bu dünyanın ən son gününə qədər rusdan asılı olmalıdır. Və anlamaq istəmir ki, rusun bir zəncirli itidir. Bunu hamı bilir. Və rus da bu millətdən istədiyi kimi istifadə edir. Rus sizdən torpaq alıb erməni dövləti yaradır, rus sizin mədəniyyətiniz oğurlayıb erməniyə verir, rus sizin tarixinizdən erməni tarixi yaradır. Və ermənilər də buna inanır.

İsrail səfiri çox məsələlərdən hali idi. İsrail səfiri ilə bir saatdan artıq söhbət etdik. Onun dediklərini mən çoxdan bilirdim. Və bir məsələni başa düşdüm ki, mənim bildiklərimi bütün dünya bilir. Amma nəyə görəsən, erməninin tərəfində durururlar. Çünki biz həmişə olmayan və etmədiyimiz günahlarımıza dünya qarşısında bəraət qazanmağa çalışmışıq. Mübarizə aparmaq lazımdır. Mübarizədə isə bozarmaq lazımdır. Və hər məsələdə özünü haqlı bilməlisən.

Bu gün küçələrdə bu asılan bayraqlarımızı görəndə, deyirəm ki, ya Allah, sən bizim bayraqlarımızı endirmə. Həmişə qoşa olsun. Və sən bu günləri bizə çox görmə. Və bugünkü qalibiyyətimizi bizə çox görmə.

Amin!

 





10.11.2020    çap et  çap et