Türkiyənin İstanbul şəhərində təhsil alan azərbaycanlı yeniyetmə Seyid Oqtay Həsənov bu günlərdə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı möhtəşəm döyüş əməliyyatlarından ruhlanaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident! Mən və mənim ailəm Sizinlə qürur duyuruq. Bu çətin yolda sizə cansağlığı arzulayır və dualar edirik. Allah Sizi qorusun. İşğal altındakı torpaqlarımız uğrunda gedən haqq savaşının tezliklə Azərbaycanın şanlı qələbəsi ilə bitəcəyinə inanırıq. Qələbə bizim olacaq. Qarabağ Azərbaycandır!
İnşallah Sizin rəhbərliyinizlə, müzəffər Ordumuzun şücaəti sayəsində Qarabağımız işğaldan tam azad olunar və biz tezliklə doğma diyarımıza gedərik".
Qeyd edək ki, Seyid Oqtay Həsənovun 17 yaşı var, hazırda qardaş Türkiyənin İstanbul şəhərində 12-ci sinifdə təhsil alır.
O, heç zaman Qarabağda olmadığını, lakin Şuşanın işğalı, Xocalı soyqırımı ilə bağlı bir çox videomaterialları, sənədli filmləri uşaq yaşlarından izlədiyini deyir. Oqtay uşaq yaşlarında ikən Şuşa və Xocalıya həsr olunmuş iki şeir də qələmə alıb.
Həmin şeirləri təqdim edirik.

Seyid Oqtay Həsənov
Şuşamız - baş tacımız!
İlahi
göylərin qübbəsi altda - gözəl bir bahar,
Büllur-lacivərd səmadan aşağıda ballı maydır!
Ulu şəhərimiz, gözəl Şuşa üçünsə
Həmin gün tam başqa gəldi.
Öz xəyanətilə məşhur bir yığınaq
Məkr, həsəd və qəzəblə dolub-daşdı.
Quduzlaşmış ermənilər tayfası,
Kürəyimizə zərbə vurdu, yara açdı.
Şuşa sanki qorxulu yuxudaymış kimi,
Bütün ətrafı vəhşətli səsi ilə dolandı.
Və xain bıçağı neştər kimi
onun ürəyinə saplandı.
"Möhkəm dur, Şuşa!" - deyib hayqırıram:
Sənin oğullarının qisası qaçılmazdır!
Lənət olsun ikiüzlü ermənilərə,
Xar olmaq və ölüm -
bu nəsib sizlərə azdır!
Xocalı
Mən heç zaman Xocalını görmə
dim,
Yuxumdasa çox gəzdim o yerləri,
Uşağı ilə, cavanı-qocası ilə
Sevdim o insanları, o yerləri.
Abad şəhər indi viran olubdur,
Xoş günləri fotolarda donubdur.
Uşaqların yaralı bədənləri
Böyüklərin arasından boylanır.
Bu şəkillər dolanır şəhərləri,
Görənlərin qəlbi qana boyanır.
Mənsə müdam yuxuda da, oyaq da,
O gözləri görürəm hər bucaqda...
çap et