525.Az

Qədim yunanlar - Telman Orucovun yazısı


 

Qədim yunanlar - <b style="color:red">Telman Orucovun yazısı </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən şənbə saylarımızda) 

Mərkəzi Komitə bürosunda Birinci katibin verdiyi tapşırıq icra edilmişdi və SSRİ-də ilk dəfə olaraq zeytun yağı istehsalına başlanmışdı. Avadanlıq mütəxəssisləri qane edirdi, ən sevindirici hal isə o idi ki, yağın keyfiyyəti də normal idi və xaricdən alınan yağlarla müqayisədə isə yerli yağın turşuluğu az idi. Lap qədimdən Yunanıstanda yağı göy meyvələrdən alırdılar. Abşeronda da zeytun yetişənə yaxın yığım başlayır və bir ay ərzində başa çatırdı.

Səfər başa çatır 

Nəhayət, Yunanıstanla vidalaşma anı gəlib çatdı. Afinadan Moskvaya uçan təyyarənin I klassında görülən işin nəticəsi qarşısında səfər yorğunluğu yaddan çıxmışdı. Bir saata yaxın uçuşdan sonra təyyarə marşruta uyğun olaraq Bolqarıstanın paytaxtı Sofiya aeroportuna endi. Sərnişin çox olduğundan Sofiyada biletlər hamısı satılmışdı və ikinci klasdan birinciyə adamlar keçirilirdi. Mən stüardessadan iki səfər yoldaşımı - Moskva konserv sənayesi elmi-tədqiqat institutunun direktor müavini olan professorunu və Zabrat müəssisəsinin mühəndisini yanıma gətirməyi xahiş etdim və onlar artıq I klasda uçurdular. Professor onları pis qidalandırdıqlarından şikayətləndi və məndən xahiş etdi ki, ona xörək və içki sifariş verim. Stüardessa ət xörəyi və bir iri qədəh konyak gətirdi. Moskvalı göz qırpımında konyakı içib, mümkünsə yenə sifariş verim deyə yalvardı. Stüardessa yenə bir dolu konyak qədəhi gətirdi və professor qədəhi boşaltdı. Mən özümü saxlaya bilməyib onun qarınqululuğuna gülürdüm. Bu vaxt təyyarə ekipajı kapitanının öz səsi ilə səsləndirdiyi elan eşidildi: "Kəsici və deşici alətlərinizi təhlükəsiz yerə qoyun. Kəmərləri bağlayın". Salona sakitlik çökdü, stüardessalar da yoxa çıxdılar.

Bir qədər sonra kapitanın yeni elanını eşitdik, təyyarə Moskvaya uçmur, Odessada yerə enəcəkdir. Biz müəmmalar aləmində idik, birinci elan nəyə görə edilmişdi, həm də uçuş marşrutu niyə pozulmuşdur, nəyə görə Moskvaya birbaşa uçmaqdan imtina edilir? Nəhayət, Odessa üzərinə çatdıq, şəhər və dəniz üstündə dövrə vuran təyyarə iki cəhddə yerə enə bilmədi. Bizimlə uçan Bolqarıstan xarici işlər nazirinin müavini öz rəyini bildirdi ki, yəqin şassilər açılmır. Avqust günəşi altında, mən təyyarənin yerdəki kölgəsinə baxdıqda şassilərin sallandığını gördüm.

Salonda tam sakitlik idi, deyəsən, hamı taleyin verdikti ilə razılaşmışdı. Heç bir panika nişanəsi, hay-küy yox idi. Ölümün gəlişi hamını sakitliyə cəlb etmişdi. Gözlərimin qarşısında anam canlandı, o, məni məzəmmət edirdi ki, "Niyə bu səfərə yollandın? Başqası gedə bilməzdimi?" Mən ona cavab verməyə də çətinlik çəkirdim. Təyyarə üçüncü cəhddə yerə enəndə onlarla təcili tibb və yanğınsöndürən maşınların sürətlə borta yaxınlaşdığını gördüm. Aeroport binasının uçuş meydanı tərəfdəki balkonunda yüzlərlə adam bizim təyyarəyə tamaşa edirdi. Pilləkənlər verildi və biz ləngimədən aşağı endik. Sərhədçilərin əhatəsində qızmar günəşin altında bir meydançada dayanmışdıq. Mən deputat olduğumu qeyd edib, sərhədçidən aeroport məmurunu dəvət etməsini xahiş etdim. Aeroport işçisi gəldi və bizi sərin bir otağa apardı, bolqar nazir müavinini də özümüzlə götürdük. Restorandan ofisiant çağırtdırıb sərin su, dondurma və kofe sifariş verdik, onlar əhval-ruhiyyəmizi bir qədər yaxşılaşdırdı.

Nəhayət, axşam bizə əlavə bort verildi və gecə yarısı Moskvaya çatdıq. Məni nazirliyin beynəlxalq əlaqələr şöbəsinin işçisi, dostum V.V.Jilinski qarşılayırdı. O, boynuma sarıldı və hönkür-hönkür ağladı. Mən heç nə başa düşmürdüm. Şeremetyevo beynəlxalq aeroportu DTK (KQB) şöbəsinin rəisi onun tələbə yoldaşı idi, bir dəfə məni də onunla tanış etmişdi. Onlar görüşəndə kimi qarşıladığını soruşduqda, mənim adımı və Afinadan uçduğumu dedikdə, dostu başsağlığı verirmiş kimi ona deyibmiş ki, təyyarə havada partlayacaqdır, salona bomba qoymuşlar və bizim bu barədə məlumatımız vardır. Yarım saat sonra o, Jilinskiyə xoş xəbər çatdırıb ki, heç nə baş verməmişdir və təyyarə Odessaya enmişdir.

Nazirliyin işçisi uzun müddət bizi gözləməli olmuşdu və Hollandiyadan qayıdan Estoniya naziri ilə də görüşüb əhvalatı ona danışıbmış. Yaşlı eston kolleqam da mütəəssir olmuş, bir butulka konyak və bir butulka şampan alıb, Jilinskiyə veribmiş ki, sağ qalmağını qeyd edərsiniz. Valentin Vladimiroviç ayrıca otaq və ofisiantlar saxlatdırmışdı. Gecəyarısı aeroportda mən əsəbi gərginliyə görə çox yorğun idim və otelə getməyə tələsirdim. Lakin Jilinski təkid etdi və yemək sifariş verildi. Professorla birlikdə o, hər iki butulkanın öhdəsindən gəldi.

Biz bir müddət həyatla ölüm arasında mövcud olmuşduq. Lakin öz təcrübəmə müvafiq olaraq deyə bilərəm ki, bu vaxt heç bir ruh aqoniyası baş vermir, həyat barədəki son hökmlə razılaşmalı olursan.

Çatan kimi oteldən Bakıya, evə zəng vurdum, hal-əhval tutduqdan sonra anamı oyatmağı, telefona çağırmağı xahiş etdim. Anam yuxulu-yuxulu danışırdı, nə baş verdiyindən xəbəri olmasa da, səsindəki məzəmmət notları açıq hiss olunurdu.

Zeytun yağı zavodunun avadanlığının alınması bizə həyatımız hesabına başa gələ bilərdi. Adi bir lələk dəvənin belini qıra bilərdi, lakin xoşbəxtlikdən, həmin lələk yükə çevrilə bilmədi və bizim həyatımız xilas oldu.

Yağ istehsalı barədəki yenilik böyük hay-küyə səbəb oldu və yeni zavod kompleksinin tikintisi zərurəti meydana gəldi. Bu da öz növbəsində zeytun yağı istehsalının pioneri olan köhnə primitiv Zabrat Konsert Zavodunun yeni binaya köçməsinə və müəssisənin tam rekonstruksiyaya məruz qalmasına səbəb oldu.  

II FƏSİL 

Qədim yunanlar. Qədim Yunanıstanın tarixi mənzərəsi barədə əlavə düşüncələr 

Yunanıstanın təbiəti nə qədər gözəl, insanları nə qədər mehriban olsa da, tanış olduğun mənzərələr olduqca yaxşı təəssüratlar yaratsa da, onun zəngin keçmişi buraya gələnləri maqnit kimi özünə daha çox cəlb edir və adam qədim tarixin ecazkar cazibədarlığını tərk etmək istəmir. Həm də bu tarixi daha yaxşı öyrənmək ehtiyacı yaranır. Qədim Yunanıstan, orada baş verən hadisələr, bəşəriyyətə töhfə verdiyi görkəmli şəxsiyyətlər, elm, siyasət və hərb sahəsində parlaqlığı azalmayan dühaların fəaliyyəti okean sularının dərinliyini andırır. Həmin suları tədqiq edən çox şeylə qarşılaşmaq imkanı qazanır, qarşısına çıxan yeni nə varsa, hökmən tədqiqatçının maraq və təəccüb dairəsinə daxil olur.

Qədim Yunanıstan haqlı olaraq Avropa sivilizasiyasının beşiyi adlanır. Düzdür, o, Mesopotamiyadakı, Misirdəki, həmçinin, İnd çayı vadisindəki Harappa adlanan sivilizasiyalardan sonra yaransa da, bəşəriyyətin inkişafına onunla müqayisədə heç bir ölkə və ya xalq belə genişmiqyaslı fayda verməmişdir. 

Yunanıstanın ərazisində tapılan qədim bədii yaradıcılıq abidələri neolit epoxasına aid edilir. Burada isə insanlar hələ xeyli əvvəl, paleolit epoxasında yaşamağa başlamışdılar. Bəşəriyyət tarixinin bu dan şəfəqlərində mövcud olan vəhşi qəbilələr barədəki qaranlıq xatirələr xeyli sonra burada məskunlaşmış xalqların quduz titanlar haqqında yaratdıqları miflərdə qalmışdır. Əlbəttə, Yunanıstanın qədim əhalisi bədii mədəniyyət tarixi yoluna neolit epoxasında çıxmışdı. Neolit epoxası Yunanıstanda b.e.ə. VII-IV minilliklərdə ömür sürmüşdür. Krit adasındakı qədim tapıntılar bu epoxaya aid olanlardır. B.e.ə. V minillikdə adada yaşayanlar xeyli yüksək səviyyəyə çatmağa nail olmuşdular. Knossos sarayındakı ilk memarlıq təcrübəsi ilə onlar həqiqi inqilab törətmişdilər. Burada dulusçuluğun icadı böyük bir dönüş idi. Onun köməyi ilə ada sakinləri cürbəcür qablar, bardaqlar düzəldir, onların üstünü bəzəklə örtürdülər. Gildən ilk kiçik heykəllər düzəldirdilər. Kritin tarixindəki 3-cü minillik ilkin Minoy dövrü adlanır.

Materik Yunanıstanında da çox sayda məskun yerlərinin olduğu məlumdur. Bu ərazi şimala açıq olduğundan qonşu xalqlarla əlaqə saxlayırdı, onlar həm də Yunanıstana müdaxilə etmək imkanına yiyələnirdilər. Bu dövrdə bəşəriyyətin yaradıcı qüvvələrinin sürətli inkişafı yüksəldi. Neolitdən metal epoxasına keçid başlandı. Simvolun kəşfi bədii yaradıcılıq tarixində yeni addım idi. Simvolların ayrı-ayrı motivləri adamların həyatını əhatə edən mühitdən götürülürdü, ornamental kompozisiyalar meydana çıxırdı. Krit memarlığında isə sütunlar qeyri-adi formalar alırdı. Bəzəkdən təsvirə keçid başlandı, təsviri sənət, heykəllər və vazalar meydana çıxdı. Knossos sarayında bunların kamil nümunələri rəngkarlığın, heykəltəraşlığın  necə yüksək səviyyəyə çatdığını göstərir. Miniatür freskalar həmin dövrün yaradıcı insanlarının böyük istdadından xəbər verir. Təbiət mövzusu Krit rəngkarlığında xüsusi ilə mühüm yer tuturdu.   

Antik klassika üçün, yunan poeziyasının inkişafı üçün yazının kəşfi və geniş tətbiqi mühüm əhəmiyyətə malik oldu. Yunanlar yazını finikiyalılardan əxz etmişdilər, nəyisə qəbul edib təkmilləşdirmək qabiliyyətini ilk dəfə nümayiş etdirmişdilər. Yunanlar öz əlifbalarını yaratmışdılar, onda 24 işarə-hərf var idi. Bu sahədə onları müasir yaponlarla və çinlilərlə müqayisə etmək olar. Heroqlifdən fərqli bir yazı ilk olaraq Şumerdə, nisbətən daha mükəmməl yazı, səslərin işarə ilə ifadə olunması isə Finikiyada yaransa da, yunanlar finikiyalıların yazısını götürüb, sistemləşdirmiş, sonra onu Qədim Roma vasitəsilə Avropaya ötürmüşdülər.

Yunanıstanda ilk klassik şəhərsalma ənənəsi meydana gəlmişdir, onun banisi Hippodam hesab olunur. Yunanlar çox sayda məbədlər, xüsusən Parfenonun timsalında simmetriyanın və proporsionallığın sadə, lakin gözəl modelini yaratmışdılar. Burada arxitektura geniş vüsət almışdı. Yunanların harmoniya, proporsiya və gözəllik barədəki anlayışları sonrakı Qərb incəsənəti və arxitekturası üçün məhək daşı funksiyasını oynamışdır.

(Ardı var)

 





10.11.2020    çap et  çap et