525.Az

"Ermənistan bəyanatı sevinərək qəbul etməlidir"


 

"Ermənistan bəyanatı sevinərək qəbul etməlidir"<b style="color:red"></b>

"Azərbaycanın bu parlaq qələbəsindən sonra Ermənistanın rəsmi səviyyədə məğlubiyyətini qəbul etməsi bu ölkənin vətəndaşları və havadarları tərəfindən birmənalı qarşılanmasa da, hazırkı məqamda Ermənistan üçün atılmalı olan ən düzgün addım idi".

Bunu 525.az-a açıqlamasında SOCAR əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

E.Əmirov bildirib ki, əməliyyatların davam etdirilməsi onsuz da maddi və hərbi iflasa uğramış bir dövləti tam süqutuna gətirib çıxara bilərdi. Odur ki, üç ölkə rəhbəri arasında imzalanmış 9 bəndlik məlum bəyanatı Ermənistan boğulmamaq üçün ona verilmiş bir nəfəslik kimi sevinərək qəbul etməlidir:

"O ki, qaldı bu bəyanatın Azərbaycan tərəfi üçün olan faydasına bu hərbidən siyasiyə, mənəvidən iqtisadiyə qədər həyatımızın bütün sferaları üçün olduqca vacib əhəmiyyətə malikdir. Bu müharibə bizə təkcə torpaqlarımızı qaytarmadı, həm də milli kimliyimizi, qürurumuzu, şərəfimizi qaytardı. Beynəxalq arenda olan “məğlub xalq” imicini yırtıb, qəhrəman və yenilməz millət statusumuzu özümüzə qaytardı. Bu kövrək və müqədəs hissi bu xalqa, bu millətə yaşatdığına görə Ali baş komandana və onun əmrini şərəflə icra edən Azərbaycan ordusuna sonsuz təşəkkürlərimi bildirirəm".

Ekspert vurğulayıb ki, sözügedın bu bəyanatda diqqət çəkən məsələlərdən biri 9-cu bənd oldu:

"Burada bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpasından bəhs edilir. Nəzərdə tutulan bu nəqliyyat dəhlizinin ən böyük faydası siyasi, hərbi-strateji fayda olsa da, mənim toxunmaq istədiyim məsələ, uzun illər blokada şəraitində qalan Naxçıvan iqtisadiyyatına bölgədə bərpası nəzərdə tutulan iqtisadi və nəqliyyat əlaqələrinin təsirləridir.

Blokadada olmasına və məlum pandemiyanın təsirlərinə baxmayaraq Naxçıvan iqtisadiyyatının inkişaf dinamikasını regional və ölkə daxili ümumi iqtisadi tendensiya ilə müqayisədə müsbət qiymətləndirmək olar. Belə ki, cari ilin ilk səkkiz ayı ərzində əksər ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın həcmində 2.7%-lik ressesiya qeydə alındı. Amma Muxtar respublikanın Dövlət Statistika Komitəsinin məlumatına görə Naxçıvanda bu göstərici üzrə 0.7% -lik müsbət tendensiya müşahidə edildi və iqtisadiyyatın həcmi 1.8 milyard dollardan yuxarı qalxdı. ÜDM üzrə adam başına düşən pay əvvəlki dövrlə müqayisədə 1.4% artaraq 4 min manata çatdı.

Eyni dövr üçün Muxtar Respublikanın sənaye məhsulunun həcmi 758 milyon manata, kənd təsərrüfatı istehsalı isə 323 milyon manata çatmışdır. Ümumi həcmi 37 milyon manat olan informasiya və rabitə xidmətləri isə artımın faiz nisbətində 4.5%-lik müsbət dinamika ilə bütün digər sahələri qabaqlaya bilmişdi.

Bütün bu iqtisadi statistikaya və onun dinamik istiqamətinə Naxçıvanla ona qonşu olan ölkələr arasında münasibətlər, daha dəqiq desək Türkiyə və İran arasında olan iqtisadi münasibətlər böyük təsir göstərmişdir. Bunun ardından Naxçıvanla bizim qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması Muxtar Respublıkanın iqtisadı inkişafına hər tərəfli dəstək olacaqdır".

E.Əmirovun sözlərinə görə, Kiçik Qafqaz sıra dağlarının yamaclarında yerləşən digər regionlarımız kimi Naxçıvan da yetərincə faydalı qazıntı yataqlarına malikdir. Muxtar respublika ərazisində 21 filiz yatağı aşkarlanıb. Aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsi olaraq 5 filiz yatağı ehtiyatlar balansında qeydə alınıb. Bunlardan Parağaçay molibden, Gümüşlü və Ağdərə polimetal və Darıdağ mərgümüş yataqları sənaye mənimsənilməsinə cəlb olunub, Qapıcıq yatağı ehtiyatda saxlanılıb. Digər 16 yataqda ilkin qiymətləndirmə işləri aparılıb. Məhz sözü gedən nəqliyyat dəhlizi bu yataqların hasilatdan sonra növbəti emal proseslərində işğaldan azad edilmiş ərazilərimizdə olan yataqlarla bircə işlənməsi üçün iri emal kompleksinin yaradılmasına imkan verəcəkdir.

Bu nəqliyyat dəhlizi təkcə faydalı qazıntıların işlənməsində inteqrasiyani deyil, iqtisadiyyatın digər sahələrində də çox şaxəli inteqrasiyanı təmin edəcəkdir. Məsələn, işğaldan azad edilmiş rayonlarımız yenidən qurulmasına öz tövhəsini verə bilmək üçün muxtar respublika bu nəqliyyat dəhlizilə yetərincə xammal dəstəyi göstərə biləcək. Eyni zaman da orda yaradılcaq yeni iqtisadi inkişaf konsepsiyasında özünə məxsus yer tutaraq bundan faydalanacaq:

"Əlavə qeyd etmək istədiyim daha bir məsələ bu nəqliyyat dəhlizinin Türkiyə vasitəsilə Naxçıvana verə biləcəyi fayda haqqındadır. Əvvəla ondan başlayım ki bu dəhliz Türk Dünyasının inteqrasiya problemlərinin həllində önəmli rol oynayacaqdır. Belə ki, Türkiyə Orta Asiya ölkələrinin iqtisadi sabitliyini dəstəkləsə də, iqtisadi əlaqələri genişləndirməyə çalışsa da qərb bu işdə Türkiyəyə maneə olmağa çalışmiş və Qarabağ faktorundan istifadə edərək Ermənistanı bufer zona kimi Türk dünyasını dekordinasiya etməyə çalışmışdı. Daha dəqiq desək, Türkiyənin Orta Asiyaya çıxışı Naxçıvan ərazisində qapadılırdı. Lakin Türk coğrafiyasında güclü və dərin inteqrasiya üçün dövlətlər arasında güclü bir iqtisadi asılılıq formalaşdırılmalı və bir-birilərinin bazarlarına çıxış əldə etməli idilər.

Türkiyənin 2019-cu ildə ümumi ixracının həcmi 171 milyard dollar, idxalı isə 200 milyard dollardan çox olmuşdu. Elə həmin il təkcə Rusiya ilə ticarət dövriyyəsi isə 22 milyard dollara çatsa da orta Asiya ölkələrilə ümumi ticarət həcmi isə cəmi 8.5 milyard dolları ötə bilməmişdir. Göründüyü kimi bu elə də qənaət bəxş edici rəqəm deyil. Deməli, barəsində danışdığımız bu nəqliyyat dəhlizi eyni zamanda Türkiyənin Orta Asiyaya çıxışını təmin etmiş olacaq. Bununlada təkcə ticarət dövriyyəsi deyil, böyük iqtisadi əlaqələr sistemi yaradılacaq. Qardaş ölkənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı isə qeyri-şərtsiz muxtar respublikanın iqtisadi inkişafına öz tövhəsini verəcəkdir. Türkiyə və Orta Asiya iqtisadi əlaqələrini ən əlverişli marşurutu üzərində olmaq Naxçıvanı bu axına qoşacaq".

Ekspert vurğulayıb ki, nəqliyyat dəhlizinin digər bir böyük faydası isə onun bütün dəhlizlərdə olduğu kimi ənənəvi faydası, yəni daşımaçılıq faydasıdır. Odur ki bu yol, istər yük, istərsə də sərnişin daşımaçılığı sahəsində kifayət qədər vacib əhəmiyyətə sahib olacaqdır. Sirr deyil ki, paytaxtımızdan və digər ərazilərimizdən Naxçıvan MR-a gediş-gəliş nə qədər zaman və maddi sərfiyyat hesabına başa gəlirdi. Lakin bu dəhliz yüklərə və insanlara həm ucuz, həm də qısa zamanda mənzil başında olmağa imkan verəcəkdir.
 

 





11.11.2020    çap et  çap et