525.Az

Rəngarəng ovqatlar şairi


 

Çingiz Əlioğlu barədə fəza düşüncələri

Rəngarəng ovqatlar şairi<b style="color:red"></b>

 

Çingiz Əlioğlu ilə söhbət etmək həmişə xoşdur. O özünəməxsus böyük bir şair olmaqla bərabər, dərin intellektə və geniş dünyagörüşünə malik bir adamdır. Hərdən zarafatla ona “Azərbaycanın Afanasi Nikitini” deyirəm. Məşhur rus səyyahı kimi, Çingiz  Əlioğlunun da həyatının çox hissəsi səyahətlərdə keçib. Şeirlərinin çoxu Yerlə-göyün arasında, təyyarə oturacaqlarında yaranıb. Yəqin bu onun taleyidir, çünki  həm türkdür, həm də vikinglər ölkəsi ilə ruhi bağlılıqları var. Türk və viking deyəndə isə ilk olaraq, ağla quruda və dənizdə  böyük məsafələri qət etmək istəyi gəlir. Çingiz isə məsafələr qət etmək sahəsində azərbaycanlı ədəbiyyatçılar arasında dünya rekordçusudur. Yollar onun taleyidir...

Allahın gözəl günlərinin birində, daha doğrusu 2013-cü ilin Milad gecəsində biz, yəni Çingiz Əlioğlu və mən Yer səthindən 10 min metr yüksəklikdə, Qazaxıstanın nəhayətsiz çölləri üzərində səyahət edirik. Astananın otuz dərəcəlik şaxtasında başlayan maraqlı müzakirələr təyyarənin bizness-klass salonunda da davam edir. Gözəl qazax stüardessalar başımıza fırlanırlar,  biz viski içirik, canımıza hopmuş ayaz  isə viskinin və odlu badam baxışların təsirindən yavaş-yavaş əriyir. Nəhəng təyyarə yal yelləyən  bir arqamaq təki şaxtalı istep üzərində irəliləyir, elə biz də atlardan danışırıq, əsrlər boyu öz nal izləriylə tarix yazan atlardan. At mövzusu hələ Astanada başlayıb və təyyarədə də səngimək bilmir, mövzu hər ikimizin ruhumuza çox yaxındır. Şübhəsiz ki, biz bir türk şairi olaraq atları çox sevirik, atçılıq mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Biz də bu barədə danışırıq, Azərbaycanda atçılıq təsərrüfatının məhvini ürək ağrısı ilə xatırlayırıq. Çingiz Əlioğlu əslən qarabağlıdır, mənə Qarabağ atları barədə bilgilərini nümayiş etdirir. Mən isə ona Qaraxanlıdan danışıram, 1947-ci ildə əmim Zal oğlu Məhəmməd atçılığın inkişafında xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adını almışdı, indi isə o kəndlərdə bir dənə də at tapammassan. At ölübsə, türkün ruhu da ölüb, demək sənin ölkəndə bir axmaq “sərdar cəlaloğlu” tapılacaq ki, qəhrəmanlığı xalqın faciəsi hesab etsin. Amma bu millət Cəlaloğluların yox, Əlioğluların millətidir, onun təhtəlşüurundan həmişə Koroğlu da, Qır at da doğulacaq. Çingiz müəllimin söhbəti də elə bu mövzudadır və biz bu  mövzunu bir neçə saat öncə Qazaxıstan Atçılıq Federasiyasının sədri Sidibek Tulegenlə birgə  başlamışdıq. O bir qazax yazıçısı olmaqla bərabər, həm də Azərbaycan şairi Çingiz Əlioğlunun dostudur. Sidibek murza bizə qazax qonaqpərvərliyini nümayiş etdirmək üçün dostluq adlı bir məfhumun bütün potensialını işə saldı, qısa  müddətli səyahət qrafikimizdə bizi müəyyən konyuktur gedişlər etməyə məcbur etdi. Bu təbiidir əlbəttə. Azərbaycanın böyük şairləri Astanaya hər gün gəlmir. Ümumən Astanada Çingiz Əlioğluna çox böyük hörmət var. Astanaya biz qısa müddətli səfərə getmişdik, orada tanınmış qazax yazıçısı və türkoloqu Nemət Kelimbetovun xatirəsinə həsr olunmuş konfrans keçirilirdi. Ölkənin bütün elmi və ədəbi elitasının qatıldığı konfransda Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqət o dəqiqə gözə dəyirdi. Çingiz Əlioğlu bu cəmiyyətdə çox məşhurdu və hətta şeirlərini əzbərdən bilən fanatları da var. Azərbaycanda Oljas Suleymenova göstərilən diqqət Qazaxıstanda Çingiz Əlioğlu və Elxan Zala göstərilir, mən bunu mübaliğəsiz deyirəm. Yəqin ki, hər şairin öz “Parnası”  var və heç kim öz elində peyğəmbər olmur. Məni daha çox Almatıda tanıyırlar, Astana ictimaiyyətinə isə orada daha məşhur olan Çingiz Əlioğlu təqdim etdi. Əsl şair genişliyi ilə. Yalnız böyük şair ondan xeyli cavan şairi cəmiyyətə belə təqdim edir. Çingiz Əlioğlunun böyüklüyünə isə, məncə, heç kim şübhə etmir. Özü də bunu Azərbaycandan daha çox xarici ölkələrdə hiss edirsən. Mən onunla bir neçə dəfə xarici ölkələrdə olmuşam və hamısında da təəssüratlarım eynidir – o həm də Azərbaycandan qıraqda çox sevilən şairdir. Heç bilmirəm bu gün Azərbaycanda neçə belə şair var. Nəzərə alsaq ki, o ənənəçi şair deyil, özünəməxsus üslubu, obraz sistemi, lüğət tərkibi var, şeirlərində assosiasiyalardan və alliterasiyadan geniş istifadə edir, yazıları sətiraltı mənalarla zəngindir, belə poeziyanı adətən geniş kütlənin birdən-birə qavraması çətin olur və belə şeirlər daha çox elitar bir qrup tərəfindən oxunur. Amma böyük şairin ustalığı ordadır ki, o yazdıqlarını elə bir enerji ilə yükləyir ki, oxucu onu anlamasa da duymaq istəyir və yaxud fəhm ilə anlamaq istəyir. Məsələn, Məhəmməd Füzulini anlayan çox az adam var, lakin onu hamı sevə-sevə oxuyur. Yaxud rus şairi Xlebnikovu. Belə şeiri ardağıl şeiri (zaumnaə pogziə) adlandırırlar. Yəni, bu gün ədəbiyyatda belə hesab olunur ki, poeziya ağılnan yox, fəhmlə qavranır. Məncə poeziyanın missiyası da elə budur, bəşərin fəhmini açmaq, onu inkişaf etdirmək. Albert Enşteyn deyirdi ki, elmi kəşflər ağılnan yox, fəhmlə əldə olunur. Tarixin böyük mədəniyyətləri də fəhmin yaratdığı mədəniyyətlərdir. Biz bu gün qədim Şumer, Misir, etrusk, Çin, yunan mədəniyyətləri kimi mədəniyyətləri ağılnan qavramaq iqtidarında deyilik, amma onları fəhmin gücü ilə dərk edirik, onun üzərində yeni mədəniyyət yaradırıq. Dostum Çingiz Əlioğlunun poeziyası da məhz fəhm poeziyasıdır. Amma onun yaratdıqları çoxsaylı obrazlar və elmi biliklərlə yüklənsə də, sənə elə gəlir ki, asan qavranılır, çünki mayasında bir gənclik təravəti var.  Ç. Əlioğlunun yetmiş yaşına qədəm qoyduğunu bilsəm də, onun şeirlərini oxuyarkən, mən onu həmişə gənc bir oğlan saymışam. Əgər poeziyada gənclik təravəti yoxdursa, demək bu poeziya deyil, sərsəm bir qocanın düşüncəsidir. Bir şey ilahidirsə o həmişə gəncdir...

 Mən Yer səthindən 10 min metr yüksəklikdə, gözəl bir Milad gecəsində ustadım və dostum Çingiz Əlioğlunun Qarabağ atları barədə söhbətini  dinləyə-dinləyə xəyalən onun ədəbiyyat fəzasında fırlanıram. Qazaxıstan fəzası kimi Əlioğlunun şeir fəzası da mənə çox doğmadır. Aramızdakı yaş fərqinə baxmayaraq, biz uzun illərdir ki, dostluq edirik, elədiyimiz söhbətlər bir neçə dastana sığar, amma nədənsə indi, buludların üstündə, Allaha nisbi yaxın bir məkanda, çoxsaylı Astana təəssüratları arasında mənim düşüncələrim onun şeir fəzasına yönəlib. Biz onunla başqalarını çox müzakirə etmişik, şairlərdən, rəssamlardan, bəstəkarlardan danışmışıq, bir-birimizə şeirlərimizi oxumuşuq, amma öz şeir fəzalarımıza səyahət ağlımıza gəlməyib. Yəqin ki, insan təbiəti belədir, böyüklüyü, qeyri adiliyi həmişə qıraqda axtarırsan, yanında olana isə sadəcə yaxın bir adam kimi baxırsan. Çünki görünməzlik qarşısında təzim insan oğlunun genetik kodundadır...

Astanada diaspor nümayəndələri ilə görüşdən sonra Çingiz Əlioğlunun “Diaspor” poemasını xatırladım. Gözəl şairimiz Səlim Babullaoğlu bu əsər barədə geniş bir yazı yazdığından, indi bu barədə geniş danışmaq istəmirəm, sadəcə diaspor nümayəndələrinin ona münasibətini görəndə, düşündüm ki, başqalarının sevgisini qazanmaq üçün gərək öncə özün sevməyi bacarasan. Ədəbiyyatda da yəqin ki, bir karma qanunu var, elədiklərin gec-tez qarşına çıxacaq. Çingiz Əlioğlu da bir şair-səyyah kimi, yurddan qıraqdakıların yaşadıqlarını öz içindən keçirərək kağız üzərində “daş bitik”lərə çevirir. Onun yaradıcılığı da daxili dünyası kimi çox rəngarəngdir, şeirlərindən və məqalələrindən dünyanın xəritəsini çızmaq olar. Onun şeirlərinin çoxu dünyanın müxtəlif guşələrindən gətirilmiş təəssürat toxumlarıdır, Çingiz abinin bağbanlıq qabiliyyəti onları Azərbaycan dilində çiçəklədib. Mən onun şeirlərini öz dilindən eşitməyi çox xoşlayıram, bu şeirlər onun səsi, intonasiyası ilə nə isə mistik bir bütövlük təşkil edir. Bir dəfə Türkiyədə onun şeirlə böyük bir auditoriyanı necə ovsunladığını gördüm. Biz Türkiyədə, Firat Universitetində şeir oxuyurduq, Çingiz Əlioğlu,  Zəlimxan Yaqub və mən. Zəlimxan Yaqubun necə alovlu şeir oxuması hamıya bəllidir, amma Çingiz Əlioğlunun şeir oxumasından sonra salona mistik bir sükut çökdü. Bu çox  böyük bir salon idi, burada Türkiyənin super müasir gəncliyi təmsil olunmuşdu, geyimləri kimi onların düşüncələri də Qərb mədəniyyətində diferensiallaşıb və bu uşaqlar azərbaycanlılara sadəcə bir çoban gözü ilə baxırdılar. Axı onlar, Nazim Hikməti, Kavafisi, Nerudanı, Anna Zaksı oxuyublar. Və birdən Azərbaycan şeirinin, yuxarıdan aşağı baxdıqları bir ölkənin şairinin sehrinə düşdülər. Çoban ölkəsi olan bir ölkənin, Azərbaycan adlı məmləkətin şairi onların qəlbinə girdi, onların təhtəlşüurunu tərpətdi. Məncə bu hiss Türkiyə cəmiyyətinin üstünlüyüdür, onlar yaxşını duymaq qabiliyyətini hələ ki, itirməyiblər. Sadəcə, keçmiş imperiya xalqı kimi, özlərindən daha güclü hesab etdiklərindən öyrənməyə çalışırlar, kiçik hesab etdiklərinə isə yuxarıdan aşağı baxmağı xoşlayırlar. Amma hesab edirəm ki, Avropanın heç bir Nobel laureatı bu məclisdə Çingiz Əlioğluna qalib gələsi deyildi. Söz və səs, bu günkü dünya şou biznesinin əsas gəlir mənbəyi, budur postmodern hakimiyyətin əsas silahı. Sadəcə axmaq sözlər insanı köləyə çevirir, ilahi sözlər isə insanı köləlikdən azad edir. Əlbəttə köləliyin tərənnümü  poeziyanın missiyası deyil, bunun üçün milyonlarla əli qələm tutan qaraguruhçu söz adamları var.  Çingiz  Əlioğlu isə işıqlı duyğular şairidir. O, ömrü boyu məmur həyatı yaşasa da, işıqlı duyğularla yaşayıb. Tarixdə məmur həyatı yaşayıb işıqlı əsərlər yaradan məmurlar az olmayıb, amma məncə bataqlıqda gül bitirməyin özü də böyük qəhrəmanlıqdır. Çünki ədəbiyyat həmişə dövlətdən yuxarı olub. Dövlətlər gəldi gedərdi, ədəbiyyat isə Adəm və Həvva xəlq olunandan bəri həmişə yaşayıb. Bəşər tarixi yalnız şahların qan içmə tarixi deyil, həm də millətlərin gözəllik yaratma tarixidir. Xeops məbədini qan içən hökmdarmı yaradıb, ya memar-şairmi? Biz min illiklər arxasından milyonlarla kölə sümüklərini yox, şairin yaratdığı ehramı seyr edirik. Çingiz Əlioğlunun “Qobustan” poeması var, bu poemanın içində bir ehram əzəməti gizlənir sanki. Ortalıqda azərbaycanlıların yaratdığı ehram olmasa da, bu ərazidə təbii bir ehram var ki, azərbaycanlı adlanan etnos ona sığınmağı özünə şərəf bilir. Bu şərəfin tərənnümünün özü də  elə asan iş deyil, çünki bu qayaların yaşı bilinmir, bəlkə də min ildir, bəlkə də milyon. O günlərə yalnız şair fəhmi ilə səyahət etmək olar.  Allah  Çingiz Əlioğluna böylə bir fəhm verib, o insanlıqdan öyrəndiyini insanlığa bir ayrı şəkildə qaytarmağı bacaranlardandır. Bizim bildiyimiz tarix də bəşəriyyətin seviş və savaş tarixidir. Amma bunların arasında da bir tarix var. Bu sakit qafaların tarixidir. Məncə Çingiz Əlioğlunun poeziyası sakit qafaların poeziyasıdır, dünya yalnız sevişdən və savaşdan ibarət deyil. Şəxsən mənim poeziyam əsasən seviş və savaşdan ibarətdir, amma dünya boyu bunların arasında da həyat olub. Həyat olubsa onun poeziyası da var. Çingiz Əlioğlu  yaşadığı həyatın poeziyasını yaradır şübhəsiz, onun həyat tərzi də bu dünya görüşünün tərkib hissəsidir. Məni onunla birləşdirən cəhətlər də  az deyil, eyni maraqlarımız da yetərincədir. Məsələn hər ikimiz Şopeni də sevirik, Fikrər Əmirovu da, hər ikimiz eyni rəsm əsərlərindən həzz alırıq. Sezan və Mone, Stravinski və Vivaldi, Svetayeva və Verlen, aşıq Ələsgər və Səlim Babullaoğlu... Siyahını çox uzatmaq olar. Sənət, sənətkarın ovqatını kökləyən bir ünsürdür, şeirin gözəlliyi isə ondadır ki, o müxtəlif ovqatlarda yazılır. Həm də müxtəlif insanlar tərəfindən. Daima eyni əsərləri oxumaq, eyni rəsmlərə baxmaq, eyni musiqini dinləmək nə qədər cansıxıcı olardı. Mən dostuma daima rəngarəng ovqatlar arzulayıram, qoy onun səfər gəmisi heç zaman mərcan rifinə dirənməsin.

 





10.02.2014    çap et  çap et