525.Az

Qalib Ali Baş Komandanın böyük qələbəsi - İsa Həbibbəylinin məqaləsi


 

Qalib Ali Baş Komandanın böyük qələbəsi - <b style="color:red">İsa Həbibbəylinin məqaləsi </b>

Gözün aydın, AZƏRBAYCAN!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük bacarıqla və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı.

Qalib Prezidentimiz və qüdrətli Ali Baş Komandanımızın 10 noyabr 2020-ci ildə, gecə saatlarına Azərbaycan xalqına və bütün dünyaya öz müraciəti ilə elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğmuşdur. Artıq Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdırılmış, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyulmuşdur. Bu, çoxəsrlik Azərbaycan tarixində təkrarolunmaz qələbədir. Bu, həm də 1924-cü ildə süni yolla elan olunmuş Dağlıq Qarabağın qondarma statusunun ləğv edilməsi deməkdir. Dağlıq Qarabağda heç bir xarakterik xüsusiyyətinə görə muxtariyyat qurumu yaradılması qanuni deyildir. Bu, vaxtilə İosif Stalinin ermənilərin mənafeyinə uyğun olaraq bolşevikcəsinə zorla qəbul etdirdiyi süni bir qərar idi. Azərbaycan əsgərinin qanı bahasına yenidən qazanılmış Qarabağda heç bir əlavə qurumun yaradılmasına yol verilməyəcəkdir.

Vətən müharibəsində Azərbaycan xalqının Böyük Qələbənin əsas ilhamçısı və təşkilatçısı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi on yeddi ildən artıq bir dövrdə ölkəmizin hərtərəfli surətdə inkişaf etdirilməsi və beynəlxalq aləmdə özünəlayiq yer tutması üçün sözün böyük mənasında əsl liderlik missiyasını dönmədən həyata keçirmişdir.  Müstəqil Azərbaycan dövlətinin böyük addımlarla irəliyə doğru inkişaf etməsi və ölkəmizdə xalqla rəhbər arasındakı möhkəm birliyin təmin olunması, dünyada rolumuzun və nüfuzumuzun artması yollarında həyata keçirdiyi uğurlu islahatlar, xalqımıza qazandırdığı möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin Böyük Liderlik missiyasını yüksək səviyyədə və dönmədən yerinə yetirdiyini beynəlxalq aləmin gözü qarşısında aydın surətdə nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev arzu etmədiyimiz, lakin torpaqlarımızı qaytarmaq naminə başqa yolumuzun qalmadığı üçün başladığımız Vətən müharibəsində möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik və qətiyyətli lider kimi, bütün sahələrdə olduğu kimi, hərb işinə də böyük bacarıqla rəhbərlik etməyin əsl nümunəsini göstərmişdir. Siyasi-ideoloji cəbhədə, informasiya müharibəsi aparmaqda və hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində nümayiş etdirdiyi qeyri-adi professionallıq və sarsılmaz iradə Azərbaycanın ədalətli Vətən müharibəsində qazandığı zəfərlərin möhkəm əsaslarını təşkil edir.  Prezident İlham Əliyevin Azərbaycanın Vətən müharibəsində xalqa müraciətləri və xarici ölkələrin müxtəlif televiziya kanallarına, informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələr özünün dərin siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərbərlik ruhu etibarilə ordulara bərabər güclü təsiredici imkanlara malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına 27 sentyabr 2020-ci il tarixdə etdiyi müraciət dövlət səviyyəsində müharibə anonsunun verilməsindən çox,  Dağlıq Qarabağ və ətraf torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ədalətli müharibədə vətənpərvərlik və Birlik nümayiş etdirməyə çağırışın ifadəsidir.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Vətən müharibəsində müstəqil dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrinin strategiyası və taktikasını müəyyən edən siyasi-hərbi tezislərdir.

Qüdrətli Dövlət başçısı və Qalib Ali Baş Komandanın müraciətləri sözün əsl mənasında Birlik, Vətənpərvərlik və Səfərbərlik dərsləridir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın müxtəlif qitələrinin, fərqli maraqlara malik olan ölkələrinin televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrlə Vətən müharibəsi proseslərində müstəqil dövlətimizin siyasi-hərbi mövqeyinin, haqq işinin, ədalətli mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə, beynəlxalq birliyə çatdıran aydın və sərrast bəyanatlardır.

Prezident  İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Dağlıq Qarabağda və ətrafında qədim torpaqlarımızın işğal edilməsinin səbəbləri və nəticələri, müstəqil dövlətimizin apardığı ədalətli mübarizənin əsas hədəflərinin real bəyannamələrindən ibarətdir. Bu bəyanatlar həm də dünya ictimaiyyətini Ermənistanın, xüsusən də Paşinyan hakimiyyəti dövründə hər cəhətdən iflasa uğraması, məğlubiyyətə məhkum olması haqqında məlumatların çatdırılması baxımından əhəmiyyətlidir.

İlham Əliyevin müsahibələri Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərli silah kimi səslənir.

Ali Baş Komandan İlham Əliyevin müraciətləri və müsahibələri Azərbaycanın hərbi strategiyası və taktikasının mükəmməl təlimidir.

İlham Əliyevin müraciətləri və müsahibələri çoxəsrlik Azərbaycan tarixinin keşməkeşli səhifələrinə aydınlıq gətirən, dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılan dərsləridir.

Azərbaycan xalqının Birlik və həmrəyliyi, qalibiyyət ruhu, yenilməzliyi Prezident İlham Əliyevin müraciətləri və müsahibələrində sərrast şəkildə öz əksini tapmışdır.

Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Qarabağ - Vətən müharibəsində qazanılan zəfərlər, işğaldan azad olmuş torpaqlarımız haqqında qələbə soraqlı ən mötəbər mənbələrdir.

Müsahibələr Prezident İlham Əliyevin geniş dünyagörüşə və hərtərəfli hazırlığa, dərin biliklərə və hazırcavablığa malik olduğunu canlı və əyani şəkildə nümayiş etdirir.

Postmüharibə dövründə müstəqil Azərbaycan dövlətinin hədəfləri və vəzifələri də Prezident İlham Əliyevin müsahibələrində öz əksini tapmışdır.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin müraciətləri və müsahibələri onun hərbi sərkərdəlik qabiliyyəti, müharibə dövrünün mürəkkəb proseslərini təhlil edib dəyərləndirmək, ən münasib çıxış yollarını müəyyən edərək rəhbərlik etmək məharətini də aydın surətdə nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycan tarixinə Qalib Ali Baş Komandan kimi daxil olur.

Vətən müharibəsində qazanılan Böyük Qələbə Prezident İlham Əliyevin Qarabağ uğrunda Vətən müharibəsindəki zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.

Bu, Ali Baş Komandan İlham Əliyevin Qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi öz möhürünü vurmuşdur.

Bu, Böyük Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur.

Bu, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir.

Bu, qüdrətli Ali Baş Komandan İlham Əliyevin dönməz vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun zəfəridir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza hər bir müraciəti Qarabağın qədim tarixə malik Azərbaycan torpağı olmasının, ölkəmizin haqq işinin və ədalətli mübarizəsinin tarixi və siyasi cəhətdən əsaslandırılmasına, əsl gerçəkliyin dünya ictimaiyyətinə çatdırılmasına uğurla xidmət edir.

* 9 oktyabr 2020-ci il - müharibədə ilk mühüm qələbə: Horadizin, Suqovuşanın və daha 8 yaşayış məskəninin işğaldan azad edilməsi

* 12 oktyabr 2020-ci il - Gəncədə dinc əhaliyə Ermənistan tərəfdən atəş açılması və açıq döyüşdə düşmən tərəfə layiqli cəzanın verilməsi

* 20 oktyabr 2020-ci il - Zəngilanın işğaldan azad edilməsi

* 26 oktyabr 2020-ci il - Qubadlının işğalına son qoyulması

* 8 noyabr 2020-ci il - Şuşa şəhərinin azad edilməsi. Böyük Qələbənin parolu

* Nəhayət, 10 noyabr 2020-ci il, gecə saat 05 müraciəti: Böyük Qələbə!!!

* Yazılsın tarixə qızıl bir xətlə, 2020-ci ilin 10 noyabr günü!!

Qüdrətli dövlət xadimi, Qalib Ali Baş Komandan İlham Əliyevi ürəkdən təbrik edirik. Azərbaycan xalqı, bütün ziyalılar əbədi olaraq Sizinlədir. Memarı olduğunuz Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində heykəl ucaltdınız.

 





11.11.2020    çap et  çap et