525.Az

Qadanı alım sənin! - Məhsəti Musadan yeni yazı


 

Qadanı alım sənin! - <b style="color:red">Məhsəti Musadan yeni yazı </b>

Bu, nə gözəl gündür. Bu, necə böyük sevincdir. İlahi, ürəklər köksünə sığmır.  Şuşanı görən də, görməyən də hönkürür, ağlayır, sevinclə qışqırır, rəqs edir... Evdə, yolda, mağazada... Heç kim çəkinmir hisslərini ifadə etməkdən. Heç kim "nə deyərlər" düşüncəsini yaxın buraxmır.

Hərdən gözümüzü yumub yenidən açdıq ki, bəlkə bu, yuxudur. Bəlkə 1992-ci ildən bu yana gördüyümüz yuxuların biri sadəcə bir az daha təsirli, daha inandırıcı olub. Amma yox. Hər dəfə gözümüzü açanda televiziya kanallarının sevinc dolu kadrlarını gördük. Sosial şəbəkələrdə söz əvəzinə ürəyini, ruhunu paylaşan, sevincindən özünə yer tapmayan, duyğularını daha aydın  ifadə etmək üçün yollar axtaran insanları gördük. Küçələrdən evlərə doldu avtomobillərin davamlı siqnalları, musiqi sədaları... İlahi, bu xalqın bələkdəki körpəsi də hiss etdi bu sevinci. Uşaqlar yaşlı adamlar kimi böyük fikirlər söylədilər. Yaşlılar uşaq kimi gözlənilməz hərəkətlərlə, şıltaqlıqla ifadə etdilər hisslərini. Amma hamısı o qədər içdən, o qədər səmimi idi ki, fərəh, fərəh, yalnız fərəh yaşandı. İlahi, bu xalq necə möhtəşəmdir. İlahi, bu birlik necə qürurvericidir, bu inam necə sarsılmazdır. İlahi, biz niyə özümüzü olduğumuz kimi tanımamışdıq? İlahi, bu hissləri  ifadə etməyə söz də, səs də yetərsizdir. Yaşamaq lazım imiş bunu, yaşamaq. Bu anı yaşayandan sonra nə zamansa, nədənsə şikayətlənməyə, gileylənməyə haqqımız çatacaqmı?

Şuşa! Azərbaycanın baş tacı Şuşa. Heç vaxt görmədiyim, amma fotolarına baxanda qoxusunu hiss etdiyim, havasını sinəmə çəkdiyim və bu qoxuya, bu doğmalığa həmişə təəccüb etdiyim Şuşa! Hardan idi bu tanışlıq? Hardan idi bu doğmalıq? Bilmirdim. Bir dəfə sosial şəbəkədə bu haqda  ümumi olaraq soruşdum, hərə bir fikir bildirdi. Bəziləri reinkarnasiya ilə əlaqələndirdi. Bəziləri Qarabağ ərazisində yaşamağımla... Bilmirəm nə idi, amma səni  sevməklə yanaşı,  səni görmədən  qoxunu hiss edən tək mən deyiləmmiş, Şuşam!  Sən əlçatmaz olduqca unudulmaq əvəzinə daha çox sevilibsənmiş. Ay həsrətinə son qoyulanım! Ay illər sonra  sinəsində  igidlərin nəfəsi duyulanım!

"Şuşa bizimdir!" sözləri elan olunandan bir az sonra evdəki balacalar oynayarkən, oğlum həmişəki kimi cığallıq edib bacısını incitmək istədi. 6 yaşlı qızın sözü məni daha da kövrəltdi:

- Mahmud, sən Allah bu gözəl gündə mənimlə işin olmasın.

Gəlinciyi qucağından düşməyən  bu qızcığaz da gözəl günün dadını çıxarmaq istəyirdi.

Yatmağa da ürək etmədik ey, həmin gecə. Günün bitməsi çox çətin gəlirdi adama. Axı ömrümüz boyu bu boyda sevinci birdən-birə yaşamamışdıq, görməmişdik...  Gözümüzü yumsaq onu itirəcəyimizdən qorxurduq.

Səhəri gün... İşdəyəm... Bu yazını hazırlayarkən gözüm pəncərəyə dikilir tez-tez. Günəşin qızılı rəngə boyayıb işıqlandırdığı meydanda kiçik yaşlı uşaqlar  əllərindəki  kiçik Azərbaycan bayraqları ilə yuxarı-aşağı qaçışırlar. Kəpənəklər kimi... Yıxılırlar, dururlar, üst-başları tozludur, kiçikdirlər, zərifdirlər, amma xoşbəxtdirlər. Bizim uşaqlıq illərimizdən fərqli olaraq məğlubiyyətlə barışıb boyunlarını bükməyə yox, qalibiyyətlə qucaqlaşıb səslərini göy üzünə çatdırmağa can atırlar...

Hər yer Azərbaycan bayrağı ilə bəzənib, insanların üzündən xoşbəxtlik tökülür, təbriklər qucaq-qucaq. Bu torpağın daş-kəsəyi, gül-çiçəyi, bapbalaca böcəyi də sevinc içindədir bu dəqiqə, bu an... Bütün dünya bizə heyran...  Bir neçə gün əvvəl üzü bozaran Günəş də fərəhlə gülümsəyir. Yer, göy sevinir qələbənə, gözəl Şuşam! Azadlığın nəğmə olub dillərdə gəzər, Şuşam!  Daha dumanlı deyil, çəkilib sisin, çənin, qadanı alım sənin!

 





11.11.2020    çap et  çap et