525.Az

Müstəqilliyə tələsən bayraq - Bələdçi


 

1989-CU İL MAY AYININ 28-DƏ QIZ QALASININ ÜZƏRİNDƏ DALĞALANDIRILMIŞ BAYRAQ

Müstəqilliyə tələsən bayraq - <b style="color:red">Bələdçi</b>

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinələrdir. Bu xəzinənin hər eksponatı dəyərlidir.

İstər hüquqi baxımdan, istərsə də mənəvi baxımdan, muzeydəki bütün eksponatlar muzeyin bir parçası, ayrılmaz hissəsidir. Ancaq elə eksponatlar var ki, muzeyə gələn hər ziyarətçidə maraq oyada bilir. Əlbəttə, eksponatın tamaşaçıya nə qədər maraqlı gələ biləcəyini təxmin etmək olmur. Çünki hər tamaşaçının maraq dairəsi müxtəlifdir.

Bizim "Bələdçi" rubrikasında söz açacağımız eksponatlar, qeyd etdiyimiz kimi, daha çox insanlarda maraq oyadan, daha geniş kütləyə xitab edən eksponatlardır. Məsələn, bu gün Azərbaycan İstiqlal Muzeyində nümayiş olunan "Müstəqilliyə tələsən bayraq" kimi.

Bu bayraq ilk baxışdan insanları təəccübləndirə, müxtəlif suallar yarada bilir. Yaranan bu sualların bir qisminə cavab tapmaq üçün İstiqlal Muzeyinin direktor əvəzi Sədi Mirseyidli ilə söhbətləşdik. 

***

- "Müstəqilliyə tələsən bayraq" haqqında nə bilirik?

- Bu bayraq 1989-cu il may ayının 28-də saat 11 radələrində Faiq Həsənov tərəfindən Qız qalasında dalğalandırılıb. Bildiyimiz kimi, sözügedən dövr xalqımızın milli oyanış dövrüdür. Xalq meydanlara axışır, mitinqlər keçirirdi. Faiq Həsənov da özünəməxsus bir etiraz aksiyası keçirməyə qərar verir. O, üçrəngli bayrağımızı 28 may günü Qız qalasının üzərində dalğalandırmaq üçün hazırlaşır. Bu işdə ona yaxın qohumu da kömək edir. Faiq Həsənov bayraq üçün parçanı alır, dərzi olan yaxın qohumu isə bayrağı tikir, ancaq tikilmə prosesi zamanı maraqlı bir hal baş verir. Komendant saatı hökm sürdüyü üçün dərzi işini gecə lampa işığında görür. Səhər açılanda isə məlum olur ki, qaranlıqda rənglərin yerini səhv salıb. Buna baxmayaraq, Faiq Həsənov fikrindən dönmür, sözügedən tarix, yəni may ayının 28-də bayrağı dalğalandırmaq üçün Qız qalasına çıxır. Bunu görən Sovet əsgərləri ondan dərhal bayrağı salmasını tələb edirlər, əks halda onu öldürəcəkləri ilə hədələsələr də, faydası olmur. Faiq Həsənov beləcə, öz arzusuna çatır.

- Faiq Həsənov haqqında nə bilirik?

- Faiq bəy türkçü, qəlbi daim vətən eşqi ilə döyünən vətənpərvər insanlardan idi. Vətən, yurd sevgisi ilə bağlı şeirlər yazırdı. Bayrağı dalğalandırmağa onu ruhlandıran Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri olub. Ən böyük arzularından biri bayrağımızın Qarabağda dalğalanması idi ki, təəssüf ki, bunu görmək ona qismət olmadı. 2016-cı ilin yayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

- Necə olub ki, bu bayraq İstiqlal Muzeyinə gəlib çıxıb?

-1995-ci ildə Faiq Həsənov şəxsən özü bayrağı İstiqlal Muzeyinə təhvil verib. Bu gün də muzeyimizdə nümayiş etdirilən bu bayraq ən maraqlı və dəyərli eksponatlarımızdan biridir.

- Bayrağın əlavə nüsxələri varmı?

- 2016-cı ildə Faiq bəylə olan söhbətimiz zamanı o demişdi ki, daha dörd nüsxə də mövcuddur. Həmin nüsxələr Azərbaycanın müxtəlif bölgələrinə göndərilib. Təəssüflər olsun ki, uzun sürən tədqiqat və axtarışlarımıza baxmayaraq, həmin nüsxələrin yerini müəyyən edə bilməmişik.

- Muzey ziyarətçilərinin diqqətini fərqli eksponatlar daha tez çəkir. Çox güman rəng sırasındakı fərqlilikdən dolayı bu eksponat da həmin siyahıya daxildir. Bu eksponatı görəndə ziyarətçilərin ilk reaksiyası necə olur?

- Çox vaxt ilk reaksiya təəccüblü olur. Çünki insanlar bayrağı bu rəng ardıcıllığı ilə görməyə öyrəşməyiblər. Ona görə də, bu, həm yerli, həm də xarici qonaqlarımızda müəyyən qədər çaşqınlıq yaradır. Əgər bu eksponat görkəmi ilə ziyarətçini özünə çəkirsə, hekayəsi ilə daha çox maraqlandırır. Bələdçilərimiz məlum hekayəni danışdıqdan sonra suallar öz cavabını tapır. Maraqlısı budur ki, hekayəni eşitdikdən sonra insanlarda bayrağa daha böyük sevgi yaranır, onlar bayrağa toxunmaq, onun haqqında daha çox şey öyrənmək istəyirlər.

- Bəs niyə məhz "Müstəqilliyə tələsən bayraq"?

- Bu ad bir növ bayrağın tikilmə prosesindəki tələskənliyin mahiyyətindən xəbər verir. Sanki bayraq da tələsir, müstəqilliyə tələsir, istiqlala tələsir.

Aytac SAHƏD

 





11.11.2020    çap et  çap et