Müharibəni sevinclə izləmək heç də xoş bir vəziyyət deyil, əlbəttə, amma bu günlərdə mən elə bu cür izləyirdim və nəticələri məni xoşbəxt edirdi. İllər öncə zülmlə işğal edilən Türk Yurdu Qarabağ müharibəsindən danışıram. Yandırdıqları, dağıtdıqları Türk torpaqlarında yarı-yarımçıq bir dövlət qurmaq xəyalına qapılmışdılar. O vaxtlar onlara görə zaman qətliam zamanı idi, bələkdəki körpələri, qadınları və bütün əhalini, hətta insanlığı, insanlığın qürurunu qətl etdilər. Qalanları da yurdsuz-yuvasız qalıb, yollara düşdülər.
Əslində, bu, onların ilk zülmü deyildi. Tarixin səhifələri onların xəyanətləriylə doludur.
“Bu vətən kimindir?”- deyə sual verir şair Orxan Şaiq Gökyay. Sonra da “Bu vətən torpağın qara bağrında sıra dağlar kimi yatanlarındır”- cavabını verir. Bax, Qarabağ da illər öncəsindən bu günə qədər uğrunda ölənlərindir. Bağrında sıra dağlar kimi yatanlarındır. Qarabağ Azərbaycanındır. Qarabağ Azərbaycandır!
İnsanın mübarizəsi ürəyi qədərdir. Torpağı, daşı vətən eləyən böyük ürəkli igidlər Bedrin, Çanaqqalanın aslanları kimi, şimşək kimi, atəş kimi zəfərlərə gedirlər. Bu zəfər xəbərlərini aldıqca qəlbim həyəcanla çırpınır. Cıdır düzündə xarı-bülbülü qoxlayırmış kimi gözlərimi yumub dərin-dərin nəfəs alıram. Xatirələrim məni Füzuliyə, Gecəgözlü kəndinə aparır. Nə gözəl gün idi o gün. Kənddə toy vardı. Tarlı, qarmonlu, nağaralı, musiqi şərbətindən içmişdik doyunca. Gəlin, bəyi şadlandırmışdıq. Sonra aradan keçən zamanda xainlər o cənnət bucağını əlimizdən almışdı. İnana bilməmişdim onda. “Necə ola bilər belə bir vəhşət? O gözəl qəlbli insanlar, o evlər, o yurd necə erməninin əlinə keçə bilər?”- deyərək vurnuxdum. Ağlım qəbul eləmədi, ürəyim sakitlik tapmadı. Hər düşündükcə qanıma toxundu. Ora bizimdir, bizim bayrağımızın orada yenidən dalğalanacağı inamımı heç itirmədim. İndi çox şükür edirəm. Oralar bizimdir daha və həmişəlik bizim qalacaq. Qəhrəman və güclü ordumuza, onlara komandanlıq edən Prezident İlham Əliyevə sonsuz zəfərlər diləyirəm. Əlimdən nə gələr, nə edə bilərəm, bilmirəm, amma yanlarında olduğumuzu bilməklərini istəyirəm.
Keçən il, yəni 2019-cu ildə gözəl, mədəni şəhərimiz olan Bakıda idim. Mikayıl Müşviqin hüznlü şeirlərini dalğalarıyla mənə oxuyan Xəzər könlümdə musiqi bəstələyirdi. Parkda oturduğum yerdən mən də səssizcə “Qal, sənə qurban” deyirdim. Sonra küləyin səsi sanki “Qarabağ Şikəstəsi”ni pıçıldadı qulağıma. “Ağlama, Dağlıq Qarabağ, Ağlama”- deyirdi. “Ağlama” deyirdi, amma mən burda ağlayırdım, Qarabağ da orda.
Heç bir zülm cavabsız qalmır. Onlar da cavabsız qalmayacaqdı.
Aradan bir il keçdi və mən yenə ağlayıram. Bu dəfə sevincdən, xoşbəxtlikdən ağlayıram. Gözüm, qulağım, ağlım, könlüm gələcək zəfər xəbərlərinə doymur. Gələn hər xoş xəbər mənə bayram sevinci yaşadır. Hamısını istəyirəm Qarabağın, dağını, daşını, bulağını, yolunu, otunu, çöpünü. Ora bizimdir. Ora Azərbaycandır.
Mən necə ağlayıramsa, sən də ağla, Qarabağ. Sevincdən ağla, coşğudan ağla, övladların gəldi, xoşbəxtlikdən ağla. Bağrında nazlı-nazlı dalğalanan bayrağına bax, ağla. Qovuşdun millətinə, tarını çal, ağla. Muğamın səsi yayılsın dağlara, qartal qolların açılsın yana, rəqs et, ağla. İndi sənin toy günündür, qara sazda “Yanıq Kərəmi” çal, ağla.
Ağla, Qarabağ, ağla, yaralı ürəyin dərman tapır. Şəhidlərin sinəndə şirin yuxudadır, onlara layla de, təkbir et, ağla.
Komputerin qarşısında bir neçə sətir yazmağa çalışarkən, dövlət kanalında yayımlanan xəbərləri qulağım aldı. Aparıcı ağlayaraq “Şuşa azad edildi”- dedi. Sevincdən qanad açıb uçmaq, Qarabağa qonmaq istədim. İçim içimə sığmır. Bədənim burdadır, qəlbim orda.
Xan Şuşinski sanki mənə “Bayram günüdür, qaldır qollarını”- deyir. Bu yazıya nə niyyətlə başladım, necə bitirirəm. Nə gözəldir, indi Şuşa sevinci var hər yanda. Coşğunluqdan susuram. Zəfərin həzzindəyəm.
Qaldırdım qollarımı...
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanlı.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.
Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.
Tərcümə: Şahanə MÜŞFİQ
çap et