525.Az

İzmir faciəsi - Aytac Aslan yazır


 

İzmir faciəsi - <b style="color:red">Aytac Aslan yazır </b> Gəncə və Bərdə terrorunun ardından qardaş ölkə Türkiyənin İzmir şəhərində zəlzələ baş verməsi xəbərini aldıq. Bu təbii fəlakət yüzlərlə can aldı. İzmir zəlzələsi neçə-neçə insanın xəyallarını yerlə bir etdi.

Bu zəlzələdə faciə ilə yanaşı, möcüzənin də şahidi olduq. 91 saat sonra burnu belə qanamadan dağıntıların altından çıxarılan Ayla hər kəsi təəccübləndirdi. Xilasedici Nurəddin Aksoy hadisəni belə izah edir:
 
"Adını soruşdum,  "yaxşısansa, əlini sallaya bilərsən" - dedim, əlini qaldırıb salladı".

Ayla və anası zəlzələ olmamışdan bir neçə dəqiqə əvvəl parkdan evə qayıdıb. 91 saat sonra kiçik Aylanın xilas edilməsinin ardından hər kəs anasının da sağ olduğunu düşünürdü. Amma təəssüf ki, xilasedicilər ananın cansız bədənini tapdılar. Onların dediyinə görə, Aylanın ilk istədiyi şey ayran olub. Həmin an təhlükəsizliyi üçün ona istədiklərini verməsələr də, sağlamlığından əmin olduqdan sonra Türkiyənin bir çox yerindən hər kəs ayran və yemək alaraq xəstəxananın qarşısına gəlib.

İzmir zəlzələsinin digər möcüzəsi isə 3 yaşlı Elif Perinçakdır. Anası və əkiz bacıları 23 saat sonra xilas olunsa da, Əlif tapılmamışdı. O, yalnız 65 saat sonra yaralı vəziyyətdə tapıldı. Xilasedicilər bildirirlər ki, zəlzələ zamanı Əlifin üzərinə düşən masa onun həyatda qalmasına kömək olub. Ondan böyük 7 yaşlı qardaşı isə, təəssüf ki, dünyasını dəyişib.

Yetkin insanların bir neçə saat sonra həyatını itirdiyi zəlzələdə Ayla və Əlifin sağ qalması hər kəs üçün möcüzə və digər insanların da sağ qaldığına bir ümid oldu. Bəlkə də, bu iki kiçik qızın sağ qalmalarına səbəb elə uşaq olmaları oldu. Fikir vermisinizsə, uşaqlar böyüklərə nəzərən daha güclü, dözümlü və qorxusuz olurlar. Bu, onların qorxunu və həyatı dərk etmədiklərindən də ola bilər. Həyatda qalmaq üçün illərdir mübarizə aparan, canının şirinliyini, ölümün acımasızlığını dərk edən insan həyatını əlindən alacaq təhlükə ilə üzləşdiyi zaman o qədər qorxu keçirir ki, ölüm qaçılmaz olur. Uşaqlarda isə bu, fərqlidir.
El arasında belə hadisələri açıqlamaq üçün "Allah qorudu", "Allah saxladı" kimi ifadələrdən də istifadə olunur. İzmir zəlzələsi bir daha sübut etdi ki, taleyində yazılan ölüm anı gəlməyənə qədər nə olur-olsun insan həyata tutunur, sağ qalır. Ölüm anı gəldiksə isə dünyanın ən təhlükəsiz yerində də olsaq, qurtula bilmirik. Əlif və Aylanı da sözün əsl mənasında Allah qorudu.

 





11.11.2020    çap et  çap et