525.Az

Salam, Şuşa... Yuxularımız çin oldu! - Şahanə Müşfiqin yazısı


 

Salam, Şuşa... Yuxularımız çin oldu! - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Anamın xatirələrindən tanıyıram Şuşanı. Ailəmizdə bu qala şəhəri görən tək adamdır o. Hələ körpə vaxtımızdan layla əvəzi, nağıl əvəzi Şuşanı danışardı bizə. Məktəbli ikən bir neçə dəfə səfər etdiyi Şuşada nə görmüşdüsə, heç unuda bilmir, hər fürsətdə eyni xatirələri təkrar-təkrar, bezmədən, usanmadan danışardı.

- Bax, "Şuşa" yazılan o böyük qala divarında dayınızın adı var...

- Topxana meşəsində çantalarımızı qoyub muzeyə, Vaqifin məqbərəsinə getdik...

- Şuşa çox yuxarıdadır. Ordan baxanda adamlar çox xırda görünürlər...

- Cıdır düzü, İsa bulağı... Cənnət idi Şuşa, cənnət...

Və sair... Və ilaxır... Anam hər dəfə yaddaş dəftərini vərəqlədikcə onun Şuşaya aid hissəsində mütləq "əl saxlar", dərindən köks ötürər, dəfələrlə dinlədiyimiz, amma heç doymadığımız xatirələrini yenidən tozlu səhifələr arasından "çıxarıb", tozunu silirmişcəsinə təzədən anladardı. Özü də fikir vermişdim, anam Şuşadan danışanda təmiz dəyişərdi. Gözləri parıldayar, sanki yeni bir can gələr, şövqlə, ucadan danışardı. Getdikcə də özü hiss eləmədən səsini qaldırardı. Elə hündürdən danışardı ki, sanki səsini uzaqlardan boynubükük, həsrətli Şuşaya yetirməyə, "bax, səndən danışıram, səni unutmuram, unutdurmuram" deməyə çalışırdı.

Anamdan sonra daha bir neçə nəfərdən dinləmişəm Şuşanı. Hamısının ortaq xüsusiyyəti Şuşanı cənnətə bənzətmələri və ondan danışarkən gözlərində yanan işıq idi. Sanki o, Şuşaya məxsus sehrli bir işıqdı, adı çəkilən kimi qonardı gözlərə.

Etiraf edim ki, Şuşadan danışan, onu görən hər kəsə içimdə qəribə bir həsəd hissi vardı. Onlara o qədər qibtə edərdim ki, nə bəxtəvərdilər e, Şuşanı görüblər. Gərək mən elə 1992-ci ilin noyabrında, Şuşanın işğalından 6 ay sonramı doğulaydım? Bəs birdən mən heç vaxt görə bilməsəm oraları? Bəs birdən Qarabağı, işğal altındakı torpaqları azad görməyə ömür vəfa eləməsə?

Çox suallar, çox təlaşlar vardı qəlbimdə. Yəqin buna görədir heç vaxt getmədiyim, görmədiyim Şuşanı dəfələrlə yuxumda ziyarət elədim. Həyatda gedə bilməməyimə üzülən ruhum, deyəsən, gecələr bir anlıq da olsa, Şuşaya aparırdı məni. Özü də hər dəfəsində Şuşanı yenicə azad olunmuş görürdüm. Amma buna baxmayaraq, yenə də cənnət məkan idi, yuxularımda da belə...

Müxtəlif zamanlarda üç dəfə təkrar gördüyüm bir yuxumda Şuşa yaşıl rəngdə idi. Özü də bizim gördüyümüz, tanıdığımız yaşıl deyil. Dumduru, saf, insanın içini aydınladan yaşıl. Bir şair dostumla o gözəl yerlərə ilk ayaq basanlardan biriymişik. Qəlbimdə o qədər böyük sevinc, fərəh vardı ki... Bir o qədər də təəccüblü idim: İlahi, buralar necə gözəldir?!

27 sentyabrda Azərbaycan Qarabağ uğrunda qərarlı və böyük müharibəsinə başlayandan bir neçə gün sonra, yavaş-yavaş torpaqlarımız azad olunmağa başladıqca bir gün həmin dostum mənə yazdı ki, deyəsən, yuxun çin olur axı, Şuşaya az qalıb. Dedim: "elədir, inanıram ki, biz oraya gedəcəyik, elə bu müharibədə Şuşa azad olunacaq". Dedim, amma içimdə yenə də təlaş vardı: birdən fələk biz deyəni deməsə?!

Amma bu dəfə uca Allah da biz tərəfdəydi, görünür.

Vətən Müharibəmizin 42-ci günündə - noyabrın 8-də hamımızın əlimiz ürəyimizin üstündə gözlədiyi o möhtəşəm xəbər gəldi. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev vətənimiz, müstəqilliyimiz, bayrağımız uğrunda canından keçmiş şəhidlərimizin ruhuna və xatirəsinə sonsuz sayğının təcəssümü kimi bütün Azərbaycan xalqının həyəcanla gözlədiyi o xəbəri məhz Şəhidlər Xiyabanından elan elədi: Şuşa şəhəri 28 il 6 aylıq zamandan sonra düşmən işğalından azad olunub!

Yaşım elə çox olmasa da, əminliklə deyirəm ki, Azərbaycan heç bir bayramı, heç bir özəl günü bu coşğuyla, bu sevinclə, bu birliklə qutlamamışdı. Şuşanın azadlığı təkcə ölkə daxilində deyil, ölkə xaricində yaşayan, o taylı, bu taylı soydaşlarımızın ortaq sevincinə, fəxarətinə çevrildi. Şəhid anaları "balamızın qanı yerdə qalmır" deyə şükür etdi, qazilərimiz qürurla başını dik tutdu, şuşalılar illərdir sandıqda saxladıqları evlərinin paslı açarlarını çıxarıb, öpüb alınlarına qoydular, xalqımız küçələrdəcə qol götürüb oynadı...

Bütün dünya mediası Şuşanın əsrarəngiz azadlığından, Azərbaycan əsgərinin misli görünməmiş rəşadətindən yazdı. Düşmənə qarşı texnikasız, üzbəüz döyüşlə qalib gələn, uca qayaları başına yağan gülləni, mərmini vecinə almadan dırmaşan, yarasını yoldaca bağlayıb düşmən üstünə bıçaqla, tapançayla, əliyalın hücuma gedən, yaralısını, şəhidini yolda qoymayıb, özüylə birgə Şuşaya çatdıran Azərbaycan oğullarından indi təkcə biz deyil, bütün dünya danışır. Və Azərbaycan sevdalısı hər kəsin dilində bir şüar səslənir:

Qədəmlərinə qurban, Azərbaycan əsgəri! Mətanətin, cəsarətin var olsun, Ali Baş Komandan! Müzəffərliyin pozulmasın, Ordumuz!

Qafqazın Konservatoriyası, Azərbaycanın və Şərqin mədəniyyət beşiyi Şuşanın dağlarından duman çəkildi artıq. Övladları yaralarını sarmağa qayıdır.

Xəbəri alan kimi boynuna sarılıb təbrik elədiyim anamın minlərlə azərbaycanlı kimi sevinc göz yaşları yanaqlarından axıb gülümsəyən dodaqlarını islatdı. İki gündür o, yenə də Şuşadan, orda gördüklərindən danışır. Bu dəfə gördüklərini bizə də göstərə biləcəyi inamı və sevinciylə.

Hər kəs deyirdi ki, Qarabağın ürəyi Şuşadır. O, azad olunarsa, zəfərimiz yaxındır. Elə də oldu! Şuşanın azadlığından cəmi bir gün sonra- 10 noyabrda Azərbaycanın Qarabağdakı tam qələbəsi elan olundu!

Yuxularımız çin, xəyallarımız gerçək oldu, Şuşa!

Gəlirik, Qarabağım!

Yuxularımızı çin edənlərə min alqış!

 

 





11.11.2020    çap et  çap et