525.Az

Üçrəngli sevgim! - Esse


 

İctimai televiziyanın efirində gedən “Bayraq sevgisi” sənədli filminin tarixi faktları əsasında

Üçrəngli sevgim! - <b style="color:red">Esse</b>

Etiraf etmək istəyirəm nə vaxtdır. Qəlbimdə dolub-daşan, içimə sığmayan, hər dəfə rastlaşdıqca gözlərimdən boylanan böyük bir sevgini nəql etmək istəyirəm. Mənim üçrəngli sevgimi... Dünyanın ən mavi səmasından, qürub Günəşinin qırmızısından, bir də yamyaşıl çəmənlərdən toxunmuş, üstünə hilal və ulduzun nəqş edildiyi üçrəngli sevgimin ünvanı bayraqdır – Azərbaycan bayrağı...

İlk dəfə onunla rastlaşanda məktəbdə oxuyurdum. Gözümün öyrəşdiyi, hər dəfə məktəbə girəndə qarşılaşdığım məxmər Sovet bayrağının ağır, ciddi görkəmindən sonra bu üçrəngli, aylı-ulduzlu bayraq nə qədər məsum, nə qədər doğma gəlmişdi mənə...

Elə bil, hardansa tanıyırdım. Sonra tez-tez qarşılaşırdıq onunla. Kitab səhifələrində, efirdə, küçədə, Şəhidlər xiyabanında... Artıq bilirdim ki, bayraq da himnimiz və gerbimiz kimi Azərbaycan dövlətinin rəsmi atributlarından biridir. Rənglərinin ardıcıllığını, mənalarını da əzbərlətmişdi müəllimlərimiz:
 
göy – türkçülük, qırmızı – suverenlik, yaşıl –İslam rəmzidir.

Amma böyüdükcə ona olan marağım kor-koranə sevgimə güc gəlirdi. Axı hardan çıxdı bu bayraq? Harda idi bunca zaman?.. Bu marağın ucundan tutub addım-addım öyrənməyə başladım bayrağımın tarixçəsini. O tarixçəni ki, səhifələdikcə şərəf və qürur yaşadır.  O tarixçəni ki, milli kimliyimizin pasportudur.
 
O tarixçə  9 noyabr 1918-ci ildən bu günlərə vətən fədailərinin çiynində keşməkeşli yollarla gəlib çatmış bir bayraqdan söz açır... Açığı mən də blmirdim. Bilmirdim ki, bir bayrağa görə insanlar nə cəzalar çəkib, 70 il nə qadağalar qoyulub, işğal edilən torpaqlardan, bombalanan evlərdən birinci bayraq çıxarılıb.

1918-ci il, iyun ayı idi. İlk müstəqil Azərbaycan bayrağının tarixi qədim şəhərimiz Gəncədən başlayırdı. Lakin mayın 28-də yaranmış müstəqil dövlətimizin ilk bayrağı aylı-ulduzlu olsa da, al qırmzı rəngdə idi. Eyni ilə Osmanlı imperiyasının 1844-cü ilinədək mövcud olmuş dövlət bayrağı kimi. Beləliklə, iyunun 21-də Gəncədə hökumət dövlət rəmzi olan bayraq haqqında belə bir qərar verdi:

"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin".

Türk ordusu və türk dövləti eyni ilə bu günlərimizdəki kimi yenicə müstəqilliyini bəyan etmiş Azərbaycanın yanında idi. Və Azərbaycan Demokratik Respublikasının ilkin bayrağının qədim türk bayrağının eynisi olması heç də təsadüfi deyildi. Bu seçimin kökündə qardaş ölkəyə olan doğmalıq və minnətdarlıq hissi vardı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti ilk addımlarını atırdı və dünya ölkələrinə öz müstəqilliyini sübut etməliydi. Bir tərəfdən də türk qoşunları ölkəmizi tərk etdikdən sonra Bakıya nəzarəti ələ keçirən ingilislər orijinal bayrağı belə olmayan Azəbaycanın müstəqilliyini tanımaq istəmirdilər. 

Elə ona görə də bir neçə ay sonra Türk bayrağına bənzər al bayraq yeni üçrəngli bayraqla əvəzləndi. Üçrəngli bayraq ideyası haqda müxtəlif versiyalar var. Əksər mənbələrdə göstərilir ki, bu fikir Əli bəy Hüseynzadədən qaynaqlanıb. Böyük ədib hələ 1907-ci il iyul ayının 10-da Bakıda nəşr etdiyi “Füyuzat” jurnalında yazırdı: "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı"...

Və çox güman ki, bu ifadələri yazarkən, elə bayrağımızın rənglərini vəsf edirdi. Başqa bir versiyaya görə isə üçrəngli bayraq ideyası 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri əslən azərbaycanlı olan Cəmaləddin Əfqanidən gəlirdi. Və Əli bəy özü də bu mütəfəkkirin fikirlərinə istinad edirdi. Əli bəyin bu ideyalarından ilhamlanan Türkiyənin məşhur ictimai xadimi, şair Ziya Göyalp isə yazırdı ki:
 
"Azərbaycan Respublikası o zaman bütün Şərqdə və Avropada ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır”.

Beləliklə, 1918-ci il 9 noyabr tarixində Nazirlər Şurasında- indiki Dövlət Neft Şirkətinin binasında müstəqil Azərbaycan bayrağı haqqında ikinci qərar qəbul edildi. Özü də Azərbaycan Xalq Cümhuriyyəti nazirlər şurasının sədri Fətəli xan Xoyskinin hesabatı əsasında. Qərarda deyilirdi:
 
“Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Lakin bayrağın rəng ardıcıllğı Əli bəy Hüseynzadənin irəli sürdüyü ilkin ideyadakından fərqlənirdi. Belə ki, Əli bəy göy, yaşıl və qırmızı rəng ardıcıllığını düzərək islamçılığı ikinci cərgəyə qoymuşdu. Lakin Məhəmməd Əmin Rəsulzadənin təsdiqlədiyi rəng ardıcıllığında birinci sırada türkçülük, ikinci sırada müasirlik, üçüncü sırada isə islamçılıq gəlirdi. 

1918-ci il, dekabrın 7-si indiki Əlyazmalar İnstitutunun binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Həmin gün Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk iclası reallaşırdı. Və elə bu tarixi məqamda Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılır. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə həmin yığıncaqda bayrağımız haqda dilər əzbəri olan məşhur cümləni səsləndirir:
 
“İştə bunun üçün, əfəndilər, müstəqil azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hüriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı təmsil edən bu üç boyalı bayraq daima başımızın üstündə ehtizaz edəcəkdir. Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir.”

Azərbaycan Xalq Cümhuriyyətinin bütün iclaslarını qeydə alan Üzeyir Hacıbəyov 1918-ci il, 9 dekabr tarixli “Azərbaycan” qəzetində həmin çıxışa toxunaraq yazırdı:
 
“Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə  bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

Üçrəngli bayraq tezliklə elə sevilir ki, bir çox mütəfəkkirlər, şair və yazarlar onu öz əsərlərində tərənnüm edirlər. Və üçrəngli bayraq obrazı əsərdən-əsərə keçərək xalqın şüurunda özünəməxsus yer qazanır. Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazır:

Bu ay, ulduz boyaların qurultayı nə demək?

Bizcə belə söyləmək.

Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı.

Yaşıl boya- islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı.

Bu al boya- azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

1919-cu ildə isə “Azərbaycan bayrağına” adlı şeir işıq üzü görür. Bu şeir də Azərbaycanın dövlət himnində “Üç rəngli bayrağınla məsud yaşa” misrasını yazan böyük şairimiz Əhməd Cavad qələmindən çıxmışdı:

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!

Elə odlu-alovlu şeirlərinə görə də Əhməd Cavad Sovet rejiminin repressiya alovunda yananlardan olur. Belə ki, 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən  istilası zamanı cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayır və bununla üçrəngli bayrağımız sancıldığı zirvələrdən endirilir. Yerinə rusun qırmızı bayrağı dalğalandırılır. İstiqlal şairəmiz Ümgülsüm 70 illik əsarət dönəmi yaşayan üçrəngli bayrağın endirilməyini ürək ağrısıyla belə vəsf edir:

Sən Bayrağım! O yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini sezdim mən.
Qoynundakı ağ nurlu ay-yıldızım sönərkən,
Üzərimə doğacaq güsnəşlərdən bezdim mən.

Beləliklə, üçrəngli bayraq hafizələrə, bir də qıfıllı sandıqlara həbs edilir. İnsanlar bayrağa olan sevgilərini indiki kimi açıq-aşikar nümayi etdirə bilmirlər. Amma rejimin sərt qanunlarına baxmadan, çəkinmədən mühacirətdə olan insanlar  bu bayrağı unudulmağa qoymur. Xaricdə nəşr etdikləri kitabların, jurnalların üzqabığına köçür bayraq. Və bayraq təsvirli kitblar gizli yollarla Azərbaycan ziylılarına ötürülür ki, vətəndə bu üç rəngin mahiyyəti unudulmasın. Unudulmur da...

1956-cı il, mayın 28-i teatr texnikumunun rejissor məzunu olan iki nəfər siyasi fəal - Cahid Hilaloğlu və Çingiz Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünü məxsusi qeyd etmək istəyir. Dostlar gizlicə üçrəngli bayraq hazırlayıb onu Qız Qalasının başında dalğalandırırlar. Lakin Kommunist hökumətinin onlara kəsdiyi cəza ağır olur. Cahid Hilaloğlunu həbs edərək antisovet təbliğat və təşviqatına görə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırırlar. Dostu Cingiz Abdulayev isə illərlə ruhi dispanserə qapadılır. Görünən o ki, tarixin ayrı-ayrı dönəmlərində bayraq sevgisini müxtəlif yollarla izhar edən ictimai-siyasi xadimlərlə yanaşı, sadə vətəndaşlar da meydana çıxır. 1980-cı illərin sonlarında isə üçrəngli bayraq milli azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlayır. Evlərdə bayrağın təsvirini verən qadağan edilmiş kitablara baxıb Azərbaycan xanımları üçrəngli bayraqlar tikir. Bu qədər fasilədən sonra milisdən gizli olaraq bayrağımız mitinqlərə gətirilir. V xalq ilk dəfə meydanda dalğalanan bayrağıyla göz-gözə gəlir. Nəhayət, ilk dəfə rəsmi şəkildə bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada qəbul olunur. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayır. Həmin tarxdən etibarən noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilir.

Bəli, hər gün rastlaşdığımız bayrağın belə çətin, sınaqlarla dolu bir həyat yolu olub. Amma bütün çətinliklərə rəğmən hər dönəm bayrağını sevən, hafizələrdə qoruyan vətən fədailəri olur. Bayrağımızı tikib pulsuz cəbhələrə paylayan lənkəranlı Mehman dərzi kimi... Qarabağ savaşı zamanı mənfur düşmənin bombaladığı evdən bayrağını çıxarıb qaçıran gəncəli Xəyyam kimi... Məsələ bu ki, sadə insanlar da dərk edirlər ki,  bayraq bir millətin siması, bir dövlətin vizit kartıdır. Və təsadüfi deyil ki, bu savaş və qalibiyyət günlərində bütün Azərbaycan fərqli bir bayraq sevgisi yaşayır. Çünki hər qalibiyyətimiz bu üç rənglə möhürlənirb, əvvəl gözümüzə, sonra beynimizə qələbə müjdəsi çatdırır...

Və nə yalan deyim? Üç gündür bayraq çiynimdən düşmür. 8 noyabr - Qarabağımızın gözü Şuşamız əsarətdən qurtulur. 9 noyabr – Bayraq bayramımızı qeyd edirik. 10 noyabr - düşmən üzərində qələbəmiz... Oğuz elində, üç gün-üç gecə toy-bayramdır, Karl. Mən çiynimdəki bayraqla qələbə sədaları altında Bakının mərkəzində addımlayıram. Nə görsəm yaxşıdır? Bakı bayraqdan don geyinib. Yer-göy bayraq adamlardır. Varlılar, kasıblar, cavanlar, uşaqlar, qadınlar, kişilər, sevənlər, sevilənlər – hamısı bayraq adam olub bugün. Bayraqlar ayaq açıb gəzir. Qanad açıb uçur gözlərim qarşısında. Və çiynimdəki üç rəngə baxdıqca mən də məsud olurdum. Və dilimdən biixtiyar bu cümlələr uçub dalğalnır: Bayraq – elə bizik! Mənim mənliyim, bizim kimliyimiz, birliyimizdir. Azərbaycan əsgəridir –bayraq! Cəng meydanında şəhidimin örpəyi, ən uca zirvədə dalğalanan qalibiyyətim, körpəmin azad gələcək simvoludur bayraq. İşıqlı sabaha inamım, şərəfli keçmişimdir. Müstəqil Azərbaycanımın haqq səsidir bayraq!

Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!

 

 





12.11.2020    çap et  çap et