525.Az

Vaqif Bəhmənlidən Rəşad Məcidə Şuşa təbriki


 

Vaqif Bəhmənlidən Rəşad Məcidə Şuşa təbriki<b style="color:red"></b>

Səni bağrıma basıram, gözün aydın, ay Rəşad! Vətənimiz azad olundu, Qarabağımız azad olundu! Ay Rəşad, Allah qismət eləsin, doluşaq bir yaxşı çəkən, güclü maşına, Füzulidən,  Cəbrayıldan, Zəngilandan, Qubadlıdan adlayaq, qalxaq Laçına, çataq sənin Qaragölünə - deyirdin ey, uşaqlığın orda keçib, bax oralara çataq...

Rəşad, bu saat xalqımızın qələbə büsatında hansısa bir dosta, qohum-qardaşa telefon açıb ona düşməyin özü bir xoşbəxlikdir. Yaxşı ki, sənə düşə bildim. Rəşad, qələbə xəbərini, Şuşanın alınması xəbərini Prezidentimizin dilindən eşidib ilk zəng elədiyim qardaş sənsən, biləsən. Deynən niyə birinci sənə zəng eləmişəm? Ona görə ki,  Qarabağın azadlığa qovuşmağında qələmini süngüyə, yaratdığı qəzetin səhifələrini döyüş meydanına, səngərə çevirən nadir ziyalılarımızdan, qələm əhlimizdən biri sənsən.

Bilirsən yadıma nə düşür? Müasirlərindən biri demişdi ki, Sabirin şeirləri İran inqilabına bir ordu qədər xidmət göstərib. Çox dəyərli fikirdi, eləmi? İran inqilabı tarixdə qalıb, amma Sabirin şeirləri hələ də xidmət göstərir. Niyə bunu deyirəm? Çünki, əziz qardaş,  sənin qəlbinin ən təmiz yeri, canın-qanın, gözünün nuru bahasına yaradıb-yaşatdığın “525-ci qəzet”, orjinal qəzetçilik baxımından bütün özəllikləri bir yana, 1992-ci ildən üzü bəri, ta bu günə kimi birinci səhifəsini, jurnalistlərin diliylə desək, manşet yazılarının 80, 90 faizini müqəddəs Qarabağ mövzusuna həsr eləyib. Təsadüf ola bilərmi belə bir ardıcıllıq? Azərbaycanın mətbuat tarixində yer almağa, alimlər tərəfindən araşdırılmağa layiq bu gösdərici sənin və redaksiya kollektivinin hər bir üzvü tərəfindən dərk olunmuş həqiqətdir! Amaldır, vicdan işidir... nə ad qoyuruq, qoyaq.

Rəşad,  “525-ci qəzet”in ən sadiq oxucularından biri kimi deyirəm, çox vaxt mənə belə gəlir ki, sizin qəzetin Qarabağ mövzusunu işıqlandırmaq missiyası 17 il ərzində Qarabağın azadlığı naminə qətiyyətlə çarpışan Ali Baş Komandan tərəfindən sizə verilmiş bir əmrdir və siz olu yerinə yetirirsiniz.

Təsəvvür elə, hər nömrədə Qarabağ, hər sayın manşeti, əsasən, Qarabağ.  İnan, qardaş, “525-ci qəzet”  Qarabağ  savaşına, Vətən müharibəmizdəki qələbəmizə ordu qədər olmasa da, xüsusi təyinatlı yenilməz batalyon qədər kömək eləyib. Sözümün canı budur  ki, bu şərəfli qələbə münasibəti ilə redaksiyalar arasında sənin və rəhbərlik elədiyin kollrktivin ilk sırada təbrik olunmağa haqqınız çatır.

Səni bir də bağrıma basıram, səni azad Qarabağ  torpağı kimi qucaqlayıram. Yorulmaq olmaz, çünki Ali Baş Komandan İlham Əliyev ikinci əmrini verdi, söylədi ki, Qarabağ silahdan, sursatdan, qan-qadadan, düşmənlərdən, xainlərdən təmizlənəcək, Qarabağa yollar çəkiləcək, Qarabağ yenidən inşa olunacaq, qurulacaq, Qarabağın 30 il intizar, çilə çəkən övladları müqəddəs yurda qayıdacaqlar. Demək, qardaş, gör hələ innən sonra yazmağa nə qədər söz var!

 





12.11.2020    çap et  çap et