525.Az

Çox yaraşır bizə zəfər sevinci - Türkan Hüseynlidən yeni yazı


 

Çox yaraşır bizə zəfər sevinci - <b style="color:red">Türkan Hüseynlidən yeni yazı</b>

27 sentyabrda Qarabağ uğrunda ikinci böyük savaşımız başlananda ilk yazımı "Növbəti yazımız Qarabağın işğaldan azad olması diləyilə" kimi ülvi bir diləklə qələmə almışdım. Bu yazı da həmin o növbəti yazıdır. Tarixi günə həsr olunan qələbə yazısı.

"Qarabağ Azərbaycandır" fikrinin rəmziləşdirdiyimiz mütləq zəfərinin tarixi bayram günündə - 10 Noyabrda yazıram bu sətirləri. Qələbəylə zəfərin birləşdiyi çağdır. Və ən nəhayət 28 ildən bəri "Qarabağ Azərbaycandır!" təsdiqini dünyaya bəyan etməyə çalışdığını, 44 gündə başlayan azadlıq mübarizəsində ədalətli, mətanətli, güclü, dəyanətli mübarizəsi ilə bəyan etdiyi gündür.

28 il idi ki, hər şey əleyhimizəydi. Beynəlxalq dəstək, beynəlxalq baxışlar daxil. Dünya dövlətlərinin ehtirasları öz boylarını aşmışdı, axın eləmişdi beynəlxalq arenaya. Burunlarının dikinə gedən acgöz ermənilər qondarma Qarabağ yaratmışdılar illərdir. Bu yalanın üstündə oturmuşdular, sərxoş olmuşdular, təlxəklik edib murdar ayaqları ilə hələ bir müqəddəs dağlarımızda rəqs etmişdilər. Gerçəklərdən uzaq bir dövlət düzəltmişdilər uşaqcasına. Tarixi, mənsubiyyəti olmayan bir dövlət... Qondarma və plansız bir dövlət. İllərdir, məsələnin həlli yolunda atdığın addımların real nəticələrini görə bilmirdik. Təklənmişdik. Boğulmuşdu haqq səsimiz. Ədalət çağırışımız da beynəlxalq aləmə çatmırdı. Çünki hiyləgər düşmənə tuş gəlmişdik. Düşmənlər 30 ildə gedişatı saxtakarlıqla dəyişməyə səy göstərsələr də, hər çirkin yola əl atsalar da, tarixi gerçəklikləri dəyişə bilmədilər.

Mübarizədə təklənən Azərbaycan, Sən, necə də dik durdun! Mərd durdun. Üzərinə gələnlər, səni borclu çıxaranlara qarşı hər zaman ədalətin bərqərar olacağını bilirdin. Çünki bu duruş da haqq duruşu idi. Bu səs də türkün səsi, haqqın səsi idi. Haqq səsini nə qədər yayındırmaq, boğmaq olardı? Olmazdı. Geci-tezi vardı. Bu günləri babalarımız, nənələrimiz şəhid anaları, öz doğma yurd-yuvasından didərgin düşən həmvətənlərim arzulayırdı illərdi hər bayramda,  ən xoş günlərimizdə "Gün o gün olsun Qarabağ işğaldan azad olsun, orada bayraq sancaq, tarixi günlərimizi orda qeyd edək!", ən zirvə arzumuz olmuşdu. "Şəhidlərin qanını yerdə qoymayacağıq" bizim ən ümdə istəyimizə çevrilmişdi.

Vaxtilə Vətənimizdən zorla qoparılan torpaqları dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti, igid oğulların qanıyla yenidən birləşdirdik, yenidən yazdıq. O oğullar ki, müharibədə canlarını fəda etdilər, sona qədər mübarizə aparıb yumruğu ilə qazandılar zəfərli  qələbəmizi. Naxçıvanın blokadasını yardıq. Naxçıvanın ayrılığına son qoyduq. Bütünləşdik. Bu gün bizə həsrət qalan bu torpaqlarda bayrağımız da daha məğrur dalğalanır. Daha vüqarla dalğalanır. Torpaqlarımızın azad olunmasına sevinərək bir az da ürəkədən həmrəy oluruq, sevincimizi bölüşürük. Bu gün Şuşanın dağları əl-ələ verib "Başını dik tut, Vətən torpağı - sən qalibsən!", Kəlbəcərin yamacları "Səsi gəlir Qələbənin!", Laçın yolu "Blokada yarılır, Azərbaycan birləşir!", Zəngilan çinarları "Bu nə gözəl sevinc müjdəsinin rəngidir!" hayqırır. Füzulinin düzləri  "İllərin yığışan həsrət sevinci zəfərlərlə yuyulur", Cəbrayılın çağlayan səmaları "Şəhidlərin ucalan ruhu səmalarda fəxr edir", Naxçıvan qucaq açıb Anamız Azərbaycanla qol-boyun olur!

Və bu şanlı tariximizə imza atan böyük sərkərdəmiz Ali Baş Komandan cənab İlham Əliyev gecə saatlarında zəfər qələbəsini xalqına müraciət edərək çatdırdı: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Artıq vikipediya məlumatlarında, gündəliklərin səhifələrindəki işğal tarixlərimiz azadlıq tarixləri ilə əvəz olunur. Qaçqınlar, məcburi köçkünlər bu ifadədən qurtulur. Bu sevincin həyəcanı o qədər gözəldir ki, bu gün hər kəs qələbə yürüşünə qatılıb üçrəngli bayrağımızı dalğalandırır, "Qarabağ Azərbaycandır" şüarını səsləndirir. 28 ildir həsrətində olduğu xəbəri eşidir. Milyonların gözlədiyi o möhtəşəm, əfsanə xəbər ruhumuzu dirçəltdi, Ermənistan təslim oldu. Müharibənin gedişatında millət olaraq kimliyimizin fərqinə varmayanlara mənliyimizi, kimliyimizi sübut etdik. Qeyrətimizi, qüdrətimizi dünyaya göstərmiş olduq.

Qələbəmiz mübarək! Zəfərimiz mübarək! Azadlaşan, müstəqilləşən, bizə yenidən birləşən torpaqlarımız, qayıdışın mübarək! Qarabağ Azərbaycandır!

 





12.11.2020    çap et  çap et