525.Az

Müharibə və sənət - Esse


 

Müharibə və sənət - <b style="color:red">Esse</b>

İkinci Qarabağ müharibəsi başlayandan bəri, döyüşün sirayət etmədiyi heç bir sənət sahəsi qalmayıb. İstənilən sənət sahəsi öz imkanları daxilində, müharibəyə töhfə verməyə çalışdı. Əslində, bu, bir az ziddiyyətli məsələdir. Bu abzasa bir də sonda qayıdacağam. İndi ziddiyyəti aydınlaşdırmaq lazımdır (Yazmaq məsuliyyəti belədir. Mövzu dəyişdi, yeni yol açıldı, gərək onu izləyəsən).

Sənət və müharibə ayrı-ayrı qütblərdir. Sözdə bu, belədir,  bəs əməldə? Gəlin baxaq.

Sənət deyəndə nə düşünürük? Mən çoxlu al-əlvan rənglər təsəvvür edirəm. Hər yerdə tabloda, qranitdə, hətta səhifədə də. Sənət mənim nəzərimdə işıq saçır, parlayır. Ətrafı nura boyayır. Müharibəylə isə təzad təşkil edir. Amma müharibə ilə sənət arasında əsrarəngiz bir harmoniya da var, biri (müharibə) digərini (sənəti) bəsləyir. Dövrümüzün məşhur nasirlərindən, vətənsiz Milan Kundera bu harmoniyanı belə izah edir: 

"Pikasso fenomeni peyda olması və İkinci Cahan savaşının baş verməsi arasında bir əlaqə var".

Müharibə sənəti yeni pilləyə qaldırır, onun imkanlarını genişləndirir. Bütün bir yaradıcılığın motivi olur. Bu yerdə, külliyyatının böyük bir hissəsini müharibə mövzusunda əsərlər tutan yazıçıları xatırlamaq istəyirəm. Bu yazarların ən uğurlu əsərləri birbaşa müharibə ilə bağlıdır.

Başlayaq Ernest Heminqueyden. Yazıçı Birinci Dünya müharibəsində təcili yardım sürücüsü kimi çalışmış, müharibə ərzindəki müşahidələri əsasında "Əlvida, silah" adlı bir roman yazmışdı. Yazıçının hərbi jurnalist kimi fəaliyyət göstərdiyi İspaniya vətəndaş müharibəsi onun yaradıcılığında dərin izlər buraxmışdı. Okeanın o tayından Pireneyə gələn Heminquey ispan həyat tərzini və mübarizə eşqini "Əcəl zəngi" romanında əks etdirmişdi.

Birinci Dünya müharibəsinin digər bir iştirakçısı isə Erix Maria Remark olub. Piyada qoşunları əsgəri olan Remark bəşəriyyətin gördüyü ilk dünya müharibəsində yaşadıqlarını sonradan müharibə trilogiyası adlanacaq əsərlərinin ilki olan "Qərb cəbhəsində təbəddülat yoxdur" adlı romanında qələmə almışdı (Digərləri "Üç yoldaş və Zəfər tağı").

"1984" və "Heyvanıstan" əsərləri ilə xatırlanan Corc Oruell də öz vətənindən uzaqda, İspaniyada vətəndaş müharibəsində iştirak etmiş, yaralanandək respublikaçılar tərəfində vuruşmuşdu. Yazıçı İspaniya xatırələrini "Kataloniyaya məhəbbətlə" adlı sənədli romanında qeydə almışdı.

Hələ unutmadığımız və dünyaya faşizm bəlasını urcah edən İkinci Dünya müharibəsi də bədii ədəbiyyata öz "xeyrini" vermişdi. Son dünya müharibəsində iştirak edən amerikalı Cerom Devid Selincer müharibədə quru qoşunları sırasında vuruşmuş Berlinə qədər döyüşmüşdü. Yaradıcılığında müharibə mövzusuna kifayət qədər yer verən Selincər "Banan balığının asan ovlanan günü" adlı qısa hekayəsində müharibə dəhşətlərinin yaratdığı psixoloji sarsıntıların nələrə səbəb olacağını göstərmiş, uzaq Avropada döyüşən amerikalı əsgərin vətənə qayıtdıqdakı vəziyyətini oxuculara çatdırmışdı. Bundan başqa, başı bəlalı "Covdarlıqda uçurumdan qoruyan" adlı romanında da yazıçının müharibə ab-havasından çıxmadığı Holdenin monoloqlarında özünü göstərir.

Müharibə və sənət arasında başqa bir əlaqə də var. Bunda isə təsir edən tərəf sənətdir. Sənət müharibəni unutdurur, yaraları sarıyır, müharibədən dağılan ölkəni yenidən yaradır. 

Ədəbiyyatın, ümumən, sənətin missiyası həmişə müharibənin dəhşətlərini göstərmək, onu unutdurmaqdır. Ciddi sənət müharibə lehinə çıxış edə bilməz. Müharibə sənəti "bəsləyə" bilər, amma sənət müharibəyə səsləməməlidir. Lakin sənətçi vətəndaş mövqeyini sənətin bəşəriliyi altında gizlədə və bu məsuliyyətdən boyun qaçıra da bilməz. Bu son cümləni elə belə yazmadım...

İlk abzasa indi qayıda bilərik. Artıq başa çatmaqda olan İkinci Qarabağ müharibəsinə hər bir sənət sahəsi öz töhfəsini verməyə çalışır. Yazıçılar, şairlər, filosoflar və digər sənət adamları öz imkanları daxilində müharibə, qələbə mövzulu yazılar yazır, çıxışlar edir, haqq mübarizəmizi bədiiləşdirirlər. Hərçənd, ölkəmizdə yaşayan bir qrup insanlar sosial şəbəkələrdə sənətçinin müharibəyə reaksiyası mövzusunda elə bəzi sənətçilərin özləri ilə razılaşmırlar, o bir qrup insanların içində özünü ədəbiyyata, sənətə aid edənlər də var. Onlara görə, "yazıçılar, şairlər, filosoflar hər şəraitdə müharibənin əleyhinə olmalıdırlar".

Bu, yanlış fikirdir. Bu o deməkdir ki, elə adamlar və ya "sənətçilər"  mətni, şeir, düşüncəni tamam başqa yerdə axtarırlar. Yazıçı öz bəşəriliyini, sənətə sədaqətini öz əsərində göstərə bilibsə, sənətçidir, yox, əgər sənətin "sülh çətiri" altında gizlənirsə, gerçək bəşəri əsərlər yazmaq əvəzinə, pafoslu "müharibəyə yox!" şüarı ilə özünü sənətçi kimi qələmə vermək istəyirsə, o, sənətçi deyil, "diqqət xəstəsi"dir. Yazıçı, şair, filosof yazarkən, düşünərkən yazıçıdır, şairdir, filosofdur. Yazı masasının arxasından qalxdıqda isə onlar vətəndaşdırlar. Ata-baba torpaqları işğaldadırsa, onlar qaçqındırlar. Hesab edirəm ki, sənəti kitabda və digər sənət obyektlərində axtarmaq lazımdır. Bizim kimi coğrafi taleyi olan ölkələrin şairləri, yazıçıları, filosofları isə artıq sənətin də, döyüşün də yerini bilməlidirlər. Elə vətəndaşlar da.

 





13.11.2020    çap et  çap et