525.Az

Qayıdış - Hekayə


 

Qayıdış - <b style="color:red">Hekayə </b>

Magistral yolla günçıxana doğru sürət götürən mikroavtobusun içərisindəki sərnişinlər, sanki bir-birinin diqqətini yayındırmamaq xətrinə sükut içərisində ətrafda gördüklərini gözlərinin yaddaşına hopdurmaq  istəyirdilər.

Yol kənarındakı daşı-daş üstə qalmayan, dağıdılmış yurd yerlərini görən sərnişinlərin üzlərindəki sevinc və kədər sanki donmuşdur. Mikroavtobusun ön şüşəsinin arxasındakı dördkünc lövhəyə "Bakı-Şuşa" yazılmışdı. Üç yolun ayrıcında mikroavtobus ləngər vurub dayandı. Sərnişinlər diksinib xəyal aləmindən ayıldılar. Sürücü geri dönüb:

- Dayı, bu da sizin kəndiniz.

- Çox sağ ol, ay bala!

Sürücü təbəssüm dolu sifətlə:

- Dayı, lənətə gəlmiş ermənilər bu kəndi viranə qoyublar. Sən bu cəngəllikdə kimi axtarırsan?

- Yurd yerini, ay bala! Yolun açıq olsun!

Mikroavtobusdan düşən qoca dərindən nəfəs aldı:

- Oxxay...  Sənin  havandan harda var?

Qoca istədi hayqırsın, ancaq nə düşündüsə, bu istəyindən vaz keçdi. Eləcə ürəyindən keçən bir istəyi dilinə gətirdi:

- Şükürlər olsun sənə, ey böyük Yaradan, ölmədim, doğma yurdu yenə gördüm!

Birdən qocanın gözü torpaq altında qalan yol göstəricisinə dikildi. Dodaqaltı erməninin atasını min dəfə söyüşlə sərib-suladıqdan sonra, çətinliklə də olsa yol göstəricisini torpaq altından çıxardıb yerinə qoyub dibin bərkitdi. Sonradan yerdən qopardığı otlarla göstərici lövhənin üzərindəki yazıları silib təmizlədi. Dodaqaltı oxla istiqamətləndirilən yazıları oxudu!

- Zəngilan! Qubadlı! Şuşa!

İçərisindən gələn bir səs, onu həsrətində olduğu kəhrizə səslədi.

- Gedim bir doyunca kəhrizimizin suyundan içim, ürəyim yerinə gəlsin!

Kəhrizə çatanda gözlərinə inanmadı, kəhrizin su gələn gözləri qupquru idi. Bir gözündən düşən damcılar özünə balaca bir yuva  açmışdı. Qoca əlini nəm daşa çəkib dodaqlarına sürtdü, gözləri yaşla doldu. Ürəyi az qaldı dayansın, özü də bilmədən əli kəhrizin betondan tökülən divarına toxundu. Qocanın üzünə təbəssüm qondu. Tez ətrafa səpələnmiş qəlpə parçasından birini götürüb kəhrizin gözünü eşməyə başladı. Nəhayət ki, qabarlı əlləri ilə su gələn gözün birini açdı. Sonra ikincisini, üçüncüsünü, dördüncüsünü açdı. Suyun şırıltısı ətrafa yayıldı. Sanki həyat qocanın üzünə güldü. Suyu üz-gözünə vuraraq - ax gözünə döndüyüm ax, sən həyatsan, ax ki, bu kənd adamları gəlib sənə sahib çıxsınlar! Yenə həyat qaynasın, həyət-baxça gül-çiçək açsın! Qoca sərin su sevinci yaşadığı məqamda birdən sanki hiss elədi ki, arxasında kimsə var! Dönmək istədikdə gözünə sanki rəhmətlik atası göründü. Qulağına bir səs gəldi:

- Oğul, o sudan bir ovuc mənə verə bilərsənmi?

Qocanı buz kimi suda, isti tər basdı.

- Bismillahirrahmanirrahim, Əstəğfürullah!

Suyu ovuclayıb üzünə vurdu, bir ovuc da suyu horultu ilə içib, gözünü qorxa-qorxa arxaya çevirdi. Heç kəsi görmədi. Yadına atasının son nəfəsində ondan istədiyi bir arzusu düşdü.

- Oğul, mənə bir ovuc bizim kəhrizin suyundan gətirə bilərsən?

Onda bu istəyin qarşısında onu əhatə edən oğul-qız donub qaldı! Göz yaşları həmin anda bir ovuc kəhriz suyunu əvəz edə bilmədi!

Qoca nə düşündüsə, ayağa durub ətrafa göz gəzdirməyə başladı. Kol dibində olan boş butulkanı götürüb kəhrizin suyu ilə yuyub pak elədi. Sonra da butulkanı su ilə doldurub, sırıqlısının döş cibinə qoydu. Öz-özünə dedi:

- Gərək bu suyu aparıb kişinin qəbrinə tökəm, ruhu şad olsun! Eh Allahım, nə qədər insanın gözü son nəfəsdə yurd yerinin torpağında, suyunda qalıb! İndi yəqin, torpaqlarımız düşmən tapdağından azad olunduğu gündən onların da narahat ruhları rahatlıq tapıb sevinirlər!

Qoca keçmiş günlərinə elə qapılmışdı ki, ayağının onu hara apardığını heç özü də bilmirdi. Ancaq ayaq üçün doğma olan yol onu uşaqlığının-gəncliyinin keçdiyi yolla aparırdı. Birdən qocanın qulağına məktəb zənginin səsi gəldi. Uşaqların səs-küyü, növbətçi müəllimin - ay uşaq dərs başlayıb sinifə, - sözləri qulağında elə səsləndi ki, diksinib özünə gələndə özünü uçub dağılmış məktəblərinin qarşısında gördü. Top-tüfəng, raket qəlpələrinə tuş gələn məktəbin divarları dəlmə-deşik edilmişdi. Ətrafa tökülmüş divar daşları sanki sahibsizlikdən xəcalət çəkirdi. Qoca ətrafa dağılmış daşları səliqə ilə bir yerə topladı. İçində öz-özünə tezliklə adamlarımız dönüb gələcək, uşaqlar da məktəbə getməli olacaqlar. Bax onda bu daşlar əldən tutacaq. Dərindən nəfəs alan Qoca, məktəbdən aşağı yola düşəndə  el ağsaqqalı  İslam kişinin, Allahverdi kişinin, Mürvət kişinin ikimərtəbəli evlərindən heç bir nişanə qalmadığını gördü. Özündən asılı olmayaraq qışqırdı:

- Ey-hey, Mehrəliyevlər hardasınız?

Birdən hardansa Qocanın qulağına, İslam oğlu Əlinin şaqqanaq gülüşü gəldi!

- Gəlirik, Qoca dayı,  o evləri bir də tikəciyik!

Qoca öz-özünə deyinə-deyinə:-  gəlin də, torpağın, suyun, havanın gözü yoldadı.

Qoca başını qaldıranda özünü Haqverdi kişinin dağılmış yurdunda gördü. Yadına bu həyətdəki qollu-budaqlı tut ağacı düşdü. Tut yetişəndə rəhmətlik Haqverdi kişi məhəllə uşaqlarını haylayıb çıxardardı ağaca, hər budaqda bir uşaq həm yeyərdilər tutdan, həm də çırpıb tökərdilər yerə sərilən çadıra! O xoşbəxt anlar sanki dünən olmuşdu. İndi isə bu tut ağacından bir kötük qalmışdı.

Qocanın dilindən tut ağacını kəsənlərin ünvanına uzunlama bir söyüş yağdırıldı.

- Ay şərəfsizlər, adam olan kəs tut ağacına balta qaldırar?! Ağacın ki, milləti yoxdu, öldürəsən! Kölgəsində oturarsan, meyvəsindən yeyərsən, nədi axı bu ağacın günahı?!

Qocaya elə gəldi ki, bu tut ağacına balta çalan dığa, onun uşaqlığına balta çalmışdı. Başını yelləyib üzü- aşağı getməyə başladı. Kəndarası yol kol-kos basdığından cığıra dönmüşdü. Sağa-sola boylananda usta Məmmədəli ilə sarı Nazarın evindən bir nişanə qalmadığını gördü. Bir az aralıda kənd soveti katibi Bərxuda kişinin evindən və talvarından da bir iz yox idi. Qoca hissə elə qapılmışdı, birdən ona elə gəldi ki, arxadan xalaoğlu Baratın "Belarus"u tırıldıya-tırıldıya onun üstünə gəlir. Qoca özündən asılı olmayaraq cığırdan kənara tullandı: "Bu da başın  itirib, adamı saya salmır, indi ona bir neçə yağlı söz deyərəm ağlı gələr başına!" deyə düşündü.  Qəfil geri dönəndə arxada heç kəsin olmadığını görüb sanki ayıldı. Başın buladı: "Deyəsən, sən də  başını itirmisən Qoca!"

Sağa boylananda ev-eşiyinin yerində kol-kosdan başqa heç nə görmədi. Bədəni əsdi, ayaqları sanki tutuldu. Özünü ələ alıb titrəyişli bir səslə:

- Ola bilməz, yəni mənim qurulu evimdən, meyvəli bağımdan heç nə qalmayıb?!

Qoca həyətinə necə keçdiyini heç özü də bilmədi. Diz çöküb başını torpağa qoydu. Ürəyindən nələrin keçdiyini bir özü bildi, bir də Yaradan!

Qoca acgözlüklə ətrafı seyr edib, hönkür-hönkür ağlamağa başladı. Əli ilə dağıdılmış evinin daşlarına sığal çəkən Qoca, həyəti eninə-boyuna dəfələrlə gəzdi. Həyətdəki ağaclardan qırılanı qırılmış, quruyanı qurumuşdu. Təkcə nar ağacı bağın küncündə günahkarcasına başını aşağı salıb qətl olunmuş ağacların kötüyünə keşik çəkirdi. Qocanın gözü güldü, tez narın əyilmiş budağını düzəltdi, üstündə quruyan narları oxşadı. Sırıqlının döş cibindən butulkadakı suyu çıxardıb, narın dibinə və üstünə səpdi. "Şəhərə dönəndə kəhrizdən dolduraram, bu isə neçə illərdi, suya möhtacdı". Qocanın başı necə həyət-bacaya elə qarışmışdı ki, havanın  necə qaraldığını heç özü də hiss etmədi. Bir də ayıldı ki, axşam düşüb. Artıq geri qayıtmaq gec idi. Qoca dağıdılmış evin bir küncündə özünə yer hazırladı. Arxası üstə uzanıb uşaqlıq illərində olduğu kimi gözlərini sayrışan ulduzlara və  aypara aya dikdi. Xəyallarına  yenicə qanad vermək istəyirdi ki, başının altına qoyduğu sırıqlının cibindən telefon səsi gəldi. Yadına düşdü ki, evdən çıxanda nəvəsi zorla öz telefonunu onun cibinə qoymuşdu. Tez yerindən qalxıb cib telefonunu açdı!

- Bəli, eşidirəm!

Telefonun o başında səs-küy bir-birinə qarışdı, ağız deyəni qulaq eşitmirdi.

Birdən Qocanın qulağına nəvəsinin doğma səsi gəldi.

- Alo, baba, mənəm İbrahim! Sən hardasan, nənəm aləmi qatışdırıb bir-birinə! Atam da cəbhədən zəng edib səni soruşur!

- İbrahim bala, mən öz kəndimizdə, öz evimizdəyəm, narahat olmayın! Ulduzları seyr edirəm!

- Baba, sən bu gecə vaxtı o dağıdılmış evsiz-eşiksiz yerdə necə gecələyəcəksən?

- Qorxma, bala, mən öz ocağımdayam, buranın hər bir daşı-divarı, torpağı qəlbimi isindirib mənə güc verir! Siz heç narahat olmayın! Nənənə deynən, gəlib onu da götürüb qayıdacağam bura!

- Baba, nə danışırsan, biz səni tək qoya bilmərik. Biz elə indi yığışıb gəlirik ora!

- Yox, ay bala, buna ehtiyac yoxdu, gecə vaxtı yola çıxmazlar!

- Baba, sən özün mənə demirdin ki, hər bir qaranlıq gecənin, bir işıqlı səhəri var, hə?

- Hə deyirdim, amma indi?!

- Heç bir  amma-zad bilmirəm! Sabah sənin yanındayıq.

Telefonun enerjisi tükəndiyindən öz-özünə söndü. Qoca deyindi: "Bu da vaxt tapdı sönməyə!"

Yenidən yerin rahatlayıb gözlərini qapadı. Sabah sübhdən durmaq lazımdı, görüləsi iş çoxdu, bir də oğul-uşaq gələcək axı...

Yurd yerinin şirin yuxusu bir başqadı, bunu yaşayanlar bilir!

04.10.2020

 





13.11.2020    çap et  çap et