525.Az

Generalın tarixi təbəssümü - Abid Tahirli yazır


 

Generalın tarixi təbəssümü - <b style="color:red">Abid Tahirli yazır </b>

14 iyul 2020-ci ildə general Polad Həşimovun şəhid olması xəbəri ilə bərabər, onun son dərəcə mənalı, gülümsər fotosu da bütün ölkəyə ildırım sürətilə yayıldı: küçə və meydanlardan, mənzillərin pəncərə və balkonlarından, maşınların şüşələrindən boylanan generalın  bu təbəssümü bir tərəfdən nisgil, kədər dolu ürəklərin yükünü birə on artırdı, qəmli gözləri daha da nəmləndirdi, digər tərəfdən düşmənə qarşı hiddəti, kini, küdurəti, nifrəti artırdı, xalqın səbir kasasını daşırdı, bu təbəssüm milli birliyə, həmrəyliyə, səfərbərliyə çağırışa çevrildi.
 
Bir həftə içərisində 50 mindən çox Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi.

Bu təbəssümün bir ilahi mənası da varmış, general gülümsər çöhrəsi ilə sanki millətə müjdə verirmiş:

"Çox çəkməyəcək ki, torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu  tərəfindən işğaldan, mənfur düşmənin tapdağından azad ediləcəkdir!  Bu zəfər  məkrli düşmənin bütün murdar niyyətlərini gözündə qoyacaq, xalqımız özünəxas qürurunu bir daha təsdiqləyəcəkdir!"

Bu gün generalın təbəssümü "Gözün aydın, müqəddəs Vətən", "Gözün aydın, doğma Cəbrayıl, Qubadlı, Zəngilan, Qarabağ", "Gözün aydın, əziz Şuşa!" - deyir. Bu təbəssüm  şəhidlərə "Rahat uyuyun, ruhunuz şad olsun, arzularınız çin oldu" - deyir. Bu təbəssüm şəhid valideynlərinə təsəlli, təskinlik verir: "Başınızı dik, qəddinizi düz tutun. Övladlarınızın qanı yerdə qalmadı".

Böyük Qələbəni hələ öncədən müjdələyən Poladın gülümsər və solmayan cazibədar siması bu gün hər kəsin qəlbinə və hafizəsinə tarixi təbəssüm kimi əbədi hopmuşdur.

 





13.11.2020    çap et  çap et