525.Az

Ali Baş Komandanın ali görüşü - Mir Şahin yazır


 

Ali Baş Komandanın ali görüşü - <b style="color:red">Mir Şahin yazır </b>

Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmən üzərində qələbəmizin rəsmiləşməsindən sonra ilk baş çəkdiyi ünvan Vətən müharibəsində yaralanmış döyüşçülərin müalicə aldığı 1 saylı Klinik Tibbi Mərkəz oldu. Səbəb çox sadədir. Prezident: "Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir".

Dövlət başçısı baş çəkdiyi döyüşçülərin timsalında bütün hərbçiləri, cəsur övladlar böyütmüş ana-ataları Qələbə münasibətilə təbrik etdi. Qazilərin ömürlərinin bundan sonrasına öz zəmanətilə Dövlətin Himayəsini elan etdi: "Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın".

... Bura hədsiz həyəcan və hiss imperiyası idi... Ali Baş Komandan-Birinci Döyüşçü öz silahdaşlarının əhatəsində özünü onlardan biri kimi hiss edirdi. Onların fədakarlıqlarından qürur duyurdu: "Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir!" Bir azdan bu sözlərə bir də qayıdacağam.

... Amma döyüşçü qüdrəti, sarsılmaz əsgər xalqın meyvəsidir: "Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı!" İlham Əliyev belə dedi.

Və bu - BİRLİK SÖZÜ xalqın qələbədən sonrakı fəaliyyəti üçün BAŞLICA MOTİVASİYA kimi də səciyyələndirildi: "Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq". Sitatın sonu.

Belə!!! Deməli, tez bir zamanda arzu müsafirliyindən əməl sakinlərinə dönməliyik. Fədakar əsgər və zabitlərimizin qırıcı ruhuna layiq mülki vətəndaşlığın qurucu ruhuna daşınmalıyıq. Prezidentin görüşü başdan ayağa rəmz və çağırışlardan ibarət oldu.

Lider xalqın gözü qabağında tapşırdı ki, məmurlar DÖYÜŞÇÜLƏRİMİZDƏN MUĞAYAT OLSUNLAR: "Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir". Bu, Dövlətin etibarnaməsidir!

Prezident həm də dinc əhalinin düşmənin mərmi, raket zərbələrindən dağıdılmış evlərinin aqibətinə də aydınlıq gətirdi: "Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik".

...Beləliklə, vətəndaşın rifah standartlarının ən yüksəyinə malik edilməsi üçün nə lazımsa, ediləcək. Cənab Əliyev bu görüşdə bir ailə ab-havası yaratmışdı, doğma valideyn qayğısı nümayiş etdirirdi: "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq".

Prezident qazilərlə görüşdə dövlət dostu Türkiyəyə, dövlət qardaşı Rəcəb Tayyib Ərdoğana Azərbaycana verdiyi misilsiz siyasi, mənəvi dəstək üçün minnətdarlıq da etdi. Bəli. Türkiyə və Ərdoğan Azərbaycanın Cəbhə Qardaşı, Döyüş Silahdaşları oldu. Yuxarıda yazmışdım ki, İlham Əliyevin "Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir!" sözlərinə qayıdacağam.

Ali Baş Komandanla görüşdə Baş Leytenant Mayil Əsgərovun dedikləri bu baxımdan xüsusi məna kəsb edirdi: "Bu Qələbəni, bu sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”.

Sadəcə MÖHTƏŞƏM! Döyüşçünün döyüşçüyə təşəkkürü! Ali Baş Komandan da Böyük Qələbədə Şəhidlərimizin, Döyüşçülərimizin Sayəsini xüsusi qeyd etmişdi!

Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb.

 





13.11.2020    çap et  çap et