525.Az

Müharibənin arteriyası və ya Günəşin övladları - Esse


 

Müharibənin arteriyası və ya Günəşin övladları - <b style="color:red">Esse </b>

O gün olan-qalan səbri də tükəndi xalqın, otuz illik dözümünün dizləri qırıldı, ipi çəkildi, Qarabağı artıq özününkü hesab edən erməni faşistlərinin də, onların həmin  gecə dinc əhaliyə tuşladığı silahların da ağzını bircə əmriylə yumdu Ali Baş Komandan. Artıq müharibənin arteriya damarı kəsilmişdi, daha heç bir vasitə bu qanı saxlaya bilməzdi. Artıq döyüş meydanı müzəffər Azərbaycan Ordusunun, onun məğlubedilməz əsgərinin idi...

Ermənistan-Azərbaycan münaqişəsinin çox dərin kökləri var, uzun illər ssri tərkibində yaşadığımızdan susmağa məcbur olmuşuq. Dəfələrlə köçürülmə adı altında soydaşlarımız qədim yurd yerləri olan Qərbi Azərbaycandan qovulub, yerində yalnız ermənilər yaşayan monomillətli dövlət yaradılıb. Bütün qədim yer adları erməniləşdirilib, tarixi abidələrimiz məhv edilib, yerində saxta erməni tarixi uydurulub.

Artıq nə dövr, nə də Azərbaycan həminki deyil. Çox şey dəyişib. Artıq Müstəqil Azərbaycan Dövləti kimi qüdrətli bir dövlətimiz, kəc baxan gözlərə bıçaq kimi saplanan, düşmənini heç bir kənar qüvvə olmadan diz çökdürə bilən güclü və yenilməz Ordumuz var. Bəli, haqlı olmaq bəs deyil, haqlı olduğunu sübut etmək üçün həm də kifayət qədər güclü olmalısan.

Anam deyərdi ki, kişləməklə donuz darıdan çıxmaz. 30 ilə yaxın bir müddətdə dövlətimiz tərəfindən aparılan sülhməramlı siyasət, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın sülh yolu ilə geri qaytarılması məqsədilə keçirilən saysız görüşlər, aparılan danışıqlar heç bir nəticə vermədi. Beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələr qulaqardına vuruldu.  Dönə-dönə atəşkəsin pozulması, aparılan danışıqlara etinasızlıq, dinc əhalinin müntəzəm surətdə atəşə tutulması, insanların həlak olması ta bu qədər səbirlə qarşılana bilməzdi. Bir gün bu millətin səbri tükənməliydi və tükəndi də! Son vaxtlar cəbhə xəttindən aralı, dinc əhali yaşayan ərazilərimizin - Tovuzun, Tərtərin davamlı atəş altında saxlanması səbir kasasını doldurdu. Uyğun cavab almayan ermənilər hər gün bir az da həyasızlaşır, hadisələri  xəstə şüurları ilə qavrayaraq öz "yenilməz"liklərinə inanmağa başlayırdılar. Bu, 2020-ci ilin 27 sentyabr gecəsinə qədər davam etdi. Artıq son damcı da düşmüş, kasa dolmuşdu.

Qələbə şirin şeydir, amma o, hər kəsin payına düşməz. Yalnız güclü, eyni zamanda, səbirli və bacarıqlı olanlar qalib olur. 30 il işğal edilmiş torpaqlarımızı yaddan çıxartdırmaq, məğlubiyyəti qəbul etdirmək üçün aparılan bütün cəhdlər nəticəsiz qaldı...

Və Azərbaycan dövləti haqq davasına başladığı gündən qələbə tarixini yazmağa başladı. Yatmış hesab edilən bu xalq artıq oyanmışdı, onu sakitləşdirməyə, yenidən yuxuya verməyə daha heç kimin gücü yetməz!

Qartal duruşlu, aslan baxışlı Azərbaycana həm də Odlar ölkəsi deyilir. İlin bütün fəsillərində, hətta qışda belə Günəş təbəssümünü onun səmasından əskik eləmir. İnsanları da od nəfəsli, od ürəklidir. Dosta can qurban edər, düşmənin canını alar. Qisası qiyamətə qoymaz, qılıncını qında o vaxtacan saxlayar ki, savaş son çıxış yolu olsun...

Məğlubiyyəti özünə də gün kimi aydın olan fəndgir, məkrli, yaltaq və xəyanətkar düşmən bütün vasitələrdən istifadə etməyə çalışsa da, getdikcə çevrənin daraldığını da anbaan daha artıq  hiss edirdi. Köhnə yalanlar, şər və böhtan bu dəfə işinə yaramadı. Çünki artıq gec idi,  başı sığaldan qalmış, əli əldən üzülmüşdü.  Dünya Azərbaycan xalqının haqlı, yalnız öz halal torpaqlarını qaytarmaq üçün müharibə apardığının fərqində idi...

... Qələbə xəbərlərini daima ilk olaraq Ali Baş Komandanın öz dilindən eşidən, hər dəfə də bunun sevincini yaşayan xalqımız bu günlərdə uzun illər nəhayət, təşnə olduğu Qələbə xəbərini aldı. Cənab Prezident gecə saatlarında xalqına müraciət edərək müharibənin bitdiyini, Azərbaycanın zəfər çalması xəbərini çox böyük sevinc  hissi ilə xəbər verdi. Bəli, gözlənilən gün gəldi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Qarabağ üzüyünün qaşı sayılan Şuşa şəhərindən sonra artıq Üçrəngli Bayrağımız bütün Qarabağda dalğalanacaq! Bundan sonra daha körpələr güllə səsinə düksinib oyanmayacaq, oğullar şəhid olmayacaq, analar ağlamayacaq! 

... Get, sənindir Qarabağ,
O od-ocaq sənindir.
O toy-büsat sənindir,
Get, indi vaxt sənindir...

Ermənilər işğal altında saxladığı illər ərzində elə əsir yurddaşlarımızla faşistcəsinə davrandıqları kimi torpaqlara da əzab, işgəncə veriblər, onun ruhunu incidiblər,  tikililəri dağıdıb, abad kənd və şəhərləri viran qoyublar. Amma yaralı  torpaqlar Azərbaycan insanının mübarək nəfəsi, nəvazişi, sevgisi, qayğısı ilə  sağalacaq, dirçələcək, yeni, tərtəzə həyat qaynayacaq orda. Yenə  yurdumuzun hər tərəfindən şadlıq, toy səsləri eşidiləcək, şəhidlərin əvəzi oğullar doğulacaq, analar körpələrinə doğma vətənimiz haqqında həqiqi əfsanələr, şirin nağıllar danışacaq... Ulu öndərin bütün dahiyanə fikirləri kimi bu fikri də özünü doğrultdu: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmalısan". Bədnam ermənilərin məğlubiyyətini təsdiq edən və bütün şərtləri Azərbaycan dövləti tərəfindən yazılan tarixi qələbəmiz mübarək olsun!

 





13.11.2020    çap et  çap et