525.Az

Əziz Şuşam, sən azadsan - Yazı


 

Əziz Şuşam, sən azadsan - <b style="color:red">Yazı</b>

Dövlət başçısı, Qalib Sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə Azərbaycan xalqını, bütövlükdə Türk dünyasını bəxtiyar etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Qarabağ savaşı - Vətən müharibəsi Azərbaycan xalqının Böyük Zəfəri ilə başa çatdı. Yaşasın Qalib Azərbaycanın Qalib Ali Baş Komandanı və   Müzəffər Azərbaycan ordusu! – sədaları gecənin gec saatlarında ölkəmizin hər yerində böyük coşqu və təntənə ilə səsləndi. Ən böyük qəhrəmanımızın, Ali Baş Komandanın güclü iradəsi, prinsipallığı, ağıllı, tədbirli və təmkinli rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad oldu. Qalib Sərkərdəmiz, Qəhraman Ali Baş Komandanımız və qüdrətli Azərbaycan ordusu Azərbaycan tarixinin səhifələrinə zəfər günləri yazdı.

Böyük Qələbəmizlə Yeni Era başladı. Bu Eranın müəllifi tarix yazan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan ordusudur. Qalib çıxdığımız müharibə yalnız Qarabağda getmirdi. Diplomatiya və informasiya cəbhəsində də güclü müharibə gedirdi.  30 ildə susmuş Dünya dövlətləri nə sirri-xuda isə susqunluqlarını pozmuş, mənfur düşmənlərimizin dəstəkçisinə çevrilmişlərdi. İlk zəfər diplomatiya müharibəsində  qazanıldı. Siyasi-ideoloji informasiya müharibəsində yüksək intellekti, dərin tarixi  bilikləri, təmkinli və ağıllı müsahibələri ilə zəfər qazanan,  “qeyri-adi professionallıq və sarsılmaz iradə” ilə hərbi əməliyyatlara rəhbərlik edən Ali Baş Komandan müharibə cəbhəsində də rəşadətli Azərbaycan əsgəri ilə zəfər qazandı. Haqlı müharibəmizin ilk günlərdən Azərbaycan Prezident İlham Əliyevin xalqa müraciətləri və xarici ölkələrin; Amerika Birləşmiş Ştatlarının “Fox News”, “CCN international”, Almaniyanın “ARD”,”BBC News”, “Əl-Cəzirə”,”Əl-Ərəbiyə”,”Pervıy kanal”,  Türkiyənin “TRT Haber”, “CCN Türk”, “Haber Global”, “NTV”, “France-24”,  “A Haber”, İtaliyanın”Rai-1”, Rusiyanın “RBK”, “Rossiya 1”, “Rossiya-24”, “SKY News” televiziya kanallarına, İspaniyanı “EFE”, Rusiyanın”İnterfaks”, “TASS”, ”Fox News”, Rusiyanın” İnter faks” və s informasiya agentliklərinə, İtaliyanın “La Respublica”, Yaponiyanın “Nikkel”, Fransanın “Figaro” qəzetlərinə verdiyi müsahibələri xalqın ürəyində zəfər işartıları cücərtmişdi. Ali Baş Komandanımız kəndlərimizin, strateji yüksəkliklərimizin, şəhərlərimizin alındığını elan edəndə müraciət etdiyi xalqının hər bir vətəndaşı və bu xalqın bir fərdi  olan mən hər dəfə zəfər müjdəsi verən qəhrəman Prezidentimə “can, sənə qurban” demişəm. Prezident İlham Əliyevin  bu müsahibələri, müraciətləri özünün siyasi mahiyyəti, hərbi-strateji hədəfləri və səfərbərlik ruhu etibarilə ən güclü orduya bədəldi. Müharibənin başlandığı ilk gündən xalqın ürəyində Ali Baş Komandanın cəsarətli çıxışlarından zəfər yaxındır inamı yaranmışdır. Cənab Prezidentin sentyabrın 27-də  Azərbaycan xalqına müraciəti torpaqlarımızın erməni işğalından azad edilməsinə çağırışla yanaşı, eyni zamanda zəfərin ifadəsi idi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Xalqa müraciətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışan Cənab İlham Əliyev öz torpaqlarımız  uğrunda müharibə apardığımızı xüsusi olaraq vurğulayırdı: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır!”

 Dövlət başçımızın Azərbaycan xalqına haqlı müharibəmizdə “müstəqil dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrin strategiyası və taktikasını müəyyən edən siyasi-hərbi tezisləri” olan müraciətlərin hər biri ayrı-ayrılıqda “birlik, vətənpərvərlik və səfərbərlik dərsləridir. Azərbaycan Prezidentinin dünyanın müxtəlif qitələrinin, fərqli maraqlara malik olan ölkələrinin televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrlə Vətən müharibəsi proseslərində müstəqil dövlətimizin siyasi-hərbi mövqeyinin, haqq işinin, ədalətli mübarizəsinin mahiyyətini beynəlxalq birliyə çatdıran aydın və sərrast bəyanatlardır.” Bu müraciətlər Dağlıq Qarabağda və ətrafında qədim torpaqlarımızın işğal edilməsinin səbəbləri və nəticələri, müstəqil dövlətimizin apardığı ədalətli mübarizənin əsas hədəflərinin real bəyannamələrindən ibarətdir. Bu bəyanatlar, həmçinin dünya ictimaiyyətini Ermənistanın, xüsusən də Paşinyan hakimiyyəti dövründə hər cəhətdən iflasa uğraması, məğlubiyyətə məhkum olması haqqında məlumatların çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Ali Baş Komandanın bütün müraciətləri və müsahibələri Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini açıb göstərən və ifşa edən ən kəsərli silahı, Azərbaycanın hərbi strategiyası və taktikasının mükəmməl təlimi, eyni zamanda çoxəsrlik Azərbaycan tarixinin keşməkeşli səhifələrinə aydınlıq gətirən, dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılan diplomatiya dərsləridir. Qarabağ müharibəsində qazanılan zəfərlərin, azad olmuş torpaqlarımız haqqında qələbə ünvanlı ən mötəbər mənbələrdir. Dövlət başçımızın müraciətləri və müsahibələrində mənsub olduğu Azərbaycan xalqının həmrəyliyi, “dəmir yumruq” kimi birliyi,  qalibiyyət ruhu, yenilməzliyi sərrast şəkildə öz əksini tapıb. Verilən bütün müsahibələrdə, Azərbaycan xalqına etdiyi müraciətlərdə geniş dünyagörüşə, siyasi hazırlığa, dərin biliklərə malik olduğunu bir daha təsdiq etməsi, sərrast və hazırcavablıq nümayiş etdirməsi  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi sərkərdəlik qabiliyyəti, müharibə dövrünün mürəkkəb proseslərini təhlil etmək və dəyərləndirmək, çıxış yollarını müəyyənləşdirmək məharətini də açıq-aydın nümayiş etdirir. Əks tərəfdə Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin şərtlərini çarəsizlikdən qəbul edən, miskin Ermənistanın miskin, qorxaqbaş naziri Nikol Paşinyanın rüsvayçı təslim aktını imzalaması; ”Noldu bəs, Paşinyan?”

No description available.

Bu gün cəbhədə olduğu kimi, qalib Azərbaycan dövləti diplomatik-siyasi sahədə də son söz sahibidir. Dövlətimiz bu müharibədə ordumuzun qüdrətini, iqtisadiyyatımızın gücünü, dövlət sistemimizin səmərəliliyini, millətimizin vətənpərvərlik ruhunun yüksəkliyini, yenilməz iradəsini, bütövlükdə Dünyada və Qafqazda söz sahibi olduğunu təsdiq etdi. Lap yunan filosofu Snekanın dediyi kimi; ”Mən özüm haqqında danışmıram. Gördüyüm işlər mənim haqqımda danışır.” Qazanılan zəfər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan ordusu, bütövlükdə Azərbaycan xalqı haqqında bütün dünyada danışır. Çünki qazanılan zəfərimizlə yalnız Qarabağdakı ermənilərə deyil, dünya erməniliyinə öldürücü, amansız zərbə endirmişik. 1988-ci ildən bəri başlayan “miatsum” və qondarma qurumun tanınması tələbləri artıq öz hökmünü itirdi, tarixin zibilliyinə atıldı. “Yenilməz” Ermənistan ordusu mifi dağıdıldı. Siyasi, iqtisadi, mənəvi-psixoloji böhran girdabında, vətəndaş müharibəsi və xaos içindəki Ermənistan adlı dövlətin çürüklüyü, puçluğu təsdiq olundu.

Ali Baş Komandanımız mümkünsüzü  mümkün edərək sınmış qürurumuzu, əyilmiş qəddimizi düzəltdi, qazanılan zəfərlə xalqın itmiş inamını özünə qaytardı. Ən əsası, Prezidentimizin də dediyi kimi, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə verilən söz tutuldu.Vaxtı ilə, Ümummillilider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi sözlər öz təsdiqini tapdı: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm.” Cənab Prezident taleyüklü, strateji əhəmiyyət daşıyan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsinin yaradılması məsələsini də həll etdi.

“Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı Qarabağ müharibəsində milli birlik nümayiş etdirdi; “Döyüşlərdə oğlunu, qardaşını, atasını, həyat yoldaşını itirən Azərbaycan qadını Ali Baş Komandana “dayanmayın, arxanızdayıq!” - şüarı ilə dəstək oldu. Düşmənin atdığı raketlərdən evləri dağılan, əzizlərini itirən  vətəndaşlarımız doğma yurdularını tərk etmədi. Vətən uğrunda şəhid olmağı seçdi. Çünki Ali Baş Kolmandanına və Azərbaycan ordusuna inandı! Bu baxımdan qazanılan qələbə Ali Baş Komandan İlham Əliyevin əzminin, iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsi, xalq-iqtidar birliyinin uğurudur. Bu, qələbə müstəqil Azərbaycan dövlətinin və  qəhrəman Azərbaycan Ordusunun zəfəridir.

Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə Azərbaycan xalqının qəlbində özünə taxt qurdu, heykəlləşdi. Sözsüz ki, Ali Baş Komandanın və Azərbaycan ordusunun hər bir əsgəri haqqında bir-birindən gözəl əsərlər yazılacaq, şeirlər, nəğmələr qoşulacaq, abidələr ucaldılacaq. Ümummilli lider Heydər Əliyev görüşlərin birində demişdi: “Mənim də əsərlərim var. Tikdirdiyim  binalar, saldırdığım qəsəbələr, parklar, su qovşaqları, yollar və s.” Bu Böyük Qələbə ilə ən böyük əsəri Ali Baş Komandanımız İlham Əliyev yazdı; Qarabağ zəfəri! Ən gözəl sözlərin; ”Qarabağ Azərbaycandır!”, “Əziz Şuşam, Sən azadsan!”, ən gözəl heykəlin; qəlbimizdə ucaltdığı Qalib Sərkərdə heykəlinin müəllifi oldu. Şanlı Vətənin Qəhrəman Sərkərdəsi İlham Əliyev!!!

Böyük Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi uğurudur. Müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara Generalissimus hərbi rütbəsi verilir. Qarabağ müharibəsindən Qalib çıxan, zəfər salnaməsi yazan, Böyük Qələbənin memarı Ali Baş Komandan, Prezident İlham Əliyev də bizim qəhrəmanımız, generalissimusumuzdur.

Xalqımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar, zəfərlər gözləyir. Gözün aydın, Azərbaycan! Gözümüz aydın,  Türk dünyası!!! Gözümüz aydın, ”Əziz Şuşa, sən azadsan!”, ”Əziz Şuşa, biz qayıtmışıq! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbacandır!” Zəfərimiz mübarək, Azərbaycan!!!

 





15.11.2020    çap et  çap et