525.Az

"Şərq" qəzetində Türkiyə Türk Ocaqlarının baş katibi ilə görüş keçirilib


 

"Şərq" qəzetində Türkiyə Türk Ocaqlarının baş katibi ilə görüş keçirilib<b style="color:red"></b>

Dünən "Şərq" qəzetinin redaksiyasında Türk Ocaqlarının tədbiri keçirilib. Tədbirin qonağı Türkiyə Türk Ocaqlarının baş katibi, professor Emrah Şenel olub.

525.az xəbər verir ki, Türkiyə Türk Ocaqları haqda məlumat verən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, türk aydınları 1912-ci ildə milli iradə ortaya qoyaraq Türkiyə Türk Ocaqlarını qurublar:

"Türkiyə türk ocaqlarının əsas məqsədi türk millətinin, ümumən milli düşüncənin sağlam olması və "fikirdə, dildə, işdə birlik" ideyasının bütün türk dünyasında yayılması və bu istiqamətdə tədbirlərin görülməsi olub. Azərbaycanda türk ocaqları 1918-ci ildə - Azərbaycan Xalq Cumhuriyyəti dövründə ilk qeyri-hökumət təşkilatı kimi quruldu. Onu rəsmi qeydiyyata Fətəli Xan Xoyski aldı, sənədi Behbud Xan Cavanşir imzaladı. Əhməd Cavad, Abdulla Şaiq - bizim milli şairlərimiz onun əsasını qoydu. Əhməd bəy Ağaoğlunun Türkiyə Türk Ocaqlarının təşkil edilməsində müstəsna xidmətləri olub. Türk Ocaqları idarə heyətinin ilk iclası Əhməd bəy Ağaoğlunun evində keçirilib. Bilirsiniz ki, ötən il onun 150 illiyi idi. İslam Universiteti, İlahiyyat Universiteti, İstanbul türk ocağı və Azərbaycan türk ocağı birgə həm Türkiyədə, həm Azərbaycanda bunu qeyd etdik. Sonrakı konfransımız türk dünyası üçün məxsusi yeri olan, türkçülüklə, türk tarixi ilə bağlı əsərlər yazan əslən gəncəli Əhməd Cəfəroğlunun yubileyi oldu. Biz belə bir qərara gəldik ki, Azərbaycan Türk ocağını bərpa edək. Bizim fəaliyyətimiz bir koordinasiya şəkilində Türkiyə Türk ocaqları ilə birgə davam edir. Artıq 1 ildir ki, fəaliyyət göstəririk və rəsmi şəkildə qeydiyyata alınmışıq".

Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığını vurğulayan Akif Aşırlı həm pandemiya zamanı, həm də Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib:

"Bütün bu müddət ərzində Türkiyə hər zaman Azərbaycanın yanında oldu. Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycan deməkdir. Bu, bizim əsas qayəmizdir. Bu müddət ərzində bizim Türkiyə Türk Ocaqları ilə birgə xeyli tədbirlər planlaşdırmışıq. Vətən müharibəsinin ilk günlərindən mənə zənglər olundu, insanlarımızın nəyə ehtiyacı olduğu soruldu. Ötən həftə ərzində Türkiyə türk ocaqları ilə birgə 80-i Tərtərə, 40-ı Gəncəyə olmaqla 120 ailə üçün yardım göndərildi. Bu dəfə isə 300 ailə üçün ərzaq yardımı ayrılıb və biz bunu sabah Emrah bəylə birgə Bərdəyə aparacağıq. Mən Türkiyə türk ocaqları başçısı Mehmet Öz başda olmaqla bütün türk ocaqları başçılarına təşəkkürümü bildirirəm".

Tədbirdə çıxış edən Emrah Şenel qeyd edib ki, Türk Ocaqları bir ruhdur:

"Bu, millətin tarixini, birliyini, bərabərliyini yaşatmaq, milləti elmdə, fikirdə, sənətdə irəli aparmaq üçün bir heyətdir. Bizim düşüncəmiz dünyanın hər yerindəki türklərin yanında olmaq, onların dərdinə ortaq olmaqdır. Dünən əlimizdən gələn Nuru Paşa idi və o, burdaydı. Bu gün isə ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını azad etmə yolunda Azərbaycanın yanında dayandıq. Bizim vəzifəmiz isə bu Vətən müharibəsində yaralanan əsgərlərə baxmaqdır. İnşallah, bütün yaralar sağalar, ermənilərin getdiyi kimi Xankəndidə qalan ruslar da gedər. Biz də əlimizdən gəldiyi qədər yanınızda olacağıq. Biz həmişə bir olub, qardaşlığımızı  xatırlamalıyıq. Kərkükdə, Mosulda, Krımda, Hələbdə kimin bir dərdi varsa, Anadolu türklüyü bu dərdə ortaq olur. Azərbaycanla birgə yaşadığımız bu tablo bizim qardaşlığımızı daha da yaxınlaşdırdı. 1912-ci ildə Türk Ocaqları qurularkən Azərbaycandan gələn Məhəmməd Əminlər, Əhməd bəy Ağaoğlular, Əli Bəy Hüseynzadələr ilk türk ocaqlarını yaradanlar idi. Onlar həm bizdə, həm də bu coğrafiyadakı ocağın qaynağı oldular. İsmayıl bəy Qaspiralının təbiri ilə desək, dildə, fikirdə, işdə birlik lazımdır. Hətta buna dördüncünü də əlavə etsək, könüldə birlik lazımdır".

RƏHMAN

 

 





15.11.2020    çap et  çap et