525.Az

Qazax politoloq və siyasi şərhçilər Türk Fondunda


 

Qazax politoloq və siyasi şərhçilər Türk Fondunda <b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstandan gələn politoloq və siyasi şərhçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

525.az xəbər verir ki, fondun prezidenti Günay Əfəndiyeva qonaqlara rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən söhbət açıb. Bildirib ki, bu il Qazaxıstan bir neçə mühüm yubileylərə ev sahibliyi edir, həmçinin Fond tərəfindən də bu yubiley tədbirləri qeyd olunur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illiyi münasibətilə “Zaman və düşüncələr” kitabı çapa hazırlanır. Nəşrdə Nursultan Nazarbayevin müxtəlif tədbir və konfranslardakı çıxışlarında, məqalələrində və müxtəlif illərdə çap olunan kitablarında yer almış fikirləri və düşüncələri toplanıb.

Qeyd edilib ki, kitablardan biri də böyük görkəmli qazax yazıçısı Abay Kunanbayevin anadan olmasının 175 illiyinə həsr olunub. Azərbaycan dilində işıq üzü görəcək kitab ədibin yaradıcılığına həsr edilmiş dəyərli bir vəsait hesab olunacaq. Kitabların təqdimatının Qazaxıstanda da keçirilməsi nəzərdə tutulur.

G.Əfəndiyeva qeyd edib ki, İspaniyada Qazaxıstanın görkəmli şairi Abay Kunanbayev və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş poçt markaları buraxılıb.

“Bu iki şəxs türk dünyasının mədəniyyətinə böyük töhfələr vermiş sənətkarlardır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Qarabağ mövzusuna toxunan G.Əfəndiyeva Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunmasını şanlı Qələbə adlandırıb və bu Qələbənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenilməz iradəsinin, Azərbaycan Ordusunun tükənməz gücünün və Azərbaycan xalqının birliyinin nəticəsi olduğunu bildirib. O, həmçinin erməni işğalına məruz qalmış torpaqlarda dağıdılmış mədəni irsimizin mövcud acınacaqlı vəziyyətinin rəhbərlik etdiyi təşkilatı çox ciddi narahat etdiyini söyləyib, tarixi, dini abidələrin, memarlıq nümunələrinin məhv edilməsini, təhqir olunmasını yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına dəyən maddi və mənəvi zərər kimi dəyərləndirib. Bununla bağlı Fond tərəfindən müxtəlif araşdırmaların aparıldığını, kitablar nəşr edildiyini vurğulayıb. Qeyd edib ki, belə nəşrlərdən biri Fondun himayəsi altında rus dilində çap olunmuş Namiq Əliyevin “XIX-XX əsrlərdə Cənubi Qafqaz üzrə beynəlxalq müqavilələr və ermənilərin köçürülməsi” (“Международные договоры по Южному Кавказу в XIX-XX вв. и переселение армян”) adlanır.

Diqqətə çatdırılıb ki, bu yaxınlarda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihə həyata keçirilib. Layihə çərçivəsində Azərbaycan, rus, ingilis və fransız dillərində eyniadlı kitab və “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarix və memarlıq abidələrinin kataloqu” nəşr edilib.

Tədbirdə çıxış edən hüquq elmləri doktoru, professor Namiq Əliyev Dağlıq Qarabağda cərəyan etmiş hadisələrə toxunub. O, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına dair faktların tarixi-hüquqi təhlilini verib.

Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Füzuli Məcid çıxışında səfərlərinin məqsədindən söz açıb. “Bizim nümayəndə heyəti Azərbaycanın müxtəlif regionlarında olub, şəhid ailələri ilə görüşüb, çəkilişlər aparıb”,- deyə o, bildirib.

Ea-news.kz xəbər portalının rəhbəri Nurqali Jusipbay deyib ki, qazaxıstanlılar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri yüksək dəyərləndirir və Fondun rəhbəri Günay Əfəndiyevanın çıxışlarını daim izləyir.

Politoloq Asxad Hasanqali deyib:

“30 il davam edən ədalətsizliyi biz də görürdük. Bu gün Azərbaycanın haqlı davası zəfərlə bitdi. Bizi ortaq dil və mədəniyyət birləşdirir. Bundan sonra da ortaq iş birliyimiz davam edəcək”.

Rejissor Almas Altay Qazaxıstanın tarixi abidələri ilə bağlı apardığı çəkilişlərdən söz açıb. “Bu layihənin davamı olaraq biz Azərbaycanda da tarixi abidələrin çəkilişlərini aparmaq istəyirik”, - deyə rejissor əlavə edib.

Daha sonra qonaqlara ermənilərin təcavüzkar siyasəti haqqında məlumat verilib.

Sonda tərəflər qarşılıqlı əməkdaşlığın önəmini vurğulayaraq, həyata keçiriləcək layihələrdən və onların gələcək perspektivlərindən söz açıblar.

 





16.11.2020    çap et  çap et