525.Az

"525-ci qəzet" 28 yaşında


 

"525-ci qəzet" 28 yaşında<b style="color:red"></b>

17 noyabr, 1992-ci il. "525-ci qəzet" - həftəlik nəşr, qiyməti 3 rubl.

Gənc yazarların qələmindən süzülən yazılarının, qatı mürəkkəblə çap maşını harmoniyasında nəşr edilən özünəməxsus formalı yeni qəzet...

"... Bir də ona inanıram ki, 4 il öncə (əslində, daha çox öncə) başlayan hərəkatın yaratdığı müstəqil Azərbaycan dövlətində neçə illər qabaq ürəyimizin gizlinində saxladığımız bir ümid gerçəkləşəcək. Biz hamımız bütöv, böyük, sarsılmaz Azərbaycan dövlətinin sakinləri olacağıq. Bu sevincdə "525"in də öz payı olacaq".

Bu sitat, qəzetin ilk buraxılışında təsisçidən verilən ön sözdəndir. Hansı ki, yeni tarixdə öz təsdiqini tapdı. İndi hər birimiz böyük və sarsılmaz Azərbaycan dövlətinin sakinləriyik.  Bəli, bu sevincdə bizim də payımız oldu.

Bu gün müasir Azərbaycanın dövri mətbuatının öncüllərindən olan "525-ci qəzet"in 28 yaşı tamam olur. O qəzet ki, əsl qələm sahiblərinin və ziyalı təfəkkürlərinin görüş yerinə, söz tribunasına çevrilib.  1992-ci ilin qarışıq və bir o qədər çətin zamanlarında işıq üzü görən qəzet mətbu aləmdə öz sözünü deməyi, öz yerini tutmağı bacardı. Başda Rəşad Məcid olmaqla onunla birlikdə qələm dostları, silahdaşları bəlkə də, nəticəsinin necə olacağını bilmədikləri bir yola çıxdılar. Ancaq bildikləri bir şey vardı, bu yol “Əkinçi” yoludur, maarif yoludur. Demək ki, çıxdıqları yol müqəddəs, amalları ali idi.

Təqribən ölkəmizin müstəqilliyi ilə yaşıd olan "525", ötən 28 il ərzində ölkənin taleyilə birbaşa əlaqədar olan bir çox tarixi hadisələrə şahidlik edib. Xüsusilə dövrünün ən qızğın vaxtarında ölkənin dərin siyasi-iqtisadi və sosial böhranlı zamanlarını, Birinci Qarabağ müharibəsini, hakimiyyət dəyişikliyi, Gəncə qiyamı, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, "Əsrin müqaviləsi", Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlər və  bu kimi əhəmiyyətli proseslər qəzetin fəaliyyətinin ilk illərinə təsadüf edirdi. Siyasi hərc-mərcliyin hökm sürdüyü bir zamanda yeni yaranan qəzet üçün ayaqda qalmaq və prosesləri işıqlandırmaq heç də asan iş deyildi. Lakin gənc qəzet inamı doğruldaraq, Azərbaycan həqiqətlərini obyektiv və peşəkarlıqla təqdim edib, ictimai-siyasi və mədəni proseslərdə fəal iştirak edərək milli mətbuat salnaməmizdə özünəməxsus mövqe qazanmağı bacardı. Söz azadlığının bir çoxları tərəfindən yanlış anlaşılması, sarı mətbuat anlayışının dövri nəşrlərə yeni sirayət etdiyi zamanda bunun əksinə, ciddiliyini və ağırlığını qoruyub saxlayan qəzet göstərdi ki, hətta aradan keçən 60-70 illik fasilədə də mətbuat ənənələrimiz unudulmayıb.

Yarandığı ildən çox keçmədi ki, keyfiyyətli iş prosesi ilə bu qəzet mətbu orqan olmaqla yanaşı, jurnalistika məktəbinə də çevrilə bildi. Neçə-neçə gənc jurnalist bu qəzetin mürəkkəbiylə yoğrulub özü bir qələm sahibi oldu. Gənclərə üçün tramplin rolunu oynayıb, sağlam daşlar üzərində yeni mətbuat binası yaratmaq heç də asan iş deyildi. Ancaq bir qrup gənc jurnalistin inancından yaranan "525-ci qəzet" bunu bacara bildi.

Hamımıza yaxşı məlumdur ki, qəzet nəşr etmək asan iş deyil. Bu bütün dünya üçün qəbul edilmiş reallıqdır. Bir də bu reallıq içində başı bəlalardan əksik olmayan bir məmləkətdə qəzet çıxarmaq və onu 28 il ayaqda saxlamaq kimi bir gerçəklik düşünün. Burada ən önəmli fakt qəzetin bu illər ərzində dövrün nəbzini tuta bilməsi, toplumun düşüncəsini duyması, şəxsi hissləri arxa plana atıb çətinliklərə müqavimət göstərməsi, əxlaqi, mənəvi və milli dəyərləri qoruması kimi düşüncələri öz fəaliyyətində rəhbər seçməsidir. Mətbuatda öz cığırını açıb irəliləməyi bacaran qəzet bu gün də öz buraxılışlarından fərqli düşüncə tərzi və dünyagörüşünə sahib müəllifləri oxucuları ilə bir araya gətirməyi və bununla da Azərbaycan mətbu orqanları arasında öz sözünü deməyi bacarır.

Qəzetlə yaşayıb, qəzeti yaşadanlar

İndi müasir dövrün inkişaf tendensiyası hər sahədə yeni tələbləri formalaşdırır. Təbii ki, bu, mediadan da yan keçmir. Xüsusilə informasiya texnologiyalarının yenilənməsi və sürətli internetin həyatımızın bir parçasına çevrildiyi hazırkı zamanda. Lakin elə insanlar və peşələr var ki, yeniliyin ənənələri üstələməsi ilə razı olmurlar. Qəzetə düşkünlüyü ilə seçilən baş redaktorumuz Rəşad Məcid də belə insanlardandır. Bu rəngli və çoxşaxəli şəxslə zaman-zaman kifayət qədər müzakirələr edir, təcrübəsindən yararlanmağa çalışıram. Bütün danışıqlarımızın əvvəli "mən görürəm, anlayıram"la başlayıb, "sən nə deyirsən de, ancaq mən bu müasir medianı qəbul edə bilmirəm. Mənim və mənim kimilər üçün qəzet başqa dəyərdir, ali mərtəbədədir" ilə bitir. Qəzetdən danışarkən öz balasından danışırmış kimi gözləri parlayan bu adamı anlamamaq günah olar. Bəlkə də qəzet onun inancı və parıldayan gözlərinin işığında bu yerlərə gəlib çıxıb. Axı hər şey inanmaqdan başlayır... Yəqin ki, qəzet haqda onunla danışan çox insan bu gözlərdə mən gördüklərimin, yaxud da daha çoxunun şahidi olub. 

Ən başlarda qeyd etdiyim kimi, 1992-ci ildə Rəşad Məcid bu yola onun kimi inanan öz yoldaşları ilə çıxıb. Elə hər dəfə özünün də bu şəxslərdən ağızdolusu söz açmasını xüsusi vurğulamaq lazımdır. Bu silahdaşlardan biri də qəzetimizin baş redaktor müavini Yusif  Rzayevdir. Hesab edirəm, ömrünün 28 ilini qəzetin materiallarını redaktə edib hazırlamaq yalnız qəzetə olan doğmalıqdan irəli gəlir. Hər gün eyni saatda masa başına əyləşən müəllim, son yazını bitirənə kimi səbirlə işini davam etdirir. Onun səbrinə yoldaşlıq edən siqaretləri də yalnız yarıyacan dözə bilir. Ötən günlərdən coşğuyla söhbət açmasından, arabir gənclərin etinasızlığını şikayət etməsinə qədər - hər halıyla qəzetdir bu adam. Həmçinin, əməyi ilə qəzet ənənələrini yaşadan bir təəssübkeş. Bu gün biz gənclər də iki ənənəçi şəxsin kölgəsində "525-ci qəzet"in bir parçası olmağa çalışırıq. İndi redaksiyamızdakı bütün gənclər bir neçə nəsilə işıq olmuş bu şəxslərdən öyrənib, "Əkinçi" dəyərlərini yaşatmağa çalışırlar.

 "525" ötən 28 il ərzində çox hadisələrə şahidlik edib. Lakin tam əminliklə deyə bilərəm ki, bu günlərdə onun səhifələrini bəzəyən ən gözəl xəbər Vətən müharibəsinin qələbə xəbərləri ilə bağlı idi. 27 il öncə Cəbrayılın, Qubadlının, Zəngilanın düşmən tərəfindən işğal xəbərlərinin ürəkağrısı ilə yazıldığı qəzet, illər sonra böyük qələbənin müjdəçisi olmağı da bacardı. Sevinc göz yaşları içində yazılmış sərlövhələr doğma qəzetin səhifələrində "Tarixi qələbə" adı ilə əbədiləşdi. 

Yarandığı gündən həm ölkənin mədəni həyatında, həm də mətbuat meydanında özünəməxsus yol tutan, mütərəqqi mövqedə dayanan "525-ci qəzet" xeyli sınaqlarla, çətinliklərlə də üzləşib. Lakin peşəkar rəhbərlik və  işinə ürəyini qoyan fədakar kollektivinin inadlı fəaliyyəti nəticəsində  həmin sınaqlardan uğurla çıxa bilib, çətinlikləri dəf edərək 28 ili geridə qoyub, mötəbər məqama yetişib. Təxmin edirəm ki, bu gün qəzeti vərəqləyən istər daimi oxucular, istərsə də müəlliflər üçün doğma "525-ci qəzet"in yaranma tarixi əsl mətbuat bayramına, əlamətdar günə çevrilib. Mətbuatı "525"siz təsəvvür etməyənlərin bayramı mübarək!..

Varlığın əbədi, ruhun hər zaman dipdiri, uğurların daimi, oxucun bol olsun, əziz "525-ci qəzet"! 

Afaq RZA

 





17.11.2020    çap et  çap et