525.Az

Çin dünya liderliyinə gedən yola çıxdı


 

Çin dünya liderliyinə gedən yola çıxdı<b style="color:red"></b>

ABŞ-da seçki mübahisələrinin davam etdiyi, Avropada koronavirus pandemiyası ilə bağlı görüləcək karantin tədbirləri ətrafında yaranmış gərginliklərin şiddətləndiyi bir vaxtda Çin dünya bazarlarını ələ keçirmək niyyətini tədricən həyata keçirir.

Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zellandiya, İndoneziya, Malayziya, Bruney, Sinqapur, Vyetnam, Laos, Tailand, Filippin, Kambodja və Myamadan ibarət 15 ölkənin azad ticarət anlaşması bu istiqamətdə atılmış çox ciddi addım hesab oluna bilər. ABŞ-ın Çinlə tiarət müharibəsinin davam etdiyi bir zamanda bu anlaşmanın Pekin üçün əhəmiyyəti daha da artır. Əslində, Çinin bu addımı Donald Trampın yanlış xarici siyasətinin nəticəsi də hesab oluna bilər. Bu gün Çinlə bərabər azad ticarət haqqında müqavilə imzalayan 15 ölkədən 12-si Barak Obamanın prezidentliyinin sonuncu ilində, 2016-cı ildə yaradılmış Trans-Sakit Okean Tərəfdaşlığına (Trans-Pacific Partnership) daxil idi. Lakin Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan az sonra ABŞ bu əməkdaşlıq platformasını tərk etdi. İndi isə göründüyü kimi, Çin onları öz tərəfinə çəkərək Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (Regional Comprehensive Economic Partnership) platformasının yaradılmasına nail ola bildi.

Ekspertlər baş verənləri ABŞ-ın məğlubiyyəti, Çinin zəfəri hesab edirlər. Dünya ticarətinin ağırlıq mərkəzi Avropadan məhz bu bölgəyə keçir. Azad ticarət haqqında anlaşma imzalayan bu 15 ölkə bütün dünya üzrə Ümumi Daxili Məhsulun üçdə birini istehsal edir. Dünya əhalisinin 2.2 milyardını əhatə edəcək bu azad ticarət zonasında ABŞ və Avropa ölkələrində istehsal olunan məhsullar üçün bundan sonra şərtlər pisləşəcək. ABŞ və Avropanın şirkətləri bu azad ticarət anlaşması bölgəsində daha ağır şərtlər altında satış bazarları uğrunda mübarizə aparmalı olacaq.

Çin bu anlaşmanın imzalanması üçün 2010-cu ildən sonra hərəkətə keçmişdi. Ancaq ABŞ-ın öncülüyü ilə Trans-Sakit Okean Tərəfdaşlığı platforması yarandıqda Pekinin qarşısı ciddi şəkildə kəsilmişdi. Ancaq Trampın yanlış siyasəti Pekinin önünü açdı. Eyni zamanda, Pekin Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq anlaşmasının imzalanmasına nail olmaqla Çinin öncülük edəcəyi qloballaşma prosesinə də start vermiş oldu.

Müşahidəçilər Pekinin bu uğurunu ABŞ-ın yeni prezidentinə əlavə problem yaratmaq cəhdi kimi də dəyərləndirirlər. Çox böyük ehtimalla ABŞ-ın yeni prezidenti Çinin dünya liderliyinə gedən yolun başlanğıcı hesab olunan  bu azad ticarət zonasının qarşısını almağa çalışacaq. Ancaq bunun o qədər də asan olmayacağını söyləmək mümkündür.  Eyni zamanda, hər kəs dərk edir ki, bu prosesin qarşısı indi alınmasa, bir qədər sonra ümumiyyətlə, mümkün olmayacaq.

Çinin yeni təşəbbüsündə yer almayan və ondan məsafə saxlayan ölkələrdən biri də Hindistandır. ABŞ və Avropa kimi Hindistan da Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq anlaşmasının imzalanmasını Çinin maraqlarına xidmət etdiyini düşünür. Rəqibləri Pekinin bu nailiyyətindən narahat olduqları bir zamanda Çin öz təsir dairəsini Asiyanın bütün nöqtələrinə, Qafqaza kimi yaymağı planlaşdırır. Qərbin bir sıra analitikləri və beyin mərkəzləri hesab edir ki, Pekinin bu niyyətinin qarşısı Qafqazda alınmalıdır. Əks halda Çinin dünya liderliyi və hegemonluğu qaçılmaz olacaq.

 





18.11.2020    çap et  çap et