525.Az

"Qarabağa həsr etdiyimiz mahnıları yurdumuzda ifa etməyin zamanı yetişib"


 

KAMANÇA İFAÇISI CAHANDAR XANLAROV: "MƏDƏNİYYƏTİMİZİN VƏ MUSİQİMİZİN KÖKÜ BİZDƏDİR, QOL-BUDAĞINI OĞURLAMAQLA ONU BİZDƏN QOPARA BİLMƏYƏCƏKLƏR"

"Qarabağa həsr etdiyimiz mahnıları yurdumuzda ifa etməyin zamanı yetişib"<b style="color:red"></b>

Sosial şəbəkələrdə parlayanlar

Rubrikamızın budəfəki qonağı ifa etdiyi musiqilərlə sosial şəbəkələrdə xüsusi rəğbət qazanan kamança ifaçısı Cahandar Xanlarovdur.

Ənənəmizə sadiq qalaraq söhbətimizə sosial şəbəkələrin onun fəaliyyətində hansı yeri tutması ilə bağlı sualla başladıq.

Sosial şəbəkələrin xeyirlərindən ağızdolusu danışan həmsöhbətimiz bu platformaların zəmanənin nəbzinə uyğun inkişafa səbəb olduğunu bildirdi. 
 

***

- Sosial şəbəkələr bizim, ifalarımızın tanınmasında, geniş auditoriyalara çıxmasında böyük rol oynayır. Mən də bundan bacardığım qədər yaxşı istifadə etməyə çalışıram. Deyərdim ki, hazırda fəaliyyətimdə sosial şəbəkələr olduqca mühüm yer tutur.

- İstifadəçilərin sosial media istifadəsindən nə dərəcə razısınız?

- Hər istifadəçi özünə uyğun kontingentləri izləyir. Onların bu platformalardan necə istifadə etməsi də öz maraqlarına uyğun olur. Əsas mənim yox, onların öz istifadəsindən razı olmasıdır. Sözsüz ki, sosial şəbəkələri maraq dairəsi və bizneslə əlaqəli olaraq iki hissəyə bölmək olar. Sosial şəbəkələrdən necə istifadə etmək hər istifadəçinin özündən asılıdır.

- Bəs, izləyicilərinizdən gələn rəylər sizi qane edirmi?

- Sözsüz ki, hər kəs ona maraqlı olan personajı, səhifəni, şəxsiyyəti izləyir. Məni izləyənlər də mənim sənətimi bəyənənlər olduğu üçün paylaşdığım video, bəstə və ifalarıma adətən müsbət rəylər gəlir. Bu rəylər mənim daha qətiyyətli çalışmağıma təsir edir.

-

"Şəhidim" ifası da sosial şəbəkələrdə böyük marağa səbəb oldu. Ancaq bu paylaşımı sentyabr ayının əvvəllərində etmişdiniz. Müharibə başlayandan demək olar ki, heç aktivlik göstərmirsiniz. Bunu nə ilə əlaqələndirmək olar?

- Bəli, "Şəhidim" ifasını bütün şəhidlərə həsr etmişdik. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müharibə başlayandan əlimə kamançanı götürüb ifa etməyimin və sosial şəbəkələri aktiv istifadə etməyimin düzgün olmayacağını düşündüyüm üçün heç bir ifa və paylaşım etməmişdim. Artıq qələbə xəbərini aldığımız üçün daha şən, qələbə ifaları ilə qarşınızda olacağam.

- Əsasən hansı tərzdə musiqilər ifa etməyi sevirsiniz?

- Musiqiçi üçün tərzin məncə önəmi yoxdur, əsas musiqinin bizim ürəyimizə  yatması və onu ürəkdən ifa etməkdir. Musiqini dinləyirik, sonra onu öz zövqümüzə uyğunlaşdırıb öz hisslərimizlə ifa edirik. Hər tərzdə musiqi ifa etməyi sevirəm. Mən o musiqini sevdimsə, onu dinləyiciyə də bir o qədər sevdirməyə və hiss etdirməyə çalışıram. Ən çox ifa etməyi sevdiyim musiqilər isə elə öz musiqilərimizdir. Məncə, dünyada Azərbaycan musiqisindən daha gözəl musiqi yoxdur.

- Kamançanın səsində sanki Azərbaycanın, Qarabağın havası duyulur. Düşmən hər şeydə olduğu kimi, mədəniyyətdə də oğurluq əməllərinə əl atır. Milli alətlərdə onların etdiyi ifalarla öz ifalarımız arasında bir musiqiçi kimi hansı fərqləri görürsünüz?

- Əslində, kamançanın səsində Azərbaycanın havası duyulur. Sadəcə, bizim illərdir yaralı yerimiz Qarabağ olduğu üçün biixtiyar şəkildə yanıqlı bir musiqi eşitdikdə gözümüzün qarşısında Qarabağ canlanır.  Düşmən bizim musiqi alətlərini və musiqiləri oğurlayıb dünyaya öz musiqiləri və musiqi alətləri kimi təqdim edir. Onlarla bizim aramızda çox fərqlər var. Mədəniyyətimizin və musiqimizin kökü bizdədir, qol-budağını oğurlamaqla bizdən qopara bilməyəcəklər.

- Deyirlər, musiqi istedadı çox vaxt ailədən gəlir. Sizdə necə olub?

- Mənim atam uşaq vaxtı balaban ifa edib. Amma sonradan bəzi səbəblərdən davam etdirməyib. Əvvəlcə qardaşım tar öyrənmək üçün musiqi məktəbinə gedib, sonra isə məndə musiqiyə böyük həvəs yaranıb, ancaq dərslərə başlayandan sonra musqiyə marağım azalmışdı.  Mənə kamançanı sevdirən, kamançanı tutmağı, onu ifa etməyi öyrədən insan ilk müəlliməm Aidə xanım Rəfiyeva olub. Ana necə öz övladı üzərində əziyyət çəkirsə, müəlliməmin də mənim üzərimdə bir o qədər əziyyəti olub. Əgər mən bu gün kamançada ifa edə bilirəmsə, onu müəlliməm və ailəm sayəsində bacarmışam.

- Musiqi ilə bağlı hər hansı bir təhsiliniz var?

- İlk musiqi təhsilimi Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində almışam. Bakalavr və magistratura təhsilimi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi fakültəsində xalq çalğı alətləri -  kamança ixtisası üzrə almışam. Ustadım Azərbaycanın Əməkdar artisti professor Mirnazim Əsədullayev olub. Onun mənim üzərimdə çox böyük zəhməti var.



- Bir neçə mükafatlara da layiq görülmüsünüz...

- Sözsüz ki, hər bir musiqiçi üçün mükafat almaq olduqca qürurvericidir. Bu günə qədər bir çox mükafatlara layiq görülmüşəm, bu mükafatlar mənim musiqi həyatımda daha da irəliləməyimə müsbət təsir göstərib. Bir çox respublika və beynəlxalq müsabiqələrin qalibi olmuşam. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm və adımı "Qızıl kitab"a yazdırmışam.

- Arzular nərdivanı elə uzundur ki, yuxarı qalxdıqca o arzuların kəmiyyəti də artır. Bəs, sizin ən böyük arzunuz nədir?

- Ən böyük arzum işğaldan azad olunmuş Şuşa şəhərində, Cıdır düzündə, bizim dədə-baba yurdumuzda konsert verməyimdir. Biz bu anı 30 il gözləmişik, bu haqda neçə-neçə mahnılar, bəstələr var. İndi o mahnıları doğma torpaqlarda səsləndirməyin zamanı çatıb. Elə mədəniyyətimizin beşiyi, Qarabağımızın ürəyi olan Şuşa da bizim ona nəğmələr söyləcəyimiz günü gözləyir.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Məncə, musiqiçi daima yeni musiqilər axtarışında olmalıdır. Mənim də bu yolda bir çox layihələrim var. Yaxın zamanda çox gözəl, maraqlı və hər kəsin zövqünü oxşayacaq layihələrim olacaq. Ancaq bunları indidən deməyim düzgün deyil. Əsas odur ki, izləyicilər məni izləməyə davam etsinlər.

Günel ABBAS

 





18.11.2020    çap et  çap et