525.Az

Qarşı-qarşıya - Təranə Mahmudova


 

NİYƏ QARŞI-QARŞIYA?

Qarşı-qarşıya - <b style="color:red">Təranə Mahmudova </b>

Təranə MAHMUDOVA

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

 

İnsan dünyaya göz açandan həmişə bir şeylərlə qarşı-qarşıyadır. Qarşı-qarşıya gəlməlisən ki, kimi isə, nəyi isə daha yaxından tanıyasan. Fikir vermisiniz? Kiminləsə ünsiyyət quranda intuitiv olaraq qarşı-qarşıya oturmaq istəyirik, yan-yana deyil. Qarşı-qarşıya oturmaq tanımaq, tanınmaq, jest və mimikaları görmək və ya qeyri-verbal (sözlə olmayan) mesajlar vermək baxımından önəmlidir. Qarşı-qarşıya olan anlayışlar da var - Xeyir və Şər, mütləqlik və nisbilik, keçmiş və gələcək və s. "Qarşı-qarşıya" həm də mübarizənin başqa adıdır.

Kiminlə qarşı-qarşıyayıq? 

Hansısa xüsusiyyəti bütöv bir millətə şamil etməyi heç vaxt doğru saymamışam. İstənilən millətə münasibətdə. Ona görə ki, hər hansı ümumiləşdirmənin, xüsusilə də bəzi stereotiplərin öz millətimə qarşı tətbiq edilməsini də istəmirəm. Bir də bu dünyada hər şey nisbidir, heç bir nəsnə, o sıradan da hər hansı toplum saya, birrəngli deyil. Hansı fikir bir və ya bir neçə şəxsə, qrupa məxsusdur, hansı düşüncə bütün toplumun inancıdır? Ayırd etmək çətin olur bəzən.

Onun da fərqindəyəm ki, bir xalqın nümayəndələrinin öz milli kimliyi haqqında səsləndirdiyi fikirlər çoxsaylı mənbələr, şəxslər tərəfindən, həm də uzun müddət təkrarlanırsa, istər-istəməz o düşüncənin bütün toplumun mentalitetinə hakim kəsildiyini düşünürsən. Bu təkrarlanmanı isə son vaxtlar əsasən internet vasitəsilə, həmçinin, artmaqda olan kommunikasiya imkanlarının  - xarici səfərlərin, informasiya mübadiləsinin köməyi ilə daha asanlıqla görmək olur.

Bu münaqişədə 30 ili aşan bir müddət - zaman kəsiyi qarşı-qarşıya olduğumuz tərəfi yaxından tanımağa imkan verdi. Həm də bu müddətdə nələr olmadı ki, bir də tanımayaq? İnsana və ya topluma aid özəlliklərin içindən qırmızı rənglə bir ana xətt keçir. Qarşı-qarşıya olduğumuz tərəfin özləri haqqında düşüncələrinin ana xətti budur - biz çox qədim millətik, lap "ən qədim" deyənlər də olur. Bəzən isə vəziyyət o həddə gəlib çatır ki, mifik obrazlar da daxil olmaqla qlobal miqyasda məşhur olan bir çox şəxslərin erməni olduğu barədə fikirlər səsləndirilir. Bunları sosial mediada edilən paylaşımlar, internetdə yayılan yazılar, özümün qatıldığım beynəlxalq tədbirlərdə eşidib gördüklərim, xaricdə yaşayan həmyerlilərimizin rastlaşdıqları hallar və digər məlumatlar əsasında yazıram. Aydındır ki, milli kimliyin formalaşmasına çoxsaylı amillər təsir edir. Əsrlər öncə yaşamış bir erməni tarixçisinin guya hayların öz adını Adəmin nəslindən olan Haykdan götürdüyünü iddia etməsini əsas amillərdən biri saymaq olar. Burada adamın ağlına ilk növbədə mifoloji obrazlar gəlsə də, görünən odur ki, informasiyanı heç də hamı bu cür qəbul etməyib.  

Nə ilə qarşı-qarşıyayıq: mifik və gerçəkci təfəkkür 

Ən qədim millət və ya millətlərdən biri olmaq iddiası, bunu daim təkrar edə-edə qlobal səviyyədə çox eşitdirmək, yaymaq cəhdi ilk baxışdan göründüyü qədər zərərsiz ideya deyil. Bu iddia ilə yaşayanlar insanlığa aid bir çox nəsnələri özününküləşdirəcək, ayaqları dəyən hər yerə sahiblik iddiası ilə baxacaq və buna mənəvi haqları olduğunu düşünəcəklər. Onların da olmayıb, kimin olmalıdır? Məsələn, "Böyük Ermənistan" xülyası bu iddiadan törəyən bir "layihədir". "Qədimilik" inancının unikallıq, böyüklük illüziyası yaratması isə qaçılmaz bir sonucdur. Bu, xüsusi bir hiss, özəl statusdur. Özünü milyonların heyranlıqla baxdığı qədim muzey eksponatı kimi hiss etmək xüsusi bir duyğu olmalıdır. Sıravi insanlar arasında da buna tez-tez rast gəlmək olar. İnsanlar özəl olmaq və ya görünmək üçün nələr etmirlər ki? Bu sindrom cəmiyyət və xalqlar səviyyəsində yayılırsa, ideoloqlar tərəfindən "qidalandırılıb" "olum və ya ölüm" məsələsinə çevrilirsə, əcaib formalar alır. Hekayələrin dildən-dilə, ağızdan-ağıza dolaşarkən şişmək kimi bir özəlliyi var. O qədər ki, həmin hekayədəki "özünə" vurulmamaq artıq əlində deyil. Bundan sonra isə qəhrəmanlıq iddiasına bir addım qalır. Bunun üçünsə düşmən lazımdır.

Müharibə günlərində emosiya və hisslərin "partlaması" qaçılmaz olur. Bu müddətdə "kim kimdir?" məsələsi ilə bağlı emosional paylaşımlarda qıtlıq yaşanmadı. Amma "ən çox yadımda qalan hansı oldu" deyə özümə sual verəndə beynimin mənə verdiyi cavab saqqallı bir şəxsin odlu-alovlu çıxış oldu. Adam digər qonşularımızı (gürcüləri, rusları) hərəkətsizlikdə və daha təəccüblüsü, satqınlıqda ittiham edirdi. "Axı biz "ari irqindənik", sayımız azdır, biz ölməli deyilik!" Müraciətin alt mesajı bu idi - bizim yerimizə başqaları savaşmalı və ölməlidir. Biz nadir "nüsxələr" kimi qorunmalıyıq! Bu şəxs milli kimlik məsələsində bir az da qabağa getmişdi - "ari irqindən" deməklə. Görəsən, xəbəri varmı ki, bir çox ölkələrdə bu sözü işlətmək qadağan olunub?  

Ayrıçılıq və ayırıcılıq nümunələri qarşı-qarşıya gəldikdə 

Ksenofobiyanı aşırı özünəvurğunluğun formalarından biri hesab etmək olar. Özündən olmayanlara nifrət hissi onları aşağılamaq, heçə saymaq düşüncəsi ilə birgə "addımlayır". Qanlı münaqişələrə, savaşlara, özəlliklə də II Dünya müharibəsi kimi böyük fəlakətlərə gedən yol əsasən belə başlayıb. "Biz üstünük, çünki ari irqindənik!" inancı ilə hərəkət edən faşistlərin qan donduran insanlıq cinayətlərindən bəhs edən məşhur bir film var - "Şindlerin siyahısı". O filmdə əsas qəhrəmanlardan biri olan nasist zabit, əsirlikdə olan yəhudi qıza (təxminən belə) deyir: "Bilirəm, siz sözün əsl mənasında insan deyilsiniz. Həşərat, taxtabiti, nə bilim, soxulcan kimi bir şeysiniz".  Və o, bunu deyərkən dəhşətli dərəcədə səmimi idi. Çünki inancı bu idi, dediklərinə inanırdı. İllərlə beyninə aşılanan ideologiya danışırdı onun dili ilə. Bu sözlər həmin zabitin bir yəhudiyə deyə biləcəyi ən yumşaq sözlər idi; çünki o yəhudi qıza vurulmuşdu. Buna görə özünü bağışlaya bilmirdi - o, bir "həşəratdan" xoşlanırdı. "Zəifliyinin" acığını isə onu görəndə nəfəs almağa belə qorxan qızdan çıxırdı - vəhşicəsinə döyməklə. Digərlərindən fərqli olaraq onu ağcaqanad öldürürmüş kimi öldürə bilmirdi, sevirdi axı.

Keçək öz məsələmizə. Maraqlı olan bilirsinizmi nədir? Mübahisələr zamanı faktlar və dəlillər gətirərkən, "İngilis (alman, gürcü, iranlı) alim bu əsərində yazır ki, burada azərbaycanlılar yaşayıb" və ya "O 7 rayondan qovulub yerindən-yurdundan didərgin düşən bir milyona yaxın insan necə olsun?" deyərkən aldığımız cavab heç mifik olmurdu: "Bu günün realiyaları (mövcud vəziyyət, gerçəklik) başqadır artıq. Bununla barışmaq lazımdır!" İşğal olunmuş torpaqları nəzərdə tuturdular, yəni 90-cı illərdə ələ keçirdik, artıq bizimkidir. Nədənsə, bu sözlərdən heç əsatirlərdən əsər-əlamət yox idi, direkt olaraq yaşadığımız dövrü göstərirdilər. Amma bu günlərdə döyüşlərin qızğın çağında yenidən mifik "öngörülər" işə düşdü: "Tezliklə Osmanlını yenidən Vyananın qapılarında görəcəksiniz!" Və bu sözləri bir lider deyirdi.

Köhnə və yeni qarşı-qarşıya

Bugünün prioritet prinsiplərindən çıxış etsək, insan haqlarına təhdidlər, ayırıcı, irqçi fikirlər, çağırışlar haqqında "köhnəlikdir" deməliyik. Bəzi ölkələrdə, məsələn, Almaniyanın özündə "ari irqi" ifadəsini işlətmək qadağan olunub. Hitler və onun ideoloqlarının insanlığa yönəlmiş cinayətləri dünyanı fəlakətə sürüklədi, milyonların həyatına son qoydu, ölkələri xarabazara çevirdi. Bundan Almaniya və onun vətəndaşları da olmazın əziyyətini çəkdilər. Lakin müharibədən sonra dünya düzəni əsaslı surətdə dəyişdi. O vaxtdan ksenofobiyanın, irqi ayrı-seçkiliyin, bəşəri cinayətlər planlayan gizli anlaşma və hazırlıqların aşkarlanaraq önlənməsinə yönəlik xeyli sayda işlər görüldü. İnsan haqları dünya gündəminin prioritet məsələlərindən birinə çevrildi. Birləşmiş Millətlər Təşkilatı (1945), İnsan Haqları üzrə Avropa Məhkəməsi (1959) və digər institutlar yaradıldı. Hüquq sahəsi də əsaslı surətdə dəyişdi. Beynəlxalq humanitar hüququn Konvensiyaları yeniləndi, IV Konvensiya və iki Əlavə Protokol isə sıfırdan yazıldı (1949). Əsas məqsəd problemləri birlikdə araşdıraraq çözmək, şəffaflığa nail olmaq, insanlığa yönəlik cinayətləri mühakimə etmək və əlbəttə ki, gələcəkdə belə halların baş verməsinin qarşısını humanist yollarla almaq idi. Ən önəmlisi isə sərhədləri aşaraq hər evə daxil ola bilən, beləliklə də, kommunikasiya şəffaflığını təmin edən dövrün "möcüzəsi" - internet yaradıldı.

Qarşı-qarşıya: Köhnə və yeni hər zaman köhnə və yenidirmi?

Keçmişdə baş verən hadisələrə "köhnədir, oldu keçdi" deyə bilərik. Arxaik, köhnə sayılan düşüncə tərzinin və davranışların keçmişdə qaldığını zənn edə bilərik. Amma həyat bəzən bunun tam əksini deyir. Məsələn, nasizm köhnəlikdirmi? Bu suala belə əminliklə "yox" deyə bilmirik. Bir sıra toplumlarda neonasizm meylləri artmaqdadır. Artıq bəzi ölkələrin parlamentində neonasist fraksiyalar təmsil olunur.

Qanunlar, bəyanatlar, institutlar öz yerində, amma tarix və hadisələrin gedişatı göstərir ki, hər şey fərman, qadağa və ya mühakimələrlə tənzimlənə bilmir. Dünyada irqçiliyi təbliğ edən, bəzi qrupları hədəfə alan və oxşar ideologiyaları dəstəkləyən tendensiyalar nəinki mövcuddur, hətta artmaqdadır.

Bəzi ölkələr bərabərliyin, humanizmin qorunmasına yönəlmiş səylərin zəifləməsindən narahat olduqlarını bildirir, bəşəriyyətin III Dünya müharibəsinə sürükləndiyini deyirlər. Bunu tətikləyən proseslərdən biri kimi dünya miqyasında beynəlxalq hüquq prinsiplərinin pozulması hallarının artması göstərilir. Niyə uzağa gedirik? II Qarabağ müharibəsində biz özümüz bunun şahidi olmadıqmı? Həm də dəfələrlə.

Bütün atributlarıyla hətta yeni çağda belə vəziyyətin kökündən dəyişdiyini söyləyə bilmirik. İşğalçılıq köhnə üsuldurmu? Bəs onda biz XXI əsrdə niyə bundan əziyyət çəkirik?

Yenilənməsi çox çətin olan və ya heç mümkün olmayan nəsnələrdən biri də milli kimlikdir. Çünki bunun arxasında əsrlərin təcrübəsi durur. Alt şüurda milli kimlik müqəddəsdir, toxunulmazdır. Ona dəymək bir çox hallarda təcavüzə və millət olaraq özünü məhv etməyə bərabər sayılır, yəni bu, yoxdursa, mən də yoxam. Ona görə də "köhnə" hər zaman köhnə deyil.

Keçmiş və gələcək qarşı-qarşıya

Tarix bir az da təbiət kimidir. Fəsillər dönüb-dönüb gəldiyi kimi tarixi hadisələr də zaman-zaman geri qayıda bilir. Bunu dilimizdə ifadə edən bir klişe-cümlə də var - tarix təkrar olunur. Bax, bu cümləni iri hərflərlə yazıb hər gün qarşı-qarşıya gəldiyimiz bir yerdən asmalıyıq - TARİX TƏKRAR OLUNUR! Unutmayaq ki, bəzən də tarixi təkrar etdirirlər. Məsələn, insan faciələrinin atəşində əllərini qızdıranlar kimi.

 





23.11.2020    çap et  çap et