525.Az

ADMİU doğum günündə Aqşin Babayevi anıb


 

ADMİU doğum günündə Aqşin Babayevi anıb<b style="color:red"></b>

Noyabrın 23-də mərhum yazıçı, publisist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) keçmiş rektor müşaviri, Əməkdar jurnalist Aqşin Babayevin (Aqşin Əlisəttar oğlu Babayev) anadan olmasının 84 ili tamam olur.

Bu münasibətlə ADMİU-nun rəhbərliyi mərhum yazıçının xatirəsini yad ediblər. Onun ad gününə həsr olunmuş anım tədbiri ölkədəki karantin rejimi qaydalarına uyğun olaraq onlayn şəkildə təşkil olunub. Tədbirə ADMİU-nun rəhbərliyi, müəllim-professor heyəti, Aqşin Babayevi yaxından tanıyan iş yoldaşları qatılıblar.

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Aqşin Babayevi pozitiv, nikbin, enerjili və xeyirxah insan kimi yad edib: “O, daxilindəki enerjini hər kəslə paylaşa, insanlara ötürə bilirdi. “Mənalı ömür” ifadəsi Aqşin Babayevin həyatına tam uyğun gəlir. O, müxtəlif yerlərdə işləmişdi və işlədiyi hər yerdə böyük iz qoymuşdu. Aqşin müəllim sanki bir ömrün içərisində bir neçə həyat yaşayıb: jurnalist, yazıçı, müəllim, alim, kafedra müdiri və sair.

O, bizim universitetin ağsaqqalı idi. Biz hər işimizdə onu yanımızda hiss edirdik. Onun yoxluğu ilə böyük bir boşluq yarandı və mən hələ də o boşluğu hiss edirəm. Onun varlığı bizim üçün çox dəyərli idi”.

Rektorun çıxışından sonra Aqşin Babayevin xatirəsinə həsr olunmuş video-rolik nümayiş olunub.

ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva Kəngərli deyib ki, Aqşin Babayev haqqında keçmiş zamanda danışmaq çətindir: “O, özü xatirə dəftəri idi. Qəlbi sanki xatirələrlə dolu kitab idi. Aqşin Babayev bütün ömrünü bu xalqa həsr etmişdi. Bu xalqın bugünkü qələbəsini görmək də onun ən böyük haqqı idi. Deyirlər, xoşbəxt insan yoxdur, anlar var. Amma məncə, xoşbəxt insanlar da var. Xoşbəxt o insandır ki, sevdiyi işlə məşğul olur, sevdiyi sahəni tədqiq edir. Aqşin müəllim bu mənada xoşbəxt insan idi. Onun Nazim Hikmət sevgisi çox dərin və gözəl idi, bu sevgisini hər kəsə aşılaya bilirdi. O, öyrəndiklərini davamlı olaraq öyrədirdi. Auditoriyasında oturub dərsini dinləməsəm də, onu özümə müəllim hesab edirəm. Aqşin Babayev çox xoşbəxt müəllim idi. Hər yerdə ondan sevgiylə, hörmətlə bəhs edən tələbələri var”.

Yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli Aqşin Babayevin yaradıcılığından, fəaliyyətindən geniş şəkildə bəhs edib: “Aqşin müəllim bizimçün çox qiymətli insan idi. Onun çox geniş diapazonlu yaradıcılığı vardı. Sözü duyan yazıçı, teatrı çox sevən dramaturq, televiziyanı, radionu dərindən bilən jurnalist, incə duyğuları sözə çevirməyi bacaran şair, nüfuzlu alim idi. O, hələ universitetdə oxuduğu illərdən pyeslər yazmağa başlayıb və əsərləri teatrlarda səhnələşdirilib. Amma özünün şah əsəri hesab etdiyi “Xilaskar” pyesi idi. O, bu pyesini Ümummilli lider Heydər Əliyevə həsr etmişdi. Onun Heydər Əliyevlə bağlı çox fərqli duyğuları, düşüncələri vardı. Zamanında onunla birgə işləməsini böyük fəxrlə qeyd edirdi. Həmişə onun haqqında danışanda heyrətamiz məhəbbət hiss edirdik. O, Heydər Əliyevlə bağlı, demək olar ki, bütün tədbirlərdə çıxış edirdi. Özü də hər dəfə yeni şeylər danışırdı.

Aqşin müəllim yaradıcılığında, xüsusən, poeziyasında xeyiri, insani münasibətləri təbliğ edirdi. O, fikirlərində də, həyatında da müasir olmağa çalışırdı və bunu çox yaxşı bacarırdı”.

Ə.Əmirli çıxışından sonra Aqşin Babayevin “Yarpaq ömrü” şeirini səsləndirib.

Daha sonra sənətşünas, ssenarist Nadir Bədəlov, ADMİU-nun prorektoru, Əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva, Filologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Adilov və başqaları çıxış edərək Aqşin Babayevi dərin hörmətlə yad edib, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda rektor Ceyran Mahmudova ADMİU-nun Aqşin Babayevin həyatındakı əhəmiyyətindən söz açıb və bildirib ki, karantin rejimi bitdikdən sonra onun geniş şəkildə xatirə gecəsi keçiriləcək. Aqşin Babayevin xeyirxahlığından, hər zaman istedadlı tələbələrə diqqətindən danışan rektor eyni zamanda, onun adına təqaüd təsis etmək kimi bir planın da olduğunu açıqlayıb.

Şahanə MÜŞFİQ

 





24.11.2020    çap et  çap et