525.Az

Dahi Üzeyir Hacıbəyli yad edilib


 

Dahi Üzeyir Hacıbəyli yad edilib<b style="color:red"></b>

Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən tapdağından azad edib.

525.az xəbər verir ki, dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür. Yeri gəlmişkən qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.

Təəssüflər olsun ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq, yenə də, Fəxri Xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin, mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan nəhəng sənətkardır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

 





24.11.2020    çap et  çap et