525.Az

"Bu dövrdə təhsil sahəsində görülən işlər müsbət nəticələr verdi"


 

TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV VƏTƏN MÜHARİBƏSİNİN ÖLKƏDƏ TƏHSİL PROSESLƏRİNƏ TƏSİRLƏRİNİ ƏTRAFLI TƏHLİL EDİB

"Bu dövrdə təhsil sahəsində görülən işlər müsbət nəticələr verdi"<b style="color:red"></b>

Dövlətçilik tariximizə qələbəli, zəfərli Vətən müharibəsi yazıldı. Bu, möhtəşəm milli qalibiyyətdir. Çoxdan gözlədiyimiz, arzusunda olduğumuz zəfərdir.

Qələbələr qansız-qadasız, itkisiz qazanılmır, əlbəttə. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır. Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhə, istərsə də arxa cəhbə cəsurları hesabına əldə etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına təhsil cameəsinin üzvlərinin də adı yazıldı.

Ağstafa rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyevin də adı qələbədə payı olan müqəddəs şəhidlər cərgəsindədir. Təəssüflər olsun ki, tam qələbəmizə cəmi 1 gün qalmış, noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub.

Lerik rayon Sors kənd ümumi orta məktəbinin tarix müəllimi Elgün Quliyev də döyüşlərə qatılan, müharibənin bitməsinə saatlar qalmış şəhid olan müəllimlərdən biridir.

Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi Rabil İsmayılov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Vətən Müharibəsində fədakarlıqla iştirak edən döyüşçülərimiz sırasında başqa pedaqoqlarımız da yer alıb.

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bildirib ki, xalqımızın böyük qələbəsində, təbii ki, Azərbaycan təhsil işçilərinin uzunmüddətli bir əməyi vardır. Bu, çox vacib məqamdır, çünki hər bir insanın müəllimi var. O cümlədən də, bu döyüşlərdə iştirak edən, bu qələbədə rolu olan hər bir insanın və müəllimlərimizin: "Döyüşlərə qatılan və vətən uğrunda canından keçən müəllimlərimizə Allahdan rəhmət diləyirəm".

Nazirin sözlərinə əsasən, bu dövrdə təhsil sahəsində həyata keçirilən tədbirlər, görülən işlər müsbət nəticələr verib: "Bu mənada, fürsətdən istifadə edərək, bütün müəllimlərimizə və təhsil işçilərimizə öz təşəkkürümü bildirirəm".

Nazir bildirib ki, 44 günlük müharibə dövründə Ermənistan tərəfi dinc sakinləri hədəfə aldı və hədəfdə çox təəssüf ki, bizim azyaşlı uşaqlar da var idi: "Bu haqda, yəqin ki, statistika hazırlanıb və dövlət başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, Ermənistan törətdiyi bütün cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək. Bütün faktlar sənədləşdirilir və müvafiq qaydada beynəlxalq qurumlara göndəriləcək. Təhsil Nazirliyi də üzərinə düşəni edir və sənədlər hazırlanır. Çox təəssüf ki, 10 şagirdimiz düşmənin raket hücumları nəticəsində həlak oldu. Bir daha Allahdan onlara rəhmət diləyirəm. Eyni zamanda, bu dövr ərzində təxminən 340 min şagirdimizin təhsil aldığı məktəblər risk zonasına daxil olduqlarına görə orada təhsilin həyata keçirilməsi, ümumiyyətlə, mümkün olmadı. O cümlədən, 50 məktəbimiz bu və ya digər dərəcədə dağıntılara məruz qalıb, bəziləri ümumiyyətlə yararsız hala düşüb. Təbii ki, son günlərdə müşahidə etdiyimiz hadisələr bizi, təhsil işçilərini təəssüfləndirir. Gördüyünüz kimi, Kəlbəcər rayonu ərazisində həmin yerləri tərk edən və həmin ərazilərə qanunsuz olaraq yerləşdirilmiş ermənilər tərəfindən məktəblərin yandırılması birmənalı olaraq qınanılmalıdır".

Təhsil naziri qeyd edib ki, insanlar bizim işğala məruz qalan ərazilərimizdən çıxanda orada məktəblər və infrastruktur var idi: "Onlara toxunulmamışdı. Hazırda isə bu infrastruktur istər Cəbrayılda, istər Füzulidə, Zəngilanda, Qubadlıda tamamilə yerlə-yeksan edilib. Ölkə başçısı da artıq bildirib ki, bu ərazilərimizdə daha yaxşı məktəblər, ən müasir məktəblər tikiləcək. Ancaq olan məktəblərin direktor tərəfindən yandırılması, hər şey bir tərəfə, bir təhsil işçisi olaraq bu, çox şiddətlə qınanılıb. Bu, bir vandalizmdir. Məktəb, özü də nümayişkarənə şəkildə, yandırılmamalıdır.



Ona görə də, bu kimi hallar tərəfimizdən sənədləşdirilir. Müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır və inanırıq ki, uzunmüddətli gələcəkdə də bu tip hadisələri biz ardıcıllıqla, davamlı olaraq gündəmdə saxlamağa çalışacağıq".

Emin Əmrullayev bildirib ki, işğaldan azad olunan torpaqlara qayıdış kompleks yanaşma tələb edir. Həm infrastrukturun bərpası, həm insanların oraya qayıtması, həmçinin, təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi. Məktəblərin və infrastrukturun bərpası təkcə Təhsil Nazirliyinin deyil, digər aidiyyəti həmkar qurumlarla birlikdə ölkə başçısının müvafiq tapşırıqları əsasında həyata keçiriləcək: "Hətta dəfələrlə qeyd olunub ki, yeni yaradılmış infrastruktur ən müasir səviyyədə olacaq. Biz buna inanırıq. Həmin ərazilərdə, bildiyiniz kimi, söhbət yüzlərlə məktəbdən, bir neçə peşə təhsil müəssisəsindən gedir. Onların bərpası addım-addım, planlı şəkildə olmalıdır və yaxşı xəbər ondan ibarətdir ki, planlaşdırma baxımından orada hər şey yenidən yaranır. Düşünürəm ki, işlər düzgün aparılarsa, təhsilalanlar üçün daha yaxşı imkanlar yaradıla bilər".

Nazirin söylədiyinə görə, istənilən müharibə həmişə insanların, xüsusilə uşaqların psixologiyasına mənfi təsir edir. Ona görə də, burada iki məsələ var. Bir məsələ psixoloji dəstəyin göstərilməsidir: "Biz hazırda həm Qırmızı Xaç Cəmiyyəti, həm də YUNİSEF təşkilatı ilə çox sıx şəkildə bu istiqamətdə işləyirik. Bir neçə istiqamət müəyyən olunub. Birinci istiqamət olaraq, təbii ki, psixoloji dəstək və yardım göstərilməsidir. Eyni zamanda, ərazilərin minalardan və mərmilərdən zərərsizləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla əlaqəli şəkildə, onlarla əməkdaşlıqla maarifləndirmə işlərinin həyata keçirilməsi təmin olunur. Təbii ki, uzunmüddətli vədədə çalışırıq ki, həmin müəssisələrdə tədris və təhsil yaxın gələcəkdə bərpa edilsin. Növbəti illərdə biz bunun xüsusi olaraq həmin bölgələrdə - indi artıq onların bəziləri cəbhə bölgəsi deyil, cəbhə xəttində deyil, ona görə düşünürəm ki, həmin məktəblərə aid xüsusi proqramların həyata keçirilməsi tərəfimizdən reallaşdırılacaq".

Təhsil naziri vurğulayıb ki, torpaqlarımız artıq düşməndən azad edilib və uzun illərdən bəri bizim dərsliklərimizdə işğal tarixləri yer tuturdu. Bu gün mühüm məsələlərdən biri, yəqin ki, dərsliklərin dəyişdirilməsi ilə bağlıdır. Qələbədən sonra yeni dərsliklərin hazırlanması labüddür: "Burada, ümumiyyətlə, məzmun dəyişikliyindən danışırıqsa, təhsilin məzmunu yəqin ki, bir neçə istiqamətdə dəyişəcək. Birinci istiqamət - mahiyyət və əhval-ruhiyyə məsələsidir. Çünki yenə də mən əvvəldən qeyd etdiyim kimi, bu günə qədər təhsilimizin, məktəblərimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını Vətənin müdafiəsinə, torpaqların işğaldan azad edilməsinə hazırlayaq - bu missiya artıq müəyyən mənada uğurla yerinə yetirilib. Növbəti missiya təbii ki, əldə olunan uğurların qorunması, eyni zamanda da, bizim yaşadığımız mühitin və risklərin, gələcəkdə əvvəllər üzləşdiyimiz məsələlərlə bir daha üzləşməməkdir. Məktəblərdə şagirdləri bu dəyişikliklərə hazırlamalıyıq. Eyni zamanda da, qısa müddətdə artıq tərəfimizdən istər Şuşanın işğaldan azad olunması, istərsə də ümumiyyətlə, Vətən müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, növbəti yarımildən bununla bağlı artıq məzmunda müəyyən dəyişikliklər ediləcək. Uzunmüddətli vədədə düşünürəm ki, biz işğal tarixlərini hələ də yadımızda saxlamalıyıq, çünki çox vacib tarixlərdir. Ancaq torpaqlarımızın işğaldan azad olunma tarixləri və xalqımızın, dövlətimizin bu sahədə əldə etdiyi uğurları da bir dərs kimi şagirdlərimizə, təhsilalanlarımıza çatdırmalıyıq".

Emin Əmrullayev əlavə edib ki, Azərbaycanda həmişə şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində işlər görülüb. Təkcə Bakıda yox, ölkənin müxtəlif yerlərində, kəndlərində şəhid adının əbədiləşdirilməsi istiqamətində, həm məktəb adları, həm də onların yaşadıqları küçələrə adlarının verilməsi məsələsi müvafiq qaydalarla tənzimlənən bir məsələdir: "Hazırkı proseslər bitdikdən sonra bu məsələlərin sistemləşdirilməsi və qərarların verilməsi, təbii ki, mümkün olacaq. Hazırkı vəziyyətdə bu məsələ də gündəmdədir və növbəti mərhələlərdə, yəqin ki, müvafiq qərarlar veriləcək".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





26.11.2020    çap et  çap et