525.Az

"Vətən müharibəsi həm də Azərbaycandakı siyasi birliyi dünyaya göstərdi"


 

"Vətən müharibəsi həm də Azərbaycandakı siyasi birliyi dünyaya göstərdi"<b style="color:red"></b>

Siyasi dialoq

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədovdur.  

- Sübut müəllim, artıq bir müddətdir, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq, siyasi partiya liderləri ilə görüşüb, onların fikirlərini, təkliflərini dinləyir. Sizcə, bu dialoqu zəruri edən səbəblər hansılardır?

- Möhtərəm Prezidentimizin siyasi və ictimai sferalarda əksəriyyət tərəfindən müsbət yanaşılan siyasi dialoq çağırışının müsbət nəticələri göz önündədir. Konkret desək, belə bir çağırış bütün sahələrdə köklü islahatlara yol açdı, iqtidarla cəmiyyət, eləcə də hakimiyyətlə müxalif siyasi partiyalar arasında birliyin əsasını qoydu. Bu birliyin sarsılmazlığını biz daha çox Vətən müharibəsinin ilk günlərindən gördük. Doğrudan da, ölkəmizdə elə bir həmrəylik, elə bir birlik formalaşdı ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Vətən müharibəsi həm də Azərbaycandakı siyasi birliyi dünyaya göstərdi. Müharibə başlayandan sonra ölkəmizdə yaranan birliyə və həmrəyliyə, bəlkə də, dünyanın heç bir ölkəsində rast gəlinməyib. Bu mənada, birliyimiz dünyaya bir nümunə oldu desəm, səhv etmərəm. Konkret siyasi partiyaların mövqeyinə gəldikdə isə, onu qeyd etmək istəyirəm ki, onların Prezidentimizə, Ali Baş Komandanımıza dəstəyini cəmiyyətimizin siyasi uğuru kimi dəyərləndirirəm. Bir sözlə, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlanması qısa müddət ərzində olduqca müsbət nəticələr verdi. Ölkə başçısının çağırışına uyğun olaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşməsini, onların fikir və təkliflərini dinləməsini, ölkəmizdə aparılan siyasi və kadr islahatlarına siyasi partiyaların qoşulmasını, onların hakimiyyətin idarəetmə strukturuna cəlb olunmalarını olduqca əhəmiyyətli addım hesab edirəm. Ümumiyyətlə, Ədalət Vəliyevin bugünkü iş təcrübəsi, siyasi partiyalara yanaşma tərzi və digər məsələlərin həlli istiqamətində göstərdiyi fəaliyyət ümummilli maraqlarımızın həlli yönündə atılmış addımlardır ki, bundan da, daha çox, dövlətimiz və xalqımız qazanmış olur.

- İqtidar-müxalifət dialoqu başlayandan bəri Azərbaycan cəmiyyətində nələr dəyişib?

- Hesab edirəm ki, ölkəmizdəki siyasi qüvvələrlə dialoqun aparılması, onların təklif və iradlarının qəbul olunması, hakimiyyətlə siyasi partiya rəhbərləri arasında səmərəli müzakirələrin keçirilməsi, habelə ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsi məqsədi daşıyan bir sıra tədbirlərin görülməsi siyasi islahatların sürətlə davam etdirildiyini göstərir. Prezident İlham Əliyev öz çıxışlarında siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilik prinsiplərini hər şeydən üstün tutmalarını xüsusi vurğulamaqla bərabər, antimilli qüvvələrə və onlardan öz maraqları üçün istifadə edənlərə həmişə xatırladıb ki, Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi və geriyə dönüşü olmayan bir yoldur. Həqiqətən də, Azərbaycanın dayanıqlı inkişafı, beynəlxalq nüfuzunun davamlı olaraq möhkəmlənməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirməsi, ölkəmizin daxilindəki antiazərbaycan, ermənipərəst dairələr, "beşinci kolon" tərəfindən böyük narahatlıqla qarşılanır. Bununla bərabər, xaricdəki ermənipərəst qüvvələr, habelə bəzi "siyasi mühacir"lər tərəfindən də, respublikamızın əleyhinə qarayaxma kampaniyası aparılır, Azərbaycanın müstəqil siyasətinə və dinamik inkişafına əngəl yaratmaq üçün müxtəlif çirkin vasitələrdən canfəşanlıqla istifadə edilir.

Hazırda respublikamızda müxtəlif siyasi partiya nümayəndələrinin qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmələri olduqca müsbət haldır. Məlum olduğu kimi, aprelin 23-də Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə mövcud olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu hadisəni siyasi münasibətlərin inkişafı və milli birliyin gücləndirilməsi kontekstində yüksək qiymətləndirirəm.

Bildiyiniz kimi, müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Ə.Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunub. Bəli, cənab Prezident İlham Əliyev hər zaman siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara həssas və səmimi münasibət bəsləyir.

Respublikaçılar Partiyası olaraq ümid edirik ki, bundan sonra da ölkədə siyasi partiyaların səmərəli fəaliyyətlərinə əlverişli şərait yaradılacaq. Bu yaxınlarda iki partiyanın dövlət qeydiyyatına alınması, məhz bu inam hissinin əbəs yerə olmadığının parlaq nümunəsidir.

- Sizin partiya tərəfdən irəli sürülmüş hansı təkliflər nəzərə alınıb?

- Ümumi üzvülərinin sayı 7000  nəfərdən çox olan Azərbaycan Respublikaçılar Partiyasının 45 rayon və şəhər təşkilatı var. 15 rayonda isə, artıq təşkilatlanma prosesi yekunlaşmaq üzrədir. Mərkəzi qərargahın olmaması ilə bərabər, pandemiya və müharibə şəraiti fəaliyyətimizdə bəzi problemlər yaratmaqdadır. Partiya rəhbəri kimi mən Ədalət Vəliyevlə ilk görüşdə qərargah, maliyyə, siyasi görüşlərin vaxtaşırı keçirilməsi və digər məsələlərlə bağlı təkliflərimi irəli sürmüşəm. Bütün təkliflər yuxarı dairələrin diqqət mərkəzindədir və demək olar ki, həllini tapmaq üzrədir. Bu, yeni bir uğurun başlanğıcı deməkdir. Əvvəla onu qeyd edim ki, şöbə müdiri olaraq Ədalət Vəliyev hər bir təklifin nəzərə alınmasına olduqca önəm verən vəzifə sahibidir. Bu şəxs hər zaman tərəfdardır ki, cəmiyyətdə barış olsun, ədalət prinsipi qorunsun, fərqli düşünənlərin fikir və istəklərinə hörmətlə yanaşılsın. Sözsüz ki, bu yöndə atılan hər bir addım ümumi cəmiyyətimizin marağına cavab verən, demokratiyanın daha da bərqərar olunması yöndə ortaya qoyulan siyasi iradədir.

- İndiki mərhələdə dialoqun nəticələrindən danışmaq mümkündür?

- Dialoqun müsbət nəticələrindən ən əsası o oldu ki, ölkədə mövcud olan milli həmrəylik sayəsində Azərbaycan Ordusunun tarixə düşən möhtəşəm qələbəsi qısa müddət ərzində baş tutdu. Azərbaycan xalqı Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanın yürütdüyü siyasətə öz dəstəyini ifadə etdi. 50-dən çox siyasi partiya, o cümlədən, sədri olduğum Respublikaçılar Partiyası da bu həmrəyliyə öz töhfəsini bəxş etdi. Ona görə də, bu gün belə bir qənaətdəyəm ki, daim milli barışa meylli olan, siyasi partiyalar arasında münasibətlər sistemini tənzimləməyə çalışan Ədalət Vəliyevin atdığı addımlar, cəmiyyətdə dialoqun nəticə verdiyini sübuta yetirdi.

- Sizin də qeyd etdiyiniz kimi,  hələ iyul ayında cəbhədə düşmən təxribatına qarşı bütün cəmiyyətin, eyni zamanda, siyasi partiyaların vahid  mövqedən çıxış etdiyini gördük. 44 günlük müharibədə isə, siyasi partiyalar və cəmiyyət daha sıx birləşdi. Bu həmrəyliyin döyüş meydanındakı qələbədə payı nə dərəcədədir?

- Zənnimcə, siyasi təşkilatların Ali Baş Komandanın yanında olduqlarını bəyan etmələri, onu dəstəkləmələri tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən belə mürəkkəb bir şəraitdə siyasi partiyaların atdıqları addımları həm siyasi yetkinliyin göstəricisi, həm də  ölkəmizdə yaşanan siyasi birliyin təcəssümü kimi xarakterizə etmək olar. Başqa bir məqam, şübhəsiz ki, belə bir proseslərdə geniş dünyagörüşə, siyasi uzaqgörənliyə, diplomatik bacarığa malik olan İlham Əliyev faktoru mühüm rol oynadı. Bunu Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə siyasi partiyaların ünvanladıqları təbrik məktublarında da aydın görmək mümkündür. 50-dən çox siyasi partiyanın birgə bəyanatını ölkəmizdə yaşanan siyasi birliyin təcəssümü kimi də xarakterizə etmək olar. Partiya rəhbəri olaraq, siyasi partiyaların belə bir sarsılmaz həmrəyliyi, birliyi məndə qürur hissi yaratdı.

- Bilirsiniz ki, müharibə müddətində həmrəylik göstərsələr də, AXCP və Müsavat Partiyası dialoqda iştirak etmir. Sizcə, prosesdə iştirak edib, problemləri və narazılıq doğuran məsələləri masa arxasında həll etmək daha yaxşı olmazmı?

- Respublikamızda bütün diqqət və imkanların pandemiyanın və onun yaratdığı çətinliklərin aradan qaldırılmasına yönəldildiyi, bu amansız bəlaya qarşı ciddi mübarizə tədbirləri aparıldığı bir zamanda "Milli şura" deyilən qondarma bir qurumun ətrafında toplaşanlar tərəfindən yalan, böhtan kampaniyası gündən-günə genişləndirilir. Əli Kərimlinin guya təqib edilməsi, internetə çıxışına maneələr törədilməsi, tərəfdaşlarının xüsusi karantin rejiminin pozulması adı altında inzibati məsuliyyətə cəlb olunmaları kimi iftiralar, cəfəng uydurmalar özlərinin xaricdən maliyyələşən təbliğat dəstələri tərəfindən sosial şəbəkələrdə yayılır. Əlbəttə, onların narahatlığı, yuxularının, necə deyərlər, ərşə çəkilməsi başadüşüləndir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində son vaxtlar mühüm addımlar atılması "beşinci kolon"un narahatlığına gətirib çıxarıb. Yeri gəlmişkən, antiazərbaycan qüvvələri qıcıqlandıran səbəblərdən biri də məhz dövlət qeydiyyatına alınan müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 50-dən çox siyasi partiyanın cənab İlham Əliyevin siyasi kursunu dəstəkləməsi, dövlətimizin başçısının yeritdiyi strategiyaya müsbət münasibət bildirməsilə əlaqədardır. Antiazərbaycan qüvvələr unutmamalıdırlar ki, indiyədək olduğu kimi, bundan sonra da ölkədə siyasi partiyaların dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf  naminə səmərəli fəaliyyətlərinə mühüm önəm veriləcək, əlverişli şərait yaradılacaq.

- Sübut müəllim, dialoqu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi aparır. Bu şöbə təxminən bir ildir yaradılıb. Ötən bir ilə nəzər salsaq, Ədalət Vəliyevin rəhbərlik etdiyi bu şöbənin fəaliyyətini necə qiymətləndirmək olar?

- Ümumiyyətlə, Ədalət Vəliyev qeyd olunan şöbəyə müdir təyin olunduğu vaxtdan indiyə kimi siyasi partiyalarla davam etdirilən görüşlər, baş tutan dialoqlar, bir sözlə, bu yöndə atılan addımlar olduqca əhəmiyyət kəsb edir. Bu da, siyasi partiyaların cəmiyyətdə olan rolunu, təsir imkanlarını artırmağa imkan verir. Onu da unutmaq olmaz ki, şöbə müdiri vəzifəsini daşıyan bu şəxs əməkdaşlığa, qarşlıqlı anlaşmaya meylli olan hər kəslə danışıqları davam etdirməyə tərəfdar olur. Düşünürəm ki, Ədalət Vəliyevin bu cür yanaşması, ortaya qoyduğu mövqeyi ümumilli maraqlarımızın təmin olunmasına hesablanmış addımdır.

PƏRVANƏ

 





26.11.2020    çap et  çap et