525.Az

Pandemiya ilə mübarizə cəbhəsində də birlik göstərək! - Yazı


 

Pandemiya ilə mübarizə cəbhəsində də birlik göstərək! - <b style="color:red">Yazı </b>

Artıq 2 həftədən artıqdır ki, xalqımız mənfur erməni işğalçıları üzərində Böyük Zəfərin, hərbi, siyasi və ideoloji cəbhədə əldə etdiyimiz Qələbənin sevincini və qürurunu yaşayır.
 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli iradəsi ilə rəşadətli Azərbaycan Ordusu cəmi ayyarımlıq müharibə nəticəsində misli görünməmiş qəhrəmanlıq göstərərək uzun illər ərzində düşmən tapdağı altında qalan əzəli tarixi ərazilərimizi işğaldan azad etdi. Xalqımızın 30 illik intizar və həsrətinə son qoyuldu. Ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınan və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə təsbit olunan ərazi bütövlüyü təmin edildi.

Bu gün ölkəmiz artıq yeni dövrə qədəm qoyur. Möhtərəm Prezidentimiz tərəfindən dəfələrlə qeyd edildiyi kimi, indi işğaldan azad edilən, mənfur düşmən tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizdə quruculuq və bərpa işlərinin aparılması, doğma ata-baba yurdlarından didərgin düşmüş insanların geri qaytarılması ilə bu torpaqlarda həyatın yenidən canlandırılması qarşımızda duran ən ümdə vəzifələrdəndir.

Şübhəsiz ki, bu vəzifələrin yerinə yetirilməsi üçün hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunub saxlanılması da günün vacib məsələsidir. Lakin təəssüf ki, hərbi və siyasi sahədə əldə edilən möhtəşəm qələbə ilə yanaşı, görünməyən düşmənlə - COVİD-19 pandemiyası ilə mübarizəmiz hələ də davam edir. Doğrudur, bu sahədə ölkə Prezidentinin uzaqgörənliklə vaxtında verdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər, zəruri infrastrukturun yaradılması və genişləndirilməsi, maddi-texniki və tibbi bazanın gücləndirilməsi ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olmuşdur. Bu tədbirlər bu gün də davam etdirilir. Lakin bütün bu tədbirlərə baxmayaraq, son günlər bütün dünyada olduğu kimi, Azərbaycanda da infeksiyaya yoluxanların sayı gündən-günə sürətlə artmaqda davam edir.

Aydındır ki, müasir qloballaşma şəraitində yenidən bütün dünyanı cənginə almış pandemiya ilə təkbaşına mübarizə apararaq tam qələbə çalmağa heç bir dövlətin, o cümlədən, ən çox inkişaf etmiş dünya dövlətlərinin də gücü çatmır və çatmayacaqdır. Ona görə bu cəbhədə bütün gücləri birləşdirərək birgə mübarizə aparmaq zərurəti yaranır. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən başlayaraq beynəlxalq aləmdə fəal rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq səviyyədə ilk dəfə olaraq Türk Şurasının dövlət başçıları və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi, birgə əməkdaşlıq və həmrəylik barədə bəyanatların qəbul edilməsi bu mübarizədə beynəlxalq əməkdaşlığın yaradılmasına ilkin təkan vermişdir. Şübhə etmirik ki, möhtərəm Prezidentimizin təşəbbüsü və təklifi ilə BMT Baş Assambleyasının cari ilin 3-4 dekabr tarixlərində keçiriləcək xüsusi sessiyası da dünya dövlətlərinin bu mübarizədə səfərbər olması və beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Yeri gəlmişkən qeyd edək ki, bu mühüm tədbirin açılış hissəsində BMT rəsmiləri ilə yanaşı, Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin də çıxışının nəzərdə tutulması beynəlxalq ictimaiyyət tərəfindən Prezidentimizə və ölkəmizə olan böyük etimadın və hörmətin bariz göstəricisidir.

Eyni zamanda, hesab edirik ki, pandemiyanın ölkəmizdə yenidən vüsət alaraq böyük sürətlə yayılmasında bir sıra obyektiv səbəblərlə yanaşı, aşağıdakı səbəblər də mühüm rol oynayır:

- bir çox insanların, xüsusilə gənclərin pandemiyaya hələ də etinasız münasibəti;

- pandemiya ilə mübarizə sahəsində kifayət dərəcədə vətəndaş məsuliyyətinin göstərilməməsi;

- bir sıra müvafiq strukturlar (ticarət müəssisələri, iaşə müəssisələri, dövlət və özəl taksi xidməti də daxil olmaqla nəqliyyat və s.) tərəfindən karantin qaydalarına ciddi riayət edilməməsi;

- ailə şənliklərinin, dəfn və yas mərasimlərinin (bir çox hallarda kifayət qədər sıxlıq yaranmasına səbəb olmaqla evlərdə) keçirilməsi;

- aktiv xəstə sayının artması ilə əlaqədar çox xəstələrin evlərdə müalicəsi zamanı özünütəcrid qaydalarına ciddi əməl edilməməsi;

- həkimə müraciət etmədiklərinə görə xəstəliyini bilməyən insanların və evdə müalicə alan bəzi xəstələrin məsuliyyət hissini dərk etmədən və ya bilərəkdən müxtəlif bəhanələrlə (hava almaq, mağazaya getmək, pensiya almaq, dərman almaq və s.) küçələrə çıxması və ictimai yerlərə getməsi;

- "azyaşlı uşaqlar xəstələnmir" düşüncəsi ilə uşaqların yaşayış binalarının həyətlərində kütləvi toplaşmasına nəzarət edilməməsi və bir çox hallarda uşaqların elə öz valideynləri tərəfindən buna təhrik edilməsi;

- nə qədər anlaşıqlı olsa da, kütləvi qələbə şənliklərinin keçirilməsi zamanı karantin qaydalarına riayət edilməməsi (maskalardan istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi, bir-birini təbrik etmək məqsədilə qucaqlaşma, öpüşmə və s.);

- əksər hallarda maskalardan düzgün istifadə edilməməsi (maskaların çənədə saxlanılması, burunun açıq qoyulması, işlənilmiş maskaların ciblərdə gəzdirilərək dəfələrlə təkrar istifadə edilməsi və s.).

Şübhəsiz ki, havaların soyuması ilə əlaqədar insanların qapalı məkanlarda daha çox toplaşması da yoluxmanın artmasına təsir edən əsas səbəblərdən biridir.

Göründüyü kimi, bu səbəblərin böyük əksəriyyəti bizim özümüzdən asılıdır və biz birlikdə onların aradan qaldırılmasına nail ola bilərik. Erməni vandallarına qarşı apardığımız müharibədə biz çətin günlərdə ən yüksək birlik və həmrəylik göstərə bildiyimizi bütün dünyaya nümayiş etdirdik. Şübhəsiz ki, pandemiya ilə mübarizə cəbhəsində də biz ölkə rəhbərliyinin yanında sıx birləşərək, Operativ Qərargah tərəfindən elan edilən tövsiyələrə və karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməklə bu sahədə də əhəmiyyətli uğurların əldə edilməsinə və qısa müddətdə ölkəmizdə sanitar-epidemioloji vəziyyətin stabilləşməsinə nail ola bilərik. Unutmayaq ki, bu, həm də bizim hər birimizin vətəndaşlıq borcumuzdur. İnanırıq ki, biz bu borcumuzu da şərəflə yerinə yetirəcəyik. Pandemiyaya qarşı mübarizədən də ən az itkilərlə çıxaraq ölkəmizin yenilənmə prosesində fəal iştirak edəcəyik.

Bu yolda hər birimizə uğurlar arzulayıram!

Biz birlikdə güclüyük!

 





27.11.2020    çap et  çap et