525.Az

Azadlığa qovuşan əsir abidəmiz - “Xudavəng”


 

Azadlığa qovuşan əsir abidəmiz - <b style="color:red">“Xudavəng”</b>

Bu günlərdə zaman bizim üçün qələbəli keçir. 27.09.2020-ci il tarixində başlayan və İkinci Vətən Müharibəsi kimi tarixə düşən 44 günlük şanlı tariximizin nəticəsində illərdir həsrətində olduğumuz torpaqlarımız artıq azaddır.

Otuz ilə yaxındır düşmən tapdağı altında qalan bu torpaqların hər bir qarışının azad edilməsi Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir. Ancaq bu azadlıq təkcə ərazi baxımından əhəmiyyətli deyil, eləcə də mədəni və mənəvi sərvətimiz olan tarixi abidələrimizin də namərd əlindən qurtuluşu deməkdir.

Bildiyiniz kimi, Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir. Bu torpaqlarda  iki milyon il yaşı olan Azıx mağarası insanların ilk yaşayış məskənlərindn hesab edilir. Bu qədim torpaqlarımız paleolit dövrünün Quruçay mədəniyyəti, Tunc və Dəmir dövrünün Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin yaşayış məskənidir.

Həmçinin müxtəlif dövrlərdə Qarabağ ərazisində fərqli dinlərin mövcud olması insanların ictimai həyatına böyük təsir göstərib. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcudluğu özünü tikinti mədəniyyətində təsdiq edib. Elə bu səbəbdəndir ki, müsəlman dini abidələri ilə yanaşı Ağdamda Govurqala, Kəlbəcərdə Xudavəng, Laçında Ağoğlan və digər alban xristian abidələri də inşa edilib. Lakin vəhşi, terrorçu erməni xisləti mədəniyyət nümunəsi olan tarixi abidələrimizdən də yan keçməyib. Həyatın hər anında vandalizm aktları ilə dəhşətli iz buraxan ermənilər işğal etdikləri torpaqlarda evləri, məhəllələri dağıdıb viran qoymaqla kifayətlənməyib, buradakı tarixi nümunələri də yerlə-yeksan edib,  bir qismini isə saxtalaşdırılaraq “erməniləşdiriblər”.

Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Erməni təcavüzünə məruz qalan tarixi abidələrimizin olduğu ən böyük rayonlarımızdan biri də 25 noyabr 2020-ci il tarixində işğaldan azad edilən cənnətməkan guşə Kəlbəcərdir. Belə ki, uzun illər törətdikləri terror az deyilmiş kimi, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətlərini də  həyata keçirib. Ərazini tərk edən ermənilər evlərlə yanaşı meşələri də yandırıblar.

Qeyd edim ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Burada yerləşən ən hündür zirvələri Camışdağ (Murov dağının zirvəsi - 3724 m) və Dəlidağdır (3616 m).

Rayonumuzun Bağlıpəyə kəndi ərazisində tarix-memarlıq abidəsi olan “Xudavəng” (Tanrı məbədi) monastır kompleksi yerləşir. Qafqazın incisi sayılan bu monastır VI-VII əsrlərə aid edilir. Qafqaz Albaniyası süqut etdikdən sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Lakin sonrakı dövrdə knyaz Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparıb, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunub. Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu bütün tərəflərdən təsdiq edir.

“Xudavəng” monastırı

Lakin torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalıb. Belə ki, mənfur düşmən abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox edib. Bununla da tarixi saxtalaşdırmağa cəhd edib. Uzun illərdir onlar bu əsir abidəni erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirərək təbliğat aparırdılar. Hətta monastırın zəngləri, xaç daşları və digər qiymətli əşyaları sökülərək qeyri-qanuni formada Ermənistana aparılıb. Bununla da bəşər tarixinə ləkə olduqlarını təsdiqləyən ermənilər burada dırnaqarası qədim xaç daşları düzəldib, lakin  bu işi də keyfiyyətli görə bilmədikləri üçün əməlləri ifşa edilib.

İndi mədəniyyətə olunan bu vəhşilik qarşısında susan, ona qarşı təcavzü görməzdən gələn hər bir “demokratik” qərb ölkəsinə qısa bir xatırlatma edirəm. Bu saxtakarlıqları ilə ermənilər hələ 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını və UNESCO-nun 1970-ci il Konvensiyasını kobud şəkildə pozmuş hesab olunurlar. Belə olan halda, demokratiyadan, insan haqlarından dəm vuranların bu vəhşiliyi hələ də görməzdən gəlmələri sadəcə ironiya doğurur...

Görünən odur ki, 30 ildir özlərini mötəbər təşkilat adlandıran və qəbul etdiyi qətnamələrin heç biri Ermənistan tərəfindən həyata keçirilməyən bu ölkələr susqun mövqelərini hələ çox davam etdirəcəklər. Bizim isə labüd durumda gerçəklərimiz və inandığımız  doğrularımız dəyişilməzdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz azad edilmiş hər bir torpağımızı yenidən dirçəldib abadlaşdıracağıq. Ata-babalarımızın olan bu müqəddəs yurd yerimiz bundan sonra öz sahiblərinin himayəsi altında yenidən həyat tapacaq. Min illər sonra da ölkəmin övladları onun üzərində boy atıb, böyüyəcək və şəhid qanı hesabına geri alınan bu torpaqları göz bəbəyi kimi qoruyacaq.

Azadlığın mübarək Vətən! Üçrəngli qibləgahına qovuşduğun tarixin mübarək!

 





28.11.2020    çap et  çap et