525.Az

Bullinq nədir? - Natəvan Abdullanın essesi


 

"UŞAQLAR, EŞİTDİNİZMİ, NATƏVAN YALANÇIDIR"

Bullinq nədir? - <b style="color:red">Natəvan Abdullanın essesi</b>

Məktəbli vaxtlarımda bir müəllim hazırlıq dərsində, elə durduğu yerdəcə məndən soruşdu ki, "Natəvan, eşitmişəm sən yalan danışansan, düzdür?"

İlk dəfə özümdən böyük biri məndən dərsdən əlavə ciddi, bir o qədər də səmimi, həm də məni böyük adam yerinə qoyub sual vermişdi. Özü də riyaziyyat müəllimim. Əlbəttə, dürüst olacaqdım. Yekə-yekə kişilər yalan danışır, mən balaca uşaq durub bu boyda kişiyə desəm ki, yox, müəllim, mən heç yalan danışmıram, bu, elə yalançı olduğumun sübutu olar, axı. Dürüst oldum, dedim ki, bəli, məcbur qalanda yalan danışıram. Gözlərini məndən sinifə tərəf çevirib, "Uşaqlar, hamınız eşitdinizmi, Natəvan yalançıdır". - dedi. Yerimdə donub qaldım, əvvəl qələm tutan balaca barmaqlarımın boşaldığı, sonra da içimdə yaranan hiddətdən qələmi bərk-bərk sıxdığım hələ də yadımdadır. Tez özümə vəkil kəsildim, "Kim yalan danışmır ki, müəllim? Hamı danışır, axı. Mən sizə desəydim ki, yalan danışmıram, bu özü yalan olardı" - demişdim ki, öz yüksək səsi və şux hərəkətləriylə mənim səsimi kölgədə qoydu. Daha bir neçə şey dedim, hamısı da onun dediklərinin arxa fonunda qaldı. Nə onun dediklərini eşitdim, nə öz səsimi. Uşaqlar da nəyəsə gülüşdülər. Bir an mənə elə gəldi ki, hamı mənə baxır və məni barmaqla göstərib, "yalançı" deyirlər. Qulaqlarımda küt bir səs əmələ gəlmişdi, bir müddət heç nəyi anlaya bilməmişdim. Dolan gözlərimi, qızaran üzümü gizlətmək üçün qarşımdakı misalı həll edirmişcəsinə başımı aşağı salıb qələmi dəftərdə gəzdirməyə başladım. Yəqin pərt olduğumu hamısı görmüşdü. Yalandan rəqəmlər yazırdım. Yalandan yazdığım rəqəmləri, yalandan yazdığım rəqəmlərə bölüb yalandan hasil çıxarmağa başlamışdım. İndi, yazdıqca hər şey dəqiqliyiylə gözümdə canlanır. Gülürəm... Madam ki, durduğu yerdə bir müəllim məni bütün sinfə yalançı olaraq tanıtmışdı, bu xırda, məsum yalanın arxasına gizlənmək də böyük qəbahət sayılmazdı. Yəqin, yeddi, ya səkkizinci sinifdə idim. Aktiv, diqqət çəkməyi çox sevən biriydim. Buna baxmayaraq, hər dəfə o səhnə gözümün qabağına gəlib dayananda utandığımdan yoxa çıxmaq istəyirdim, özümə qapanmaq, heç kimlə danışmamaq... Beləcə, lap kəndin dəlisi kimi, illərlə bu səhnə beynimdə təkrar-təkrar oynamış, mənə mənəvi əzab vermişdi.

Niyə elə dedi axı, ona yalan deməmişdim, sakitcə dərsinə girib-çıxırdım, vəssalam. Atam yaşında kişi, özü də müəllim... Niyə elə dedi axı? Özü də uşaqların içində. Mən ona neyləmişəm ki? Qeyri-iradi nifrət baş qaldırırdı içimdə - sinifə də, müəllimə də, özümə də, hamıya, hər şeyə qarşı nifrət. Niyə elə dedi, axı?..

Sonradan anladım ki, müəllim yaxşı pedaqoq, yetərincə yaxşı insan olmadığı üçün elə davranmışdı. Onun bu hərəkətindən utanc duyacaq biri vardısa, bu da elə onun özü idi. Mənlik bir şey yox idi. Məsələ mənimlə bağlı deyil, onun qabiliyyətsizliyi ilə bağlıydı. Təbii ki, bunu illər sonra dərk etdim. O vaxta qədər isə, bu hadisə uşaqlıq travmaları muzeyimin ilk sıralarında yer aldı  - bəzən gecələr yatmazdan əvvəl, bəzi tədbirlərdə səhnəyə çıxmazdan əvvəl, universitetdə ayağa qalxıb suala cavab verəndə gəlib gözmün önünü kəsdirərdi.

Axı mən düzünü demişdim, səmimi olmuşdum. O yaşımda anlayırdım ki, mən qorxanda yalan danışıram. İnsan mühakimə olunmaqdan qorxduğu hər məsələdə, nəyisə, kimisə itirməkdən çəkindiyi bir çox hallarda yalan danışır. Bunu hamı edir, axı. Bu, insana xas olan ən adi psixoloji haldır. İnsan qorxanda yalan danışır. Məncə, insan daha az yalançı olmaq istəyirsə, qorxduğu şeylərin sayını azaltmağa çalışmalıdır. Sosial fobiya, başqaları tərəfindən mühakimə olunma qorxusu, kimisə itirmə qorxusu, özünə nəyisə etiraf etmə qorxusu. Ən ağırı da budur. Özünə etiraf etməkdən qorxan, özüylə üzləşməkdən çəkinən biri ən çox özünə yalan danışmır ki? Bütün bunları anlayandan, dərk edəndən sonra mənə qarşı olan o bullinqin təsirindən çıxa bildim.

Biz həmişə məktəblilərin bir-birlərinə qarşı zorakılığına köklənirik. Çünki müəyyən yaşlarda, xüsusilə ailədə sevgi, anlayış görməyən uşaqlar bunun acığını məktəbdə ən zəif gördüyü sinif yoldaşından çıxmağa başlayır. Başqa bir neçəsi də ona qoşuldumu, lap ağı çıxır məsələnin. Amma hərdən müəllimlərin davranışı, üslubu qarşısındakı şagirdin başqa şagirdlər tərəfindən əzilməsinə zəmin yaradır. Bunun ən yüngül formasını mən yaşamışam, ən ağır formasını da biz Elinanın ölümündə gördük. Bütün hallarda bullinq bir uşağın gələcəyini, neçə-neçə illərini zəhərləyir.

 





30.11.2020    çap et  çap et