525.Az

"Uşaqlığ"ı hər dövrdə, hər ölkədə oynamaq olar" - Ülviyyə Heydərova


 

YAZIÇI-DRAMATURQ ÜLVİYYƏ HEYDƏROVA BİR AYDA YARADICILIĞI İLƏ BAĞLI İKİ SEVİNDİRİCİ XƏBƏR ALIB

"Uşaqlığ"ı hər dövrdə, hər ölkədə oynamaq olar" - <b style="color:red">Ülviyyə Heydərova</b>

Bu günlərdə yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Uşaqlıq" monopyesi barədə sevindirici xəbər gəldi.

Batumi Beynəlxalq Monodram Festivalında qalib gələn pyes bu yaxınlarda Batumidə nümayiş olunacaq.

Gürcü dilində təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Ketevan Samxaradze, əsas rolun ifaçısı isə Tbilisi Gənclər Teatrının aktrisası Aniko Şurqaiadır.

Təşkilat komitəsi Batumi Beynəlxalq Monodram Festivalını pandemiya səbəbindən onlayn rejimdə keçirməyi qərar alıb.

Tamaşa Batuminin Acariya Televiziyası tərəfindən lentə alınıb və yaxın günlərdə nümayişi gözlənilir.

Bu münasibətlə müəlliflə pyesi və onun uğuru haqqında
söhbətləşdik. 

***

- Ülviyyə xanım, bu günlər həm ölkəmizin tarixində, həm də sizin yaradıcılığınızda əlamətdar hadisələr yaşanır. Bu hadisələr içərisində hansı hissləri yaşayırsınız?

- Ondan başlayım ki, özümü qalib əsgər kimi hiss edirəm. Bu, elə bir hissdir ki, onu sözlə ifadə etmək çətindir. Mübariz Ordumuz Ali Baş Komandanımızın rəhbərliyilə elə bir tarix yazdı ki, təkcə torpaqlarımızı geri qaytarmadılar, onlar həm də Azərbaycanın qamətini düzəltdilər. Bir gözümüz sevincdən, bir gözümüz kədərdən ağladı. Əsir torpaqlarımız ki, onların hesabına azadlığa, vətəninə qovuşdu, başda Ali Baş Komandan olmaqla, hər bir əsgərə bir ömür minnətdaram. Yaradıcılığımdakı kiçik uğurlara gəldikdə isə, düzü, bir ayın içində iki sevindirici xəbəri almağıma özüm də təəccübləndim. Amma nə gizlədim, o qədər sevindim ki! Hətta dostlarım da zarafatla deyirdilər ki, ordumuzun sürəti ilə gedirəm. Təbii ki, bu, bir zarafat idi. Biz nə yazsaq da, ordumuzun yazdığı şanlı tarix qədər möhtəşəm heç nə yaza bilmərik.

Məsələ burasındadır ki, müsabiqələrə qatılanda karantin rejimində idim, evdə oturmaqla pandemiya müharibəsi ilə mübarizə aparırdım. Sentyabrın son ayları, oktyabrda qatıldığım müsabiqələrdən səs çıxdı. "Uşaqlıq" monopyesim Batumi Beynəlxalq Monodram Festivalında qalib gəldi. Qalib ölkələr sırasında Azərbaycan, Gürcüstan və səhv etmirəmsə, Rusiya da vardı. Onu da deyim ki, qalib pyeslər pulsuz səhnəyə qoyulur, festival çərçivəsində nümayiş olunur.

- "Uşaqlığ"ınız dilini və əlifbasını bilmədiyiniz ölkələrə ayaq açıb. Nə vaxtsa onun bu qədər böyük uğurlar qazanacağına inanırdınızmı?

- Mənim pyesə qiymət verməyim düzgün çıxmaz. Amma bircə onu deyə bilərəm ki, "Uşaqlıq" elə bir monopyesdir ki, onu hər dövrdə və hər ölkədə oynamaq olar. Mən həmişə inanan adamam. Necə deyim, təpədən dırnağa inam, ümid içində yaşayanam. Ümid edirdim ki, bu pyes diqqətdən kənarda qalmayacaq. Baxmayaraq ki, Azərbaycanda bu əsər gec səhnəyə gəldi. Çünki bir neçə teatr direktoruna, rejissora, hətta sevimli aktrisalarıma da göstərmişdim. Direktorlardan səs çıxmadı. Aktyor isə asılı sənətdir. Rejissorlardan və teatr direktorlarından asılıdır. Aktrisaların bəyənməyi heç nəyi həll eləmədi. Hətta bir ara düşündüm ki, ümumiyyətlə, əsəri burda daha heç kimə göstərməyim. Özümə söz verdim ki, heç bir teatr direktoruna əsər aparmayacam. "Uşaqlığ"ı isə səhnədə görmək istəyirdim. Elə səhnədə görmək istədiyimdən onu beynəlxalq müsabiqələrə göndərməyə başladım. Əsər orijinal Azərbaycan dilindən başqa, türk, rus, ingilis, fransız dillərinə tərcümə olunub. Hətta Almaniyada alman dilində çap edlib. Əsərə ilk reaksiya 2018-ci ildə elə Gürcüstandan gəldi. Almaniyanın Höte İnstitutunun Gürcüstan bölümü bu əsərə biganə qalmadı. Almaniyanın Potsdam şəhərində həmin İnstitutun təşkil etdiyi "Next Stage Europe-2018" gənc dramaturqların beynəlxalq festivalına dəvət aldım. Azərbaycanı Almaniyada təmsil elədim. Bu, mənim üçün böyük uğur idi. O tədbirin davamı kimi də festivala qatılan dramaturqların əsərləri alman dilində kitab şəklində çap olundu. Daha sonra "Uşaqlıq" ötən il Rusiyada keçirilən beynəlxalq müsabiqəyə göndərdim. "XXI əsr - ilk hadisə" Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin "Tənha artist" nominasiyanın uzun siyahısına daxil edilmişdi. Yeri gəlmişkən, daha bir monopyesim olan "Pələng" Rusiyada keçirilən həmin bu beynəlxalq müsabiqənin "Tənha artist" nominasiyasında qısa siyahıya düşüb. 19 ölkədən və 75 Rusiya şəhəri bu müsabiqədə iştirak edir. Dekabrın əvvəllərində qaliblərin adı açıqlanacaq.

"Uşaqlıq"la bağlı dediyim kimi, özümə söz vermişdim ki, daha heç bir teatra göndərməyəcəm. Amma Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidov diqqət göstərdi, özü əlaqə yaratdı. Düzü, bu, məni yaxşı mənada o qədər təəccübləndirdi ki. Mübariz müəllimi uzaqdan tanıyırdım. Cəmi üç-dörd dəfə tədbirdə görmüşdüm. Məni də sevindirən o oldu ki, həqiqətən də mənə deyil, əsərə yüksək qiymət verdi. Dəyərləndirdi. Bu məqamı heç vaxt unutmaram! Əsər Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Firudin Məhərrəmovun quruluşunda hazırdı. Pandemiyaya görə premyera dayandı. Gənc aktrisa İlahə Səfərova oynayır. Qəribəsi odur ki, əsər yenə ilk olaraq bu yaxınlarda Gürcüstanda - Batumi Beynəlxalq Monodrama Festivalı çərçivəsində gürcü dilində oynanılacaq. Deməyim odur ki, əsəri yazanda taleyini biz yazmırıq. Əksinə, o, bizə tale yazır.

- Qarabağın azadlığıyla yenidən mədəniyyətimiz oraya qayıdır. Qarabağdakı teatrlar üçün pyeslər yazmağı düşünürsünüz?

- Əlbəttə. Mən inanıram ki, dövlətimiz  Qarabağı tez bir zamanda yenidən cənnətə çevirəcək. Qarabağ, onun ürəyi Şuşa mədəniyyət mərkəzi olacaq. Qarabağımızın mədəniyyətini dünyaya tanıtmaq üçün nəinki pyeslər, kinossenarilər, hətta mədəniyyət ocaqlarının bərpası üçün daş daşımağa belə hazıram. 

Şahanə MÜŞFİQ

 





30.11.2020    çap et  çap et