525.Az

Türkiyə-İran: strateji tərəfdaşlıq baş tutacaqmı?


 

Türkiyə-İran: strateji tərəfdaşlıq baş tutacaqmı?<b style="color:red"></b>

Türkiyənin baş naziri R.T.Ərdoğanın Tehrana səfəri bir çox düşündürücü məqamları meydana çıxarıb. Ekspertlər bu hadisə ilə əlaqədar fikirlərini bildirirlər. Onlar Ankara-Tehran yaxınlaşmasında strateji maraqların əsas rol oynadığını vurğulayırlar. Bununla yanaşı, İran-Türkiyə münasibətlərinin Yaxın Şərqdə geosiyasi dinamikanı dəyişə bilmək gücündə olduğunu da etiraf etmək lazımdır. Bu səbəbdən Ərdoğanın qonşu ölkəyə səfəri ilə əlaqədar uzağagedən geosiyasi hədəflər axtaranlar az deyil.

Qarşılıqlı ittihamlardan əməkdaşlığa: Ankara-Tehran xəttində fəallıq

Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinə dünya KİV-i xüsusi maraq göstərdi. Bu məsələ yalnız Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslərlə əlaqəli deyil. Bütövlükdə qlobal miqyasda dünyanın yeni düzəninin formalaşması aspektində də Türkiyə-İran münasibətlərinə qiymət verirlər. Təbii ki, ilk baxışdan bu cür yanaşma normal görünür. Çünki tarixən bu iki dövlət böyük bir geosiyasi məkanda ciddi rol oynayıb. Lakin problemə müasir geosiyasətin dinamikası müstəvisində yanaşanda bir sıra aktual incə məqamlara rast gəlmək olar (bax: Bayram Sinkaya. Başbakan Erdoğan’ın Tahran Ziyareti: Türkiye-İran İlişkilerinde Yeni Bir Dönüm Noktası / Ortadoğu Stratejik Araştırmalar Merkezi (ORSAM), 30 yanvar 2014).

Hər şeydən əvvəl, R.T.Ərdoğanın İranda çox isti qarşılanması diqqəti çəkir. Məsələ ondan ibarətdir ki, Türkiyədə baş nazirin son zamanlar əsas problemi "camaat" adlanan və Fətullah Gülənin tərəfdarları kimi tanınan dini kəsimlə meydana çıxıb. Onların İranın dini dairələri ilə əlaqələri yoxdur. Hətta İran nadir müsəlman ölkəsidir ki, "camaat"ın məktəblərinin açılmasına razılıq vermir. F.Gülənin İranda heç adi nümayəndəliyi belə yoxdur.

Nəzər alaq ki, R.T.Ərdoğan İrana səfər etməzdən əvvəl Türkiyədə əslən iranlı olan iş adamları sıxışdırılmışdı. Bütün bunlara rəğmən, rəsmi Tehran Türkiyənin baş nazirini isti qarşıladı və bir sıra əhəmiyyətli razılıq əldə edildi. Səbəb nədən ibarətdir?

Ekspertlər məsələnin məhz bu aspekti üzərində düşünürlər. Onların qənaətinə görə, Ankara ilə Tehranı qlobal geosiyasi məkanda baş verən proseslərin məntiqi daha çox maraqlandırır (bax: Петр Искендеров. Турция рвется в региональные лидеры (III) / Фонд Стратегической Культуры, 2 fevral 2014). Birincisi, Suriya məsələsində Ankara əmin oldu ki, Qərb dövlətləri prinsipial məqamlarda həqiqəti, obyektivliyi və demokratiyanı deyil, öz geosiyasi maraqlarını müdafiə edirlər. Buna görədir ki, Suriyada münaqişə başlayandan bir qədər sonra Türkiyə faktiki olaraq meydanda tək qaldı. Avropa İttifaqı ümumiyyətlə, passivləşdi. Rusiyanın öz maraqları vardı və Moskva buna görə hərəkət etdi. Həmin əsasda Ankara ilə Kremlin bəzi problemləri meydana gəldi. ABŞ isə bir neçə aralıq manevrlərdən sonra Tehranla yaxınlaşmağa başladı.

İkincisi, İran Yaxın Şərqdə məzhəb fərqliliyindən öz siyasi və geosiyasi məqsədləri üçün fəal surətdə istifadə etməyə başladı. Tehran regionda özünə sadiq olan radikal dini silahlı qruplaşmaları Türkiyənin Suriyada dəstəklədiyi müxalif qüvvələrə qarşı səfərbər etdi. Bəşər Əsəd qoşunları ilə bir yerdə onlar Azad Suriya Ordusuna (ASO) ağır zərbələr endirdilər. Nəticədə aydın oldu ki, Dəməşq rejimini silahlı yolla devirmək imkansızdır. Türkiyə ilə İran arasında ciddi ziddiyyətlərin meydana gəlməsi təhlükəsi yarandı. Tehranın Qərblə münasibətləri yaxşılaşdırması fonunda bu, kifayət qədər arzuolunmaz görünürdü. Onu da unutmayaq ki, Rusiya və Çin kimi geosiyasi güclər də İranı dəstəkləyirlər. Türkiyənin bu ölkə ilə münasibətləri inkişaf etdirməkdən başqa yolu qalmırdı.

Üçüncüsü, Yaxın Şərqdə Səudiyyə Ərəbistanı aktiv şəkildə proseslərə müdaxilə edir. Bunu diplomatlar obrazlı olaraq "asimmetrik, aşırı və arzuolunmaz müdaxilə" adlandırırlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ər-Riyad Yaxın Şərqin lider dövləti olmaq kimi strateji məqsəd qarşıya qoyub. Bunun üçün o, bir tərəfdən Vaşinqtonun, digər tərəfdən isə "sələfilər" adlanan radikal dini qruplaşmaların dəstəyinə arxalanır.

Etiraf etmək lazımdır ki, rəsmi Ər-Riyad dini qrupları o dərəcədə fəallaşdıra və dünyanın bir çox regionlarına yaya bilib ki, artıq onu qlobal təhlükə kimi qəbul edirlər. Bundan Çin, Rusiya, Avropa İttifaqı ölkələri, ABŞ, İran, Pakistan və s. kimi dövlətlər zərər görürlər. Sələfilər müxtəlif təşkilatlarda birləşiblər. Məsələn, "əl-Qaidə", "Nusra cəbhəsi", "İraq Levanta və Şam dövləti" və başqa döyüşkən qruplar dünyanın müxtəlif regionlarında qan axıdırlar. Onlara ümumi ad kimi "vəhhabilər" də deyirlər.

Şübhəsiz, həmin məsələnin bu dərəcədə qloballaşması Vaşinqtonu da çəkindirir. Ona görə də son zamanlar ABŞ İrana daha çox üstünlük verir. Bu da öz növbəsində Ər-Riyadı qəzəbləndirib və onu yeni addımlar atmağa meylləndirib. Belə vəziyyətin formalaşması fonunda Ankara-Tehran xəttində isti münasibətlərin formalaşması ehtimalı yüksək görünür.

Nəhayət, enerji layihələrinin reallaşması aspektində Türkiyə ilə İranı birləşdirən müəyyən məqamlar vardır. Ankara görür ki, Tehranın neft və qaz ehtiyatlarından yararlanmaq istəyən dairələr çoxdur. İranın Avropa ilə bu sahədə əlaqələri genişlənsə, enerjinin nəqli marşrutları aktuallaşacaq. Bu baxımdan Türkiyənin planlarına uyğun gələn bəzi incəlikləri nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, R.T.Ərdoğandan əvvəl Türkiyənin energetika naziri Tehranda danışıqlar aparıb. Hər iki tərəf bu istiqamətdə müəyyən razılığa gəliblər.

Regional və qlobal geosiyasi ziddiyyətlər: strateji tərəfdaşlığın şərtləri

Yuxarıdakı arqumentlər aydın göstərir ki, hazırkı mərhələdə İranla Türkiyəni yaxın əməkdaşlığa sövq edən çoxlu sayda faktorlar mövcuddur. Baş nazir Tayyib Ərdoğanın Tehranda apardığı danışıqlardan sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında razılığın əldə edilməsini ekspertlər tarixi adlandırırlar. Onlar vurğulayırlar ki, iki dövləti hər şeydən əvvəl iqtisadi maraqlar birləşdirir (bax: Игорь Панкратенко. Эрдоган в Тегеране: сначала – торговля, затем – политика / Фонд Стратегической Культуры, 4 fevral 2014).

Bununla yanaşı, Ankara-Tehran əməkdaşlığında Suriya məsələsinin ciddi rol oynadığını unutmaq olmaz. Hər iki dövlət regionda getdikcə daha böyük təhlükəyə çevrilən "əl-Qaidə" probleminə qarşı mübarizə aparmaq məcburiyyətindədirlər. Son günlər türk ordusu ölkə sərhədinə yaxınlaşan və "əl-Qaidə"yə yaxın olan bir qrupu məhv edib. Xarici işlər naziri Əhməd Davudoğlu bu hadisəni "təhlükə bizə yaxınlaşır" kimi qiymətləndirib. Bir sıra türkiyəli ekspert isə artıq həmin təhdidin ölkənin daxilinə keçdiyini bildirib. Digər tərəfdən, PKK-ya yaxın olan Barış və Demokratiya Partiyasının (BDP) hazırkı vəziyyətdən aranı qatmaq üçün istifadə etməyə çalışdığı haqqında informasiyalar yayılır.

Bütün bunlar onu ifadə edir ki, İranla Türkiyə regionda müəyyən qrup terror təşkilatlarına qarşı birgə mübarizə aparacaqlar. Lakin bu, iki dövlət arasında həmin məsələdə tam razılığın əldə olunması anlamına gəlmir. Davosda Türkiyənin xarici işlər naziri ilə iranlı həmkarı arasında Suriyada məzhəbçiliyi alovlandırmaqla bağlı mübahisənin yaranması təsadüfi deyil (bax: Mehmet Seyfettin Erol. Ankara-Tahran Hattında "Yeni Suriye" Faktörü... / "Milli Gazete", 30 yanvar 2014). Ekspertlər hesab edirlər ki, bu kimi fikir ayrılıqları bütövlükdə iki ölkə arasında münasibətlərin pozulmasına aparıb çıxarmayacaq.

Belə görünür ki, İran-Türkiyə münasibətlərində keyfiyyət dəyişikliyi baş verə bilər. Əgər onlar tarixi addım atıb, ortaq fəaliyyət göstərməyə nail olsalar Yaxın Şərqdə geosiyasi mənzərə ciddi surətdə dəyişə bilər. Burada bir neçə dövlətin maraqları ilə kəsişən məqamlar meydana çıxa bilər. Əvvəla, Səudiyyə Ərəbistanının regional liderlik iddialarına ciddi maneə yaranmış olur. Bu, Ər-Riyadın radikal addımlar atmasına səbəb ola bilər. Həmin əsasda regionda məzhəbçiliyə dayanan terrorun artması mümkündür. Bu prosesdən isə yararlanmaq istəyən və müsəlman aləmində ixtilafları dərinləşdirməyə çalışan dairələrin fəallaşması ehtimalı artır. Yekun olaraq regionda geosiyasi qeyri-müəyyənlik çoxala bilər.

İkincisi, İran-Türkiyə yaxınlaşması Vaşinqton və Təl-Əvivi qıcıqlandıra bilər. R.T.Ərdoğanın Tehrana səfəri ərəfəsi ABŞ-ın maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Koen Ankaraya gələrək, İrana qarşı sanksiyaların aradan qalxmadığını xatırladıb və Tehranla əməkdaşlığı inkişaf etdirməməyə çağırıb. Lakin Türkiyə buna fikir verməyib (bax: Игорь Панкратенко. Göstərilən məqaləsi).

Üçüncüsü, Rusiya və Çinin Yaxın Şərq siyasətində müəyyən düzəlişlər ola bilər. Çünki onlar indiyə qədər Türkiyə-İran əməkdaşlığının bu səviyyəyə qalxa biləcəyini nəzərə almayıblar. Pekin və Moskvanın yaranmaqda olan vəziyyətə necə reaksiya verəcəyi maraq doğurur.

Nəhayət, Avropa İttifaqı Türkiyənin bu addımına hansı münasibəti göstərəcək? Çünki Ankara Aİ-yə daxil olmağa çalışır. Bunun fonunda onun İranla strateji tərəfdaşlığının məzmunu Brüsseli narahat etməyəcək ki? Yəqin ki, bu haqda Berlində Merkellə Ərdoğan arasında fikir mübadiləsinin olduğunu istisna etmək olmaz.

Bütün bunlar Türkiyənin baş nazirinin Tehrana səfərinin bəzi məsələlərə aydınlıq gətirməsi ilə yanaşı, regional və qlobal geosiyasət aspektində bir sıra suallar da yaratdığını göstərir. Hər bir halda, bu iki dövlət siyasətçilər üçün "yeni tapmacalar" ortaya çıxara bildilər.

Newtimes.az

 





14.02.2014    çap et  çap et