525.Az

"Bu təklif Alban mədəniyyətinə yüksək ehtiramın göstəricisidir"


 

QARABAĞDAKI ALBAN MƏDƏNİYYƏTİNƏ AİD MƏBƏDLƏRİN AZƏRBAYCAN ALBAN-UDİ XRİSTİAN İCMASINA VERİLMƏSİ BARƏDƏ TƏŞƏBBÜSƏ FƏAL İCTİMAİ DƏSTƏK VAR

"Bu təklif Alban mədəniyyətinə yüksək ehtiramın göstəricisidir" <b style="color:red"></b>

Qarabağda, işğaldan azad olunan ərazilərdə yerləşən qədim Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Alban-Udi Xristian dini icmasının ixtiyarına verilməsi barədə təklif cəmiyyətdə ciddi maraq doğurub və ictimai dəstək qazanıb.

Xatırladaq ki, həmin təklifi bu günlərdə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid irəli sürmüşdü. O, qədim Alban məbədlərinin erməni vəhşiliyi nəticəsində dağıdılması və qriqoryanlaşdırılmasının sözügedən icmanın nümayəndələri tərəfindən də faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdı.  

Prezident İlham Əliyevin çıxışı zamanı həm məscidlərin, həm kilsələrin bizim tarixi sərvətimiz olduğunu vurğulaması bu baxımdan müstəsna önəm daşıyır. Dövlət başçısı çıxışında demişdi: "Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq".

Qeyd edək ki, baş redaktor R.Məcid də mövzu barədə fikir bildirərkən mənfur düşmənin qədim Alban irsinə sahib çıxaraq albanlara aid hər şeyi mənimsədiyini diqqətə çatdırmışdı: "Laçın rayonundakı Ağoğlan, Kəlbəcərdəki Gəncəsər, Xudavəng monastırı,  Ağdərədəki Müqəddəs Yelisey  kimi qədim alban abidələri var. Bunları da ermənilər özününküləşdirmişdilər. Hesab edirəm ki, 1836-cı ildəki rus çarının fərmanı ədalətsiz hesab olunmalı və Qafqaz Albaniyasına məxsus tarixi abidələr Alban xalqının irsi hesab edilməli və Azərbaycan Alban-Udi Xristian dini icmasının ixtiyarına verilməlidir".

Qafqaz Müsəlmanları İdarəsinin Sədr müavini, fəlsəfə doktoru Qəmər Cavadlı  işğaldan azad olunan ərazilərdəki qədim Alban mədəniyyyətinə aid məbədlər ölkədəki Azərbaycan Alban-Udi Xristian dini icmasının ixtiyarına verilməsi barədə təklifi yüksək qiymətləndirir. Sədr müavininin sözlərinə görə, bu təklif ictimaiyyət tərəfindən dəstəklənməlidir.

Q.Cavadlı vurğulayıb ki, mənfur düşmən tərəfindən Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Ermənilər Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-Udi məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb.

Millət vəkili Fatma Yıldırım bildirib ki, Ermənistandan fərqli olaraq bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən, Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur: "30 ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizdə isə düşmən dəhşətli vandalizmlər törədib. Onlar üçün heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani sübutudur. Ermənistan törətdiyi bu vəhşiliklərə görə cavab verməlidir və verəcək. Növbəti mərhələdə məsələnin beynəlxalq məhkəmə müstəvisinə çıxarılması nəzərdə tutulur. Ermənistan törətdikləri bu cinayətlərə görə məsuliyyət daşımalıdırlar. Ermənilər işğal etdiyi torpaqlarımızda tarixi və dini abidələri saxtalaşdırmağa və erməniləşdirməyə çalışıblar. Bu abidələr sırasında Alban abidələri də xüsusi yer tutur. Ermənilər həmin abidələrə öz dilləri ilə yazılar yazıblar ki, guya bu abidələrin onlara məxsus olduğunu göstərsinlər. Amma texnologiyaların inkişaf etdiyi zamanda yaşayırıq. Beynəlxalq ekspertləri dəvət edərək müasir texnologiyalar vasitəsilə erməniləri ifşa etmək olar. Çünki hazırda tarixi abidələri, yazıları yaşına qədər aşkar etmək olur. Yəqin ki, dövlətimiz bu istiqamətdə lazımi addımlar atacaq. Və biz sübut edəcəyik ki, ermənilər həmin alban abidələrini saxtalaşdırmağa çalışıblar.   Ermənilərin Alban kilsələrinə sahib çıxmalarının və onların saxtalaşdırılmasının qarşısının alınması üçün Alban katolikosluğunun bərpası və onların idarəçiliyinin Alban-Udi icmasına verilməsi indiki dövrdə çox vacib və zəruridir. Bu baxımdan, Rəşad Məcidin sözügedən təklifini fəal şəkildə dəstəkləyirəm".

Millət vəkili Ceyhun Məmmədov da "525"in baş redaktorunun təklifinə tərəfdardır. C.Məmmədov deyib ki, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən saxtalaşdırılan və dağıdılan çoxlu sayda Alban abidələri var. Ermənilərin Alban kilsələrinə sahib çıxmalarının və onların saxtalaşdırılmasının qarşısının alınması üçün Alban katolikosluğunun bərpası və onların idarəçiliyinin Alban-Udi icmasına verilməsi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Vahid idarəçiliyə verilməyəcəyi təqdirdə bu kimi halların baş vermə ehtimalları daha çox olacaq.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov da işğaldan azad olunan ərazilərdəki qədim Alban mədəniyyətinə aid məbədlərin dini icmanın ixtiyarına verilməsi təklifini dəstəkləyir: "Fikrimcə, bu təklif  ictimaiyyət tərəfindən müsbət qarşılanacaq və geniş dəstəklənəcək. Çünki həqiqətən Azərbaycan ərazilərindəki xristian məbədlərinin ermənilərə aidiyyatı yoxdur. Bu abidələrin xüsusən qədim tarixə malik olanları Qafqaz Albaniyası dövlətinin tarixi irsidir. Onlar qətiyyən ermənilərə məxsus deyil, qədim Alban abidələridir. Çünki bu abidələri ermənilər 200 ilə yaxındır ki, özününküləşdirib. 1828-ci ildə Cənubi Qafqazı işğal edən Rusiya İmperiyası bu ərazilərə ermənilərin kütləvi köçünü təşkil edib. 1836-cı ildə isə Çar hakimiyyəti ermənilərin müraciəti əsasında tarixi cinayətə yol verərək Alban Həvari Kilsəsi və ya Alban Katolikosluğunu erməni-qriqoryan kilsəsinə birləşdirməklə bağlı qərar verib. Bununla da Qafqazın əsas sahibi olan alban xristian kilsəsi erməni kilsəsinə tabe etdirilib.  Azərbaycan hökuməti Şəkidə və Qəbələdə alban kilsələrini bərpa etsə də, Alban dini mərkəzi hələ də Rusiya qərarına əsasən, erməni kilsəsinə tabedir. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq üçün Azərbaycanın müvafiq qurumları Rusiya kilsəsinə müraciət edərək Alban kilsəsinin müstəqil kilsə olaraq tanınmasına nail olmalıdır. Alban irsini erməni işğalından azad etmək lazımdır".

Azərbaycan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili qeyd edib ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biri olduğunu sübut edir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir: "Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsinin bir qisminə erməni qriqoryan kilsəsi sahib çıxmağa çalışıb. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılıb, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılıb. Alban irsinin, o cümlədən, yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilib. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad edilən torpaqlarında heç bir alban məbədi saxlanılmayıb. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırmış, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtmışdır".

Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Azərbaycan Alban-Udi Xristian dini icmasının ixtiyarına verilməsi təklifinə gəlincə, R.Mobili vurğulayıb ki, bu, Azərbaycan ziyalısının Alban tarixinə, mədəniyyətinə səmimi münasibətinin və yüksək ehtiramının göstəricisidir: "Mən Rəşad Məcidə öz dərin təşəkkürümü bildirirəm". 

Sevinc QARAYEVA

 





30.11.2020    çap et  çap et