525.Az

"Şirin suyun sahili izdihamlı olar" - Kamal Abdulla-70


 

"Şirin suyun sahili izdihamlı olar" - <b style="color:red">Kamal Abdulla-70</b>

"Şirin suyu sahili izdihamlı olar" ifadəsi XIII əsrdə Konyada yaşayan, dövrünün Hippokratı, Platonu, "Anadolu həkimlərininn başı" epitetləri ilə anılan və I Ələddin Keyqubadın dövründə "daru`ş-şifa"nın (xəstəxana) baş həkimi olan Əkmələddin Naxçıvaniyə ünvanlanan məktubda yer alır.

Məktubu İslam sivilizasiyasının irfan dühalarından biri Cəlaləddin Rumi qələmə alıb. Məktubun məzmunu ilə bağlı geniş təfsilata varmadan qeyd edək ki, Rumi burdan Əkmələddin Naxçıvaninin alicənab və xeyirxah məziyyətlərinə diqqət çəkir.

Mən isə qeyd etdiyim bu ifadə kontekstində akademik Kamal Abdulla ilə bağlı öz düşüncələrimi çatdırmağa çalışacağam.

Altı ilə yaxındır, yarandığı gündən Kamal müəllimin rəhbərliyi altında  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çalşıram. Bu altı ildə görkəmli alim, dəyərli ədibimiz Kamal Abdullanın şəxsiyyətini səciyyələndirən bir çox nümunəvi keyfiyyətlərin şahidi olmuşam. Elə Rumidən seçdiyim "Şirin suyu sahili izdihamlı olar" ifadəsi də məhz bu mətləblərə işıq salan açar söz anlamındadır.

Etiraf edim ki, buna qədər - yəni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində fəaliyyətə başlayan kimi Kamal müəllimin cəmi iki hekayəsini oxumuşdum,  şəxsiyyətinə qiyabi olaraq rəğbətim var idi. Dəyərli akademiklə əyani tanışlıq, iş prosesindəki mülahizə və görüşləri məndə Kamal müəllimlə bağlı fikirlərimin dəqiq şəkildə formalaşmasına səbəb oldu. Mən möhtərəm akademikimizlə bağlı öz düşüncələrimi qısaca olaraq iki  əsas məqamla ifadə etmək istərdim. Necə deyərlər, "hər məqamın öz sözü, hər sözün öz məqamı var"...

İntellektual dərinlik: Bu məfhumu hazırda dil fəlsəfəsi sahəsində tədqiqatları ilə məşhur olan Noam Çomskinin "dil-təfəkkür" ayrımının ifadəsi məqsədilə işlətdiyi "dərin struktur" (deep structure) anlayışından təsirlənərək təqdim edirəm. Kamal Abdullanın həm elmi, həm də ədəbi yaradıcılığı da intellektual dərinlik anlayışı ilə izah olunur. Əlbəttə, bu qısa yazıda məsələnin təfərrüatına varmaq niyyətində deyiləm. Ancaq zənnimcə, Kamal müəllimin "Birun-Əndərun" essesi dediklərimi bu kontekstdə müxtəsər şəkildə ifadə etməyə yardımçı ola bilər. Müəllif essenin girişində "əndərun-birun" dilemmasını yaşam tərzindən və real həyatdan nümunələr gətirərək izah edir, hətta bunların sosial sferadan tutmuş təhtəlşüuura qədər ayrı məqamlar olduğunu deyir: "Bu, təkcə ədəb və ərkanda özünü göstərmirdi, təhtəlşüurdan (altşüurdan) vurub dil-danışıq qatından keçir, sosial münasibətlərin bu və ya başqa cür formalaşmasına təsir edirdi". Hasili-kəlam budur ki, bu intellektual dərinliyi möhtərəm ədibimizin bütün elmi və ədəbi fəaliyyətində müşahidə etmək mümkündür.

Mükəmməl təşkilatçılıq: Dünya və elm tarixində çox nadir insanlar həm nəzəri, həm də praktiki qabiliyyətlərini məcmu şəkildə birləşdirərək öz fəaliyyətlərini formalaşdırıblar. Bir qisminin qabiliyyəti bir istiqamətdə ortaya çıxarkən, başqa bir istiqamətdə bir qayda olaraq axsayıb. Və eyni ilə bunun əksi də reallıqdır. Ancaq Kamal müəllimin ən xarakterik cəhətlərindən biri də mükəmməl təşkilatçılıq istedadını uğurla tətbiq etməsidir. Onunla işləyən və yaxından tanıyan insanlar, məncə, bunu tam şəkildə təsdiq edə bilərlər. Hörmətli akademikimizin bütün elmi, ədəbi fəaliyyəti ilə bağlı bu məqamı müxtəlif tədbirlər, konfranslar və ən nəhayət, təhsil sahəsində yaxından görə bilərik. Məhz onun hər bir çıxışı və əməli işi məsələlərin nəzəri və praktiki vəhdətindən qaynaqlanaraq özünün varolma və həyatiyyət qazanma mərhələsinə keçir.



Kamal müəllimin fəaliyyəti və yaradıcılığı ilə bağlı bir çox aspektlərdən elmi məqalələr, magistr və doktorantura dissertasiyaları yazıla bilər. Və bu, məncə, olduqca vacib və gərəklidir. Çünki bu tədqiqatlar elmimizin və ədəbi mühitimizin inkişafı üçün gələcəkdə çoxşaxəli istiqamətlərin ortaya çıxmasına stimul vermiş olar.

Mən Kamal müəllimlə bağlı bu qısa təbrik yazısı çərçivəsində sadəcə öz səmimi düşüncələrimi ifadə etməyə çalışdım. Möhtərəm ədəbimizin də yazılarında istifadə etdiyi "ricət"  əsasında "şirin suyun sahili izdihamlı olar" deyiminə istinad edərək Kamal müəllimin daima bizlər üçün mayak olacağına səmimi qəlbdən inanıram.

Təbrik edirəm, Ustad! Yüz yaşayın!

 





01.12.2020    çap et  çap et