525.Az

BANM rektoru etiraz etdi, Yerevandakı iclas ləğv olundu


 

BANM rektoru etiraz etdi, Yerevandakı iclas ləğv olundu<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin rektoru, Qara Dəniz Universitetləri Şəbəkəsinin üzvü Elmar Qasımovun müraciətləri nəticəsində Amerika Ermənistan Universitetinin rektoru Karin Markides Qara Dəniz Universitetləri Şəbəkəsinə prezident seçilməyib.

BANM-dən 525.az-a verilən məlumata görə, bu ilin oktyabrında Yerevan şəhərində keçirilməsi nəzərdə tutulan Qara Dəniz Universitetlər Şəbəkəsinin Rektorlar Şurasının konfransı da ləğv olunub.

Qeyd edək ki, 2020-2022-ci illərdə Qara Dəniz Universitetləri Şəbəkəsinə prezidentlik etməsi üçün namizədliyi irəli sürülmüş K.Markides 2019-cu ildə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər edib.

E.Qasımov Azərbaycan qanunvericiliyini pozmaqla yanaşı, beynəlxalq hüququn norma və prinisiplərinə, eləcə də Qara Dəniz Universitetlər Şəbəkəsinin Nizamnaməsinə də hörmətsizlik edən bir şəxsin Qara Dəniz Universitetlər Şəbəkəsinə prezident seçilməsinə etiraz edib. Rektorun baş katib, professor Eden Mamuta, eləcə də İcraçı Şuranın üzvü olan 13 ali məktəbin rektoruna ünvanladığı rəsmi müraciətlər nəticəsində xanım Markidesin sözügedən qurumun prezidenti seçilməsinin və Rektorlar Şurasının konfransının Yerevanda keçirilməsinin qarşısı alınıb.

Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurumudur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 120-dən artıq ali təhsil müəssisəsi üzvdür. Yeni prezident seçkilərinin ləğv edilməsi ilə Şəbəkənin hazırkı prezidenti, professor Perikles Mitkasın səlahiyyət müddəti də daha 1 il uzadılıb.

SEVİNC

 





28.11.2020    çap et  çap et