525.Az

"Ölkəmiz üçün yeni quruculuq dövrü başlayır"


 

"Ölkəmiz üçün yeni quruculuq dövrü başlayır"<b style="color:red"></b>

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.

525.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində qarşıdakı yeni dövr barədə danışarkən səsləndirib.

“Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik. Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, biz bütün dünyaya böyük və yenilməz xalq olduğumuzu göstəririk. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq.

Artıq bu mövzu ilə bağlı müraciətlərini yekunlaşdırdığını bildirən Prezident İlham Əliyev deyib:
 
“Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

 





01.12.2020    çap et  çap et