525.Az

Korbetta Bələdiyyə Şurasından Azərbaycana dəstək


 

Korbetta Bələdiyyə Şurasından Azərbaycana dəstək<b style="color:red"></b>

İtaliyanın Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

525.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində məlumat yayan Korbetta bələdiyyəsinin meri Marko Ballarini bildirib: “Dünən axşam Korbetta Bələdiyyə Şurasında bələdiyyənin ən böyük siyasi qrupu olan “Viviamo Corbetta”nın təklifi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət adlı sənəd qəbul olundu. Bu sənədlə biz bğlgədə sülh və hörmətin bərqərar olması üçün tərəflərin BMT-nin müaviq qətnamələrinə və 10 noyabr tarixində imzalanmış bəyanatdan irəli gələn öhdəliklərə əməl etməsini istəyirik. Nəhayət ki, bu müharibənin sona çatması anı yetişib”.

Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

Sənəddə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxın müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənəddə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Sənəddə beynəlxalq hüququn norma və prinsiplərnə dəstək ifadə olunur, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti pislənilir, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin və 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladaığı Bəyanatın dərhal yerinə yetirilməli olduğu, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Qeyd edək ki, bundan öncə oxşar sənədlər İtaliyanın Kataniya şəhər Şurası, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri, Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri və Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri tərəfindən də qəbul edilib. Habelə, İtaliya Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Bəyanatın müddəalarının yerinə yetirilməsinə çağıran qətnamə qəbul edib.

 





01.12.2020    çap et  çap et