525.Az

Zod yatağına görə 1 milyard 80 milyon dollar təzminat


 

Zod yatağına görə 1 milyard 80 milyon dollar təzminat <b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Alqış Musayev, jurnalist:

- Rusiya bizim böyük qardaşımız olmaya bilər .

Amma Rusiya bizim böyük qonşumuz olaraq qalır.

Vladimir Putin mükəmməl dövlət ağlı olan rus vətənpərvəridir.

Azərbaycanın milli maraqlarını, dövlət mənafeyini hər şeydən üstün tutan İlham Əliyev kimi lideri var.

Rus və Azərbaycan xalqının mənafeyinə cavab verə biləcək anlaşma əldə etmək üçün resurslar kifayət qədərdir.

Yalnız belə bir qarşılıqlı faydalı və səmimi əməkdaşlıq regionda uzunmüddətli sülhə təminat verə bilər.

Asif Nərimanlı, jurnalist:

- Təkcə Zod yatağına görə 1 milyard 80 milyon dollar təzminat.

Kəlbəcərin Zod qızıl yatağının yarısı Azərbaycana təhvil veriləcək: hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası üzərində iş gedir və yaxın günlərdə məsələ həllini tapacaq.

Amma Ermənistan qanunsuz istismar etdiyi qızıl yatağını yox, həm də yatağın istismarından əldə etdiyi vergini də qaytarmalıdır.

Ermənistanın keçmiş ədliyyə naziri Arpina Ovannisyan deyir ki, "Yatağın yarısının Azərbaycana qaytarılması onun istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin qanuniliyi də şübhə altına alır".

Yatağı Rusiyanın "Geopromining" şirkəti istismar edirdi. Bu şirkət Ermənistanda 1000 vergi ödəyicisi arasında 4-cü yerdədir.

Erməni iqtisadçı Hovhannes Avetisyan deyir ki, yatağın təhvil verilməsi ilə Ermənistan dövlət büdcəsi hər il 40 milyon dollar vergi gəlirini itirəcək.

Avetisyanın açıqladığı rəqəm bəlkə də daha kiçikdir, lakin dediyindən məlum olur ki, yatağın istismarına görə hər il Ermənistan dövlət büdcəsinə 40 milyon dollar vergi ödənilirmiş.

Bu rəqəmi yatağın qanunsuz istismar ilinə vursaq, təxmini hesablama ilə Ermənistanın təkcə Zod yatağına görə Azərbaycana ödəməli olduğu məbləği müəyyənləşdirmək olar.

27 il + 40 milyon dollar = bir milyard 80 milyon dollar: Zod yatağının qanunsuz istismarına görə Ermənistanın Azərbaycana verməli olduğu təzminat...

***

- Çiynindən vururduq, sanki bunu hiss etmirdilər, terminator kimi irəliyə şığıyırdılar;

- Ancaq irəliləyir, hücuma ara vermirdilər;

- Onların hücumları dalğalı şəkildə davam edirdi;

- Əlbəttə, belə bir qüvvənin qarşısında tab gətirə bilməzdik;

Bunu erməni əsgər Narek Caninyan və Andrey Nalbanzyan Azərbaycan əsgərləri haqqında danışarkən deyib. Hətta bir az da irəli gedərək, "azərbaycanlıların zombi kimi döyüşdüyünü" iddia edirlər. Bənzətmə erməni təbliğatıdır, amma bu, həm də ermənilərin Azərbaycan əsgəri qarşısındakı qorxusunun ifadəsidir.

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- 28 noyabr 1907-ci ildə millətimizin böyük müəllimi Həsən bəy Zərdabi haqq dünyasına qovuşmuşdu.

Həyatının son illərində hamı tərəfindən unudulan, yaddan çıxarılan Həsən bəyin vəfatının ertəsi günü onunla birlikdə "Kaspi" qəzeti redaksiyasında çalışan jurnalist A.Olendski böyük yanğı hissi və ürək ağrısı ilə yazmışdı: "Təəssüf ki, vətənimizdə həmişə olduğu kimi bu dəfə də yada düşmək üçün mütləq ölmək lazım gəldi".

Cəmiyyətimizin onilliklər boyu dəyişməyən qaydası!

Cavid Zeynallı, yazıçı:

- 90-cı illərin sonunda "Armyanski vestnik" qəzeti yazırdı: "1994-cü il aprelin 13-də "Karatyan" adlı iqtisadçı qrup Zəngilana göndərilib. Göstərişi Ermənistan kəşfiyyat idarəsi verib. Polkovnik Boris Kapilyan dövlətə göndərdiyi hesabatda yazırdı:

- Bizim Zəngilanı əkmək imkanımız yoxdur, rayonu xaricilərə icarəyə verək. Orada hər şey bitir.

Avropada ən böyük çinar meşəliyi Zəngilandadır. Sahəsi 107 hektardır.

İşğaldan sonra 42 hektar çinar sahəsinin ağacı kimyəvi-yuyucu məhlullardan keçirilərək toz halına salınıb. Hərbi sursatların qablaşdırılmasında istifadə olunub.

1998-ci ildə xaricə 100 dollardan 70 çinar satılıb. 110 çinar çıxarılaraq Göyçə gölünün ətəklərində və Yerevanda əkilib.

Zəngilan çinarlarının yaratdığı iqlim şəraiti vərəm viruslarını 19 saniyə ərzində məhv edir.

1980-ci ildən 1990-cı ilədək bu regionda vərəmə tutulanların sayı cəmi 34 nəfər olub.

1995-ci ilin martından 1997-ci ilin iyuluna qədər Zəngilan-Bəsitçay ərazisində 89 nəfər erməni vərəmdən müalicə olunub.

BDU-nun Slavyan ölkələri tarixi kafedrasının müdiri Tofiq Vəliyev 1974-1975-ci illərdə Leninqrad Dövlət Arxivində araşdırma aparıb. Əlinə keçən bir sənəddən oxuyub ki, istefada olan general Həsən Ağalarova ona məxsus olan çinar meşəliyini "Zadəgan Torpaq Bankı" şirkətinə satmaq təklif olunub. Generalın cavabı:

- Bütün əmlakımı övladlarım arasında bölmüşəm. Çinar meşəsi isə qızımın payına düşüb. Əmlak mənə məxsus deyil.

Bir müddət sonra şirkət generala təzyiq edib ki, meşənin bir hissəsi qırılacaq, parket və çəllək düzəltmək üçün istifadə ediləcək. General Həsən Ağalarovun növbəti cavabı:

- Meşəni qızıma vermişəm. O, Parisdə yaşayır. Qızımın əri Rusiyanın Fransadakı səfirliyində vəzifə sahibidir. Özbaşına bir çinar ağacı kəsilsə, ən yüksək səviyyədə şikayət olunacaq.

Həmin şirkət bir daha general Həsən Ağalarovu narahat etməyib.

Vətən çinarlarını görmək, gövdələrinə qucaq açmaq arzusu ilə...

Vüqar Əliyev, iqtisadçı:

- Bura bizim kəndimizdir. Laçın rayonu. Kosalar (Ağoğlan) kəndi. Ermənilər tökülüşüb ağacları kəsirlər.

Rəhmətlik nənəm həmişə söhbət edərdi ki, kəndimizin 800 metrləyində olan 3 erməni kəndinin əhalisi 41-45 müharibəsində bu ağaclarln sayəsində aclıqdan xilas olublar.

Erməni kəndləri daha hündürdə olduğu üçün orada meyvə ağacları əmələ gəlmirmiş. Hər yay ermənilər gəlib bizim bağlarda artıq qalan meyvəni qurudub, qaxa çevirərək müharibəni başa vurublar. İndi kəsirlər ağacları...

Burnunuzdan gəlsin.

Anar Cəbrayıllı, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri:

 - Uşaq vaxtı 2 yay İstisuya getmişik. Taxtaya da çıxmışıq (dağların zirvəsində böyük bir düzənlik ərazidir). 0,5 ha ərazidə  onlarla qaynama, hər birinin temperaturu da fərqli. Bir dəfə böyüklər zorla məni qaynar suda çimizdirdilər. Fikirləşdim ki, dərim yanacaq, sulux bağlayacaq, amma heç nə olmadı. Ondan sonra özüm tək gedib İstisuda çimirdim. Əsl möcüzəli sudur. Klubda da ancaq hind filmi göstərirdilər.

İnşallah gələn yay da getməyi planlayıram.

Şahbaz Xuduoğlu, naşir:

- O evlər var ha, yandırırlar, bunlar ermənilərin deyil, 30 il əvvəl tərk etdiyimiz evlərimizdir. O zaman biz yandırmadıq, çünki insan yaratdığını məhv etmir, həm də geri dönəcəyimizə inanırdıq.

Başları kəsilən heyvanlar var ha, onlar da bizimdir, o vaxt qıymadıq, o torpaqlardan ayırmadıq, çəkdiyimiz ağrıları heyvanlarımıza yaşatmaq istəmədik... İtləri də eləcə. Zəncirlədik, həyətimizdə qaldı, tabağımızda olan çörəyimizi yalına töküb çıxdıq. Hələ ağaclarımızı demirəm, üstündəki meyvəyə belə toxunmadıq.

Xumar Ağayeva, jurnalist:

- "Xoşbəxtliyini hansı qütbdə axtarırsan?"

Xoşbəxtlik haqqında bir-birinə zidd olan iki nəzəriyyə var. Biri Axın nəzəriyyəsi, digəri isə hygge (hıgı) adlanır.

Xoşbəxtlik bir planet olsa, bu iki nəzəriyyə iki ayrı qütb olardı.

Axın nəzəriyyəsi bir şeyi edərkən hiss etdiyimiz xoşbəxtlikdir. Bu, əslində, hamımızın hiss etdiyimiz xoşbəxtlik formasıdır. Bu xoşbəxtliyi hiss etmək bəlirli hədəfləri olan, irəlilədiyini hiss etdirən və çətinlik səviyyəsi bacarıqları ilə uyğun gələn bir işə diqqətinizi cəmləşdirməyinizdir. Axına girdiyin an həm zamanın dayandığını, həm uçduğunu, həm səninlə burada olduğunu, həm də dünya ilə bir olduğunu hiss edirsən. Hər birimiz sevdiyimiz işi görərkən axında olduğumuzu hiss etmişik.

Bir də başqa bir xoşbəxtlik var. Danimarka dünyanın ən xoşbəxt ölkəsidir. Onlardan bu xoşbəxtliyin sirrini soruşanda - hygge (hıgı) deyirlər. Nədir hygge?

Şam yandırmaq, yumşaq odeyala bürünmək, sevdiyin insanlarla bir yerdə olmaq, isti kofe içmək, hirs və müqayisə etmədən hər kəsi həyatına daxil etmək, telefonu söndürmək, şükür etmək, həyatımızda olan gözəl şeylərin dəyərini bilmək, günəşin istisindən həzz almaq, gözəl musiqi ilə rəqs etmək və s. Bu siyahını nə qədər desəniz, uzatmaq olar. Ümumiləşdirib desək, anı yaşamaq, kiçik şeylərlə xoşbəxt olmaq, sevdiklərinlə birlikdə və bərabər olmaq, minnətdarlıq və şükür etmək, komfortu, rahatlığı və huzuru yaşamaq.

Bu siyahi sizə çox qarışıq gələ bilər. Əslində, bu, xoşbəxtliyin "Yan" tərəfidir. Qədim Çin fəlsəfəsində balansı göstərən "İn Yan"

Bu iki nəzəriyyə əslində, xoşbəxtliyin "İn və Yan"ıdır.

Kimisi Həyatını axında yaşayır, isti corab geyinib ədyala sarılmaq ağlına gəlməz. Kimisi komfortunu heç nəyə dəyişmədən işlərini də görməyə çalışar.

Əsl xoşbəxtlik həyatın axışında hər ikisinin dadını yaşaya bilməkdir. Tək axında olanda kiçik saydığımız gözəl şeylərin dadını unuduruq. Tək hygge yaşamaq komfort zonanı tərk etməməkdir.

Əsl xoşbəxtlik isə diqqətini məqsədinə verib axında olmaq, sonra isti kofe içib zəhmətin ləzzətini yaşaya bilmək kimi...

Həyatın dadı elə harmoniyadır...

Sahib Məmmədov, QHT təmsilçisi:

- Piyadalar və tank əleyhinə minalar, eləcə də PHS (patlamamış hərbi sursat) bir çox hallarda hərbi əməliyyatlar zamanı həlak və şikəst olanlardan daha çox insanı öldürür və şikəst edir. Onların təmizlənməsi isə onilliklərlə davam etsə də yenə də qalır. İkinci Dünya müharibəsinin mina və PHS-ləri hələ də tapılmaqdadır.

Niyazi Mehdi, filosof:

- Xankəndindən indi verilən görüntülərdən aydın olur ki, ermənilərin, yabançı mediaların oranın darmadağın edilməsi haqqında haray-həşirləri yalan imiş. Halbuki Gəncənin, Tərtərin, Bərdənin bombalanmasını onunla təmizə çıxarırdılar ki, azərbaycanlılar da Xankəndini bombalayırlar. Bizim Xarici İşlər Nazirliyi rus, ingilis dillərində bu faktı sübut edən fotoşəkilli sənəd hazırlayıb yaymalıdır. Orada yalan söyləmiş jurnalistlərin, agentliklərin də adı sadalanmalıdır. Bilmirəm, bəlkə də, həmin sənədi Azərbaycan Xarici İşlər Nazirliyinin İkinci Qarabağ müharibəsi ilə bağlı "Ağ kitabı" adlandırmaq olar.

 





01.12.2020    çap et  çap et