525.Az

"Yaralılarımız ancaq döyüşmək, sağalıb döyüşə qayıtmaq istəyirdilər"


 

MÜSAHİBİMİZ İKİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI, HƏRBİ HƏKİM AZƏR SAHİBİDİR

"Yaralılarımız ancaq döyüşmək, sağalıb döyüşə qayıtmaq istəyirdilər"<b style="color:red"></b>

İkinci Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə yekunlaşdığı vaxtdan bu günə qədər döyüş vaxtı qəhrəmanlıq göstərmiş qazilərimizin dilindən  həm özləri haqqında, həm də şəhid olan silahdaşları haqqında bir-birindən qürurverici xatirələr eşidirik. Bu döyüş xatirələri bir daha sübut edir ki, Azərbaycan əsgəri bu zəfərə öz qanı və canı bahasına nail olub.

Həmsöhbətimiz İkinci Qarabağ savaşının iştirakçısı, hərbi həkim Azər İnqilab oğlu Sahibidir. Azər əlində silah, belində tibb çantası ilə həm döyüşüb, həm də yaralı əsgərlərimizin köməyinə çatıb.

Müsahibəni təqdim edirik. 

***

- Əvvəla, bu şanlı zəfər münasibətilə sizi təbrik edirəm. Həm  İkinci Qarabağ savaşına qədər, həm də savaşda bir hayat yolu keçmisiniz. İlkin təsəvvür üçün əvvəlcə bir qədər bu haqda məlumat verin.

- Naxçıvan Muxtar Respublikasının bir neçə qoşun növündə, ucqar yerlərdə, dağ postlarında xidmət etdikdən sonra həm fiziki hazırlığım yüksək olduğuna, həm də təcrübəli hərbi həkim olduğuma görə təyinatımı Xüsusi Təyinatlı Qüvvələrə verdilər. İki il ərzində, 2018-dən bu günə qədər XTQ-də xidmət etdim. Ondan sonra bildiyimiz kimi, Vətən müharibəsi başladı. Biz də digər ordu bölmələri kimi savaşa qatılmağa bir şans qazandıq. Beyləqandakı mərkəzdə toplaşdıq, ümumi vəziyyət bizə başa salındı ki, nə etməliyik. Sonra biz Hadruta getdik. Hadrutda birinci dəfə olurdum. İşğaldan təzə azad olunmuşdu və ora birinci dəfə gəlmək çox qürurverici hisslər idi. Sonra Hadrutda bir mərkəzdə yenidən görəcəyimiz işlər bölüşdürüldü. Bizə daha irəli getmək üçün tapşırıqlar verildi. Şuşa istiqamətində döyüşlərdə olduq. Xocalının Çanaqçı, Dəmirçilər, Sığnaq kəndlərini azad etdik və yenidən bir-iki yüksəklik qət elədik. Daşaltı kəndinə qədər irəlilədik. Sonra mən geri döndüm.

- Bildiyimiz kimi, bu savaşda tibb xidmətinin çox böyük rolu və köməkliyi oldu. Tibb xidməti döyüşlərdə hansı cəhətlərdən mühüm amil idi? Siz bir həkim kimi hansı situasiyalarla qarşılaşırdız?

- Ordumuzun bu şərəfli işində tibb xidmətinin xüsusi rolu var. Yəni Azərbaycan Ordusunun həkimləri, o cümlədən, mülki müəssisələrdə işləyən həkimlər döyüşlərin gedişi boyunca əllərindən gələn köməyi etdilər. Ümumiyyətlə, döyüşü həkimsiz təsəvvür eləmək mümkün deyil. Tibb xidmətinin işi, birinci olaraq, ilkin yardım göstərilməsidir. XTQ-də çalışan həkimlərin, feldşerlərin, sanitarların işi döyüş olan ərəfədə yaralılara kömək etməkdir. Bunun üçün təkcə tibbi biliklər bəs eləmir. İlkin tibbi yardım göstərənlər uzun müddət həm ac qalmağa, həm susuz qalmağa, həm də piyada uzun məsafəni qət eləməyə öyrəşməlidirlər, fiziki cəhətdən hazır olmalıdırlar. Həmişə bir amalla çalışırdım ki, mənim yardım göstərdiyim heç kəs şəhid olmasın. Nə qədər bacardımsa, kömək elədim. Şükür Allaha ki, bir nəfər xaric, yardım göstərdiklərimdən heç kim şəhid olmadı. Hamısı ilə getdikdən sonra maraqlanırdım ki, "Filankəsi göndərmişəm, necədir, yaxşıdırmı?" Deyəndə ki, hər şey yaxşıdır, mən də öz adıma sevinirdim ki, burada müəyyən bir işi mən də görə bildim.

- Yanınızda neçə-neçə əsgər yaralanıb. Həmin an hansı hisslər keçirirdilər, nə danışırdılar?

- Yaralılarımız ancaq döyüşmək, sağalıb yenidən döyüşə qayıtmaq istəyirdilər. Bir dəfə XTQ-nin baş leytenantı yaralanmışdı. Həmin ərəfədə şiddətli döyüş gedirdi və mən ona yardım göstərirdim. Digər yaralılar yaxşı idi, nisbətən ağırı bu idi. Ayağından yaralanmışdı. Kömək eləyən ərəfədə adamı saxlaya bilmirdim, sakitləşmirdi. Mən elə bilirdim  ki, bu, yarası ilə bağlı bir şeydir. Sonra gördüm ki, yox, əsəbləşir ki, "Mən niyə yaralanmışam?". Görürəm ki, öz-özünə deyir: "Şuşanı görə bilmədim, Şuşanı görə bilmədim, Şuşaya çata bilmədim..." Onu sakitləşdirməyə çalışırdım: "Sənin yaran elə də ağır yara deyil, uzağı 3-4 günə qayıdarsan". Təbii ki, 3-4 günlük yara deyildi. Ondan sonra sakitləşdi. Dəfələrlə belə hadisələr olurdu. Açığı, heç kim yaralanmaq istəmirdi. Bəlkə də, şəhid olmaq istəyirdilər, amma yaralanmaq, geri qayıtmaq istəmirdilər.

- Döyüşlərdə olan zaman hansı hadisə sizin çox böyük marağınıza səbəb olmuşdu?

- Azad etdiyimiz kəndlərdə əsirlər də ələ keçirirdik. Əksəriyyəti kənddə yaşayan yaşlı əhali idi. Biz görəndə çox təəccüblənirdik ki, necə ola bilər ki, kəndin boşaldıldığı vaxtda insan öz ata-anasını qoyub getsin. Bu ermənilər onu da etmişdilər. Bizim milli-mental xüsusiyyətlərimiz icazə vermir ki, hansısa yaşlımızı, körpəmizi arxada qoyub gedək. Amma onlar edirdilər. Yaşlı insanların əskəriyyəti Azərbaycan dilini bilirdilər. Bilməyənlər də rus dilində danışırdılar. Əvvəlcə onlar çox qorxurdular. İzah edəndən sonra ki, onlara dəyməyəcəyik, bizim onlarla işimiz yoxdur, sonradan sakitləşirdilər. Bir dəfə bir hissəsini saxlamışdıq, çay-su verirdik. Sonra yaşlı bir erməni qadın xahiş elədi ki, mənim dərmanlarımı evdən götürmək lazımdır. Bizim əsgər gedib dərmanı gətirdi. Qadın kövrəldi və bizim əsgərimizin əlini öpdü. Biz də məəttəl qaldıq. Bu millət elə bir millətdir ki, bunların səmimiliyinə inanmaq olmur. Ancaq həmin hadisə göstərir ki, onlar bilmirlər biz belə millətik. Doğulandan böyüyənə qədər onlara izah olunub ki, türklər, azərbaycanlılar pisdir. Amma gözləri ilə görəndə inandılar ki, azərbaycanlılar yaxşı insanlardır. Onlar bizi görəndə heyrətlərini gizlədə bilmirdilər. Torpaqlarımıza yenidən qayıtdıq, əsirlərə və digərlərinə göstərdik ki, Azərbaycan əsgəri, ümumiyyətlə, Azərbaycan türkü nə deməkdir.

- Qeyd elədiyiniz kimi, Daşaltı kəndinə daxil olduqdan sonra geri qayıtmısınız. Təxliyə olunmağınız səbəbi nə idi?

- Döyüşün ağırlığı o mənada çətindir ki, həm əlimizdə silah olur, həm də belimizdə tibb çantası. Bir yandan döyüşdə iştirak edirik, bir yanda da yaralıya baxırıq. Gedəndə də, hamımız bu düşüncədəydik, hazırlıqlıydıq. Qəflətən bir hücum oldu bizə. Hücum ərəfəsində dayanmadan mina atanlarla zərbələr endirirdilər. Biz də müəyyən mövqelərdə gizləndik. Buna baxmayaraq, həmin vaxtı mənim yanıma bir mərmi düşdü. Mən bildim ki, o zərbə dalğası həmin an məni tutdu.

Məndə beyin silkələnməsi oldu, möhkəm baş ağrıları başladı. Eyni zamanda, böyrək ağrıları başladı. Mən gördüm ki, davam edə bilməyəcəm. Bununla bağlı məruzə etdim və təxliyə qrupu gələndə onlarla birlikdə geri qayıtdım.

- Qələbə xəbərini harda eşitdiz və həmin an hansı hisslər keçirdiniz?

- Qələbə xəbərini hospitalda olanda cənab Prezidentin çıxışından eşitdim. Hamımızda çox böyük sevinc hissi oldu. Yaralıların da hamısı çox sevindilər. Bu sevinc həm bizim qələbə xəbərimiz üçün idi, həm də əsgərlərimizin yaralanma, şəhid olma faizi aşağı düşmüşdü. O torpaqları görməyən, o torpaqlarda yaşamayan, daimi olaraq o torpaqların həsrətilə yaşayan gənclərimiz böyük vətən sevgisi ilə həmişə orda döyüşməyə hazır idilər. Təsəvvür edin ki, o torpağı görməmisən, orda doğulmamısan, yaşamamısan, amma bilirsən ki, ora sənindir, sənin dədə-babalalarınındır və sən ora əvvəl axır qayıtmalıydın, səndən sonrakı nəsillərin orda yaşayıb-yaratmasını təmin etməlisən. Gənclərimizə görə çox sevinirəm. Çünki onlar indiyə qədər yaşayan nəslin yaşadığı bu ağrı-acıları yaşamayacaqlar. İnşallah ki, bizdən sonrakı nəsillər həmişə torpaqlarımızı qoruyacaqlar, onun keşiyində dayanacaqlar və bir daha torpaq itkisinə imkan verməyəcəklər.

Nadir RZALI

 





01.12.2020    çap et  çap et