525.Az

“Associated Press” Laçının işğaldan azad edilməsindən yazır


 

“Associated Press” Laçının işğaldan azad edilməsindən yazır<b style="color:red"></b>

“Associated Press” agentliyi Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı məlumat yayıb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatda altı həftəlik müharibəyə son qoyan razılaşmaya əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin ərazilərə nəzarəti bərpa etməsini tarixi qələbə kimi qiymətləndirdiyi diqqətə çatdırılır. Dövlətimizin başçısının xalqa müraciətindən bəzi fikirlərə yer verilir:

“Biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik... Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır... Biz artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik... Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.

Məlumatda bildirilir ki, 44 günlük ağır döyüşlər sentyabrın 27-də başlamışdı. Bu müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məğlub edib. Nəticədə Ermənistan noyabrın 10-da razılaşmanı qəbul etməyə məcbur olub.

Məlumatda Prezident İlham Əliyevə istinadla müharibə zamanı 94 mülki Azərbaycanın vətəndaşının həlak olduğu, 400-dən çox mülki vətəndaşın yaralandığı qeyd edilir.

Bundan başqa, məlumatda Rusiya və Türkiyə arasında Birgə Müşahidə Mərkəzinin yaradılması ilə bağlı sənədlərin imzalandığı diqqətə çatdırılır.

Qeyd edilir ki, torpaqları azad edilən Azərbaycan vətəndaşları həmin ərazilərə qayıtmaq arzusundadırlar. İyirmi səkkiz il əvvəl Laçın rayonunu tərk etmək məcburiyyətində qalmış 56 yaşlı Qurban Həsənov deyir ki, o və ailəsi doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyir: “Mən geri qayıtmaq üçün arzumu ifadə etməyə söz tapa bilmirəm”.

“Associated Press” ermənilərin Azərbaycana geri qaytarılan əraziləri tərk etməmişdən əvvəl evləri yandırdıqları barədə də məlumat verir.

 





01.12.2020    çap et  çap et