525.Az

Yeni qəhrəmanlıq salnaməsi dərsliklərdə əks olunacaq - Təhsil


 

Yeni qəhrəmanlıq salnaməsi dərsliklərdə əks olunacaq - <b style="color:red">Təhsil</b>

Bu günlərdə Təhsil Nazirliyin tərəfindən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilib. Məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edir. Planda Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əks olunur.

Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır.

Həmçinin, "Çağırışaqədərki hazırlıq" fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır.

Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, "Dərs vaxtı" teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur.

Torpaqlarımız artıq düşməndən azad edilib və uzun illər idi ki, bizim dərsliklərimizdə işğal tarixləri yer tuturdu. Bu gün mühüm məsələlərdən biri, dərsliklərin dəyişdirilməsi ilə bağlıdır. Qələbədən sonra yeni dərsliklərin hazırlanması qaçılmazdır.

Təhsil naziri Emin Əmrullayev deyir ki, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq: "Burada, ümumiyyətlə, məzmun dəyişikliyindən danışırıqsa, təhsilin məzmunu yəqin ki, bir neçə istiqamətdə dəyişəcək. Birincı istiqamət - mahiyyət və əhvali-ruhiyyə məsələsidir. Çünki yenə də mən əvvəldən qeyd etdiyim kimi, bu günə qədər təhsilimizin, məktəblərimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını Vətənin müdafiəsinə, torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya artıq müəyyən mənada uğurla yerinə yetirilib. Növbəti missiya təbii ki, əldə olunan uğurların qorunması, eyni zamanda da bizim yaşadığımız mühitin və risklərin, gələcəkdə əvvəllər üzləşdiyimiz məsələlərlə bir daha üzləşməməkdir. Məktəblərdə şagirdləri bu dəyişikliklərə hazırlamalıyıq. Eyni zamanda da qısa müddətdə artıq tərəfimizdən istər Şuşanın işğaldan azad olunması, istərsə də ümumiyyətlə, ikinci Vətən müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, növbəti yarımildən bununla bağlı artıq məzmunda müəyyən dəyişikliklər ediləcək. Uzunmüddətli vədədə düşünürəm ki, biz işğal tarixlərini hələ də yadımızda saxlamalıyıq. Çünki çox vacib tarixlərdir. Ancaq torpaqlarımızın işğaldan azad olunma tarixləri və xalqımızın, dövlətimizin bu sahədə əldə etdiyi uğurları da bir dərs kimi şagirdlərimizə, təhsilalanlarımıza çatdırmalıyıq. Vətən müharibəsində canlarından keçən qəhrəmanlarımızın sözsüz ki, real həyat üzərində çoxlu tarix, hekayə yazılacaq".

Nazirin sözlərinə görə, Azərbaycanda həmişə şəhid övladlarının adının əbədiləşdirilməsi istiqamətində işlər görülüb: "Təkcə Bakıda yox, ölkənin müxtəlif yerlərində, kəndlərində şəhid adının əbədiləşdirilməsi istiqamətində, həm məktəb adları, həm də onların yaşadıqları küçələrə adlarının verilməsi məsələsi müvafiq qaydalarla tənzimlənən bir məsələdir. İnandığım bundan ibarətdir ki, bu proseslər bitdikdən sonra bu məsələlərin sistemləşdirilməsi və qərarların verilməsi, təbii ki, mümkün olacaq. Hazırkı vəziyyətdə bu məsələ də gündəmdədir və növbəti mərhələlərdə, yəqin ki, müvafiq qərarlar veriləcək".

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə dəyişikliklərin edilməsi vacibdir. Artıq bununla bağlı olaraq tərəfimizdən nazirliyə müvafiq tövsiyələr verilib: "10 Noyabr Azərbaycan hərb tarixində ən böyük zəfərlərdən biridir. Bu səbəbdən yeni dərsliklərin yazılmasına ehtiyac var. Bu dərsliklərdə qəhrəmanlarımızın həyatı, onların keçdikləri keşməkeşli həyat yolundan bəhs edilməlidir. Təkliflərimiz nəzərə alınıb, bu təkliflərlə bağlı müvafiq dərsliklər hazırlanacaq".



Dərsliyin hazırlanmasının elə də asan prosedur olmadığını deyən ekspert bu işin müəyyən qədər zaman alacağını bildirir: "Ümid edirəm ki, növbəti tədris ilinin dərsliklərində bu məsələlər yer alacaq. Lakin dərsliklərin dəyişdirilməsi məsələsi növbəti tədris ilinədək çatdırılmazsa, bununla əlaqədar olaraq əlavə vəsaitlər hazırlanması gündəmdədir. Bununla bağlı müvafiq addımlar atılacaq. Qeyd edim ki, artıq nazirlik faktların toplanması, onların təqdim olunması istiqamətində işlər görür. Toplanan bütün materiallar da faktlara əsaslanacaq".

Təhsil eksperti Kamran Əsədov deyir ki, orta ümumtəhsil məktəbləri üçün ayrılan dərsliklərdə əsas məqsədlərdən biri də şəxsiyyət yetişdirməkdir: "Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanla müharibə şəraitində idi. 90-cı illərdə baş verən hadisələr tarix dərsliklərində də əksini tapmışdı. Birinci Qarabağ müharibəsi ilə bağlı faktları oxuduqda müəyyən qədər bədbin olurdular. Lakin 44 günlük müharibə ilə Azərbaycan özünün zəfər tarixini yazdı, beləcə ərazi bütövlüyümüz bərpa olundu. Təbii ki, bu müharibədə igidlərimizin göstərdikləri qəhrəmanlıq, zəfər gənc nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında müstəsna rola malik olacaq və bir mənbə kimi istifadə olunacaq".

K.Əsədovun dediyinə görə, 2021-ci ildə istifadəsi nəzərdə tutulan orta ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında dəyişiklik olacaq. Bu dəyişikliklər bir neçə formatda olacaq. Birincisi, dərsliklərin üz qabığında, yəni dizaynında dəyişikliklər olacaq. Tarix dərsliklərinin, xüsusən də 11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Digər dəyişiklik isə məzmunla bağlı olacaq. İndiyədək biz dərsliklərdə bu torpaqların işğal tarixi haqda məlumatlara yer verirdiksə, artıq bu məzmun tamamilə dəyişəcək, yeni tarix yazılacaq: "Dərsliklərdə, gündəliklərin əvvəlində işğal edilmiş ərazilər haqda məlumat verilirdisə, artıq onlar hamısı silinəcək və azad edilmiş ərazilərin tarixləri yazılacaq, şanlı tariximiz haqda məlumat veriləcək. Bununla yanaşı, azad edilmiş torpaqlarla bağlı atılacaq addımlar, eyni zamanda da hüquqi baxımdan atılacaq addımlar haqda da məlumat veriləcək. Bundan sonra dərsliklərimizin bədbin deyil, mübariz ruhda yazılması gündəmdə olacaq".

Təhsil eksperti qeyd edib ki, tarix dərsliklərində ediləcək dəyişikliklər üç istiqamətdə olacaq. Birinci istiqamət onun məzmunu, ikinci istiqamət qrafik, dizayn baxımından, üçüncü istiqamət yanaşma olaraq ediləcək. 5-ci sinifdə ilk dəfə olaraq tarix kitabını oxumağa başlayan şəxslər orada məzmun baxımından Azərbaycan haqqında ilkin məlumatları əldə etməyə başlayırlar: "Biz mütləq şəkildə ibtidai sinifdə təhsil alan şagirdlərdə Azərbaycanın tarixi ilə bağlı hadisələrin ilkin fikir oyatmasına çalışırıq. Ona görə də 5-ci sinif tarix kitabının üz qabığında və içərisində 44 günlük qələbə tariximiz əks olunacaq. 9-cu sinif Azərbaycan tarixi dərsliyində burada ciddi dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, 9- cu sinfin mövzusu məhz ilkin olaraq orta-ümumi təhsil məktəblərini başa vuracaq şəxslərdə artıq müasir dövr haqqında ilkin bilikləri formalaşdırır. Buna görə 9-cu sinif tarix kitablarında da Azərbaycanın 44 günlük zəfər tarixi əks olunacaq. Eyni zamanda, 9-cu sinif dərsliyinin üz qabığında 44 günlük qələbəmizin, zəfərimizin, müharibəmizdə iştirak etmiş şəxslər barədə onların şəkilləri, illüstrasiyaları haqqında geniş məlumat veriləcək. Daha sonra 11-ci sinif Azərbaycan tarixi dərsliyində daha geniş məlumat əks olunacaq. Çünki 11-ci sinifi bitirmiş şəxslər Azərbaycanın müstəqil həyatına qədəm qoyacaqlar. Dərsliyin üz qabığında 44 günlük müharibədə xüsusi fərqlənmiş əsgər və zabitlər, onların döyüş yolları haqqında illüstrasiyalar öz əksini tapacaq".

K.Əsədovun sözlərinə əsasən, ibtidai sinif dərsliklərinin məzmununda da dəyişikliklər ediləcək: "Bir sıra yeni hekayələr əlavə olunacaq. Bu hekayələr Azərbaycanın zəfər tarixini özündə əks etdirəcək formatda olacaq. Yəni biz hansısa xarici ədəbiyyatdan götürülən qəhrəmanlıq mövzusunda yazılan hekayələrə deyil, Azərbaycanın özünün 44 günlük şanlı tarixində göstərdiyi qəhrəmanlığı işıqlandıracağıq. Burada II Qarabağ savaşında baş tutan qələbələrdən bəhs ediləcək. Bu baxımdan birmənalı olaraq ibtidai siniflərdə şeirlərin, hekayələrin də məzmunu dəyişəcək".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





01.12.2020    çap et  çap et