525.Az

Azərbaycan dövlətçiliyinin Laçın mərhələsi başlayır... - Alqış Müsayev


 

Azərbaycan dövlətçiliyinin Laçın mərhələsi başlayır... - <b style="color:red">Alqış Müsayev</b>

Xəyallarımız gerçəkləşir.

Azərbaycan tarixində bir  sıra ilklərə müəlliflik etmiş Prezident növbəti ilkə imza atdı. Ölkəmiz son 200 ildə ilk dəfə olaraq yeni tarixi mərhələyə - Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə daxil olur.

Biz qalib Dövlətik.

Biz qalib Orduyuq.

Biz Komandan xalqıq.

Hazırda Qələbəmizə fərqli səmtlərdən yanaşanlar  var və olacaq. Siyasi ekspertlər, iqtisadçılar, hərbi mütəxəssislər dostlarımız, düşmənlərimiz danışır, yazır, şərh verir.

Amma ən obyektiv (bütün dövrlərdə və bütün hadisələrə münasibətdə olduğu kimi) qiymət xalq təfəkküründən gəldi.

Xalqın səmimiyyəti və emosional üslubu istənilən intellektual və  peşəkar mühakiməni üstələyir.
Bu gün bütün Azərbaycana ümumi bir təəssürat hakimdir.

Kimi danışdırırsan, kiminlə rastlaşırsan, "doğrudanmı torpaqlarımız azad olub?" deyir.

 Doğrudanmı "Şuşa  qayıdıb?" deyə soruşur. Hələ də Şuşa qalasının  fəthi, Qarabağın  işğaldan azad edilməsi adamlara möcüzə kimi görünür, yuxu kimi gəlir.

Bu o deməkdir ki, Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Əsgəri möcüzəni reallaşdırıb, yuxunu gerçəyə çevirib, namümkünü mümkün edə bilib.

Böyük Füzulinin mövcüd mənzərəyə, ruh halımıza uyğun  bir beyti var:

Bu vüsalə yuxu əhvali demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.

Füzuli müasirimiz olsaydı, hətta bu  obrazın birbaşa  Şuşaya aid edildiyini söyləmək belə yerinə düşərdi.
Çünki 30 ildir  gecəsi-gündüzü olmayan, yuxusu Qarabağ çöllərində sərgərdan gəzən bir xalqın görmək istədiyi, fəqət görə bilmədiyi  bir yuxu gerçəkləşibdir...

Bakının mərkəzində  Birinci Qarabağ savaşı zamanı  körpəsi erməni cəlladları tərəfindən qətlə yetirilmiş  ananın  faciəsini əks etdirən məşhur "Ana harayı" - Xocalı soyqırım  abidəsi var.

Cansız körpəsini başı üzərinə qaldırıb imdad diləyən, haray çəkən köməksiz   ana  heykəli həm də Birinci Qarabağ savaşındakı məğlub olmuş  ananın  - basılmış Ana Vətənin özüdür.

Həm də Ana Vətənin məğlub görkəmidir.

Məncə, İkinci Qarabağ savaşının ən parlaq obrazı şəhid övladının, şəhid ərinin, doğmasının  tabutunu çiyinlərində daşıyan anadır, məğrur, məğlubedilməz Azərbaycan qadınıdır.

Bu,  həm də  İkinci  Qarabağ savaşını zəfərlə yekunlaşdırmış  Ana Vətənın möhtəşəm heykəlidir.

Vətən müharibəsindən sağ-salamat qayıtmış qalib əsgər oğlunu dizi üstə iməkləyərək qarşılayan ana da şəhid oğlunun tabutunu  çiyninə götürən ana qədər məğrurdur, bəxtəvərdir, qalibdir.

Azərbaycan əsgəri zəfər çalıb evinə  qalib kimi  gəlirsə və  Azərbaycan əsgəri Şəhid olaraq son mənzilə öz anasının çiynində və qalib kimi gedirsə, bu, əsl Qələbədir...

Bəziləri qələbəmizin natamam olduğunu deyir: 70 faiz 90 faiz civarında dəyərləndirənlər var.

Qələbə elə bir anlamdır ki, faizlə ölçülməz.

Zəfərimizin maşştabını müəyyən etmək üçün bir məqamın  altını çızmaq istərdim.

Deyirik ki, Ermənistan müstəqil dövlət deyil.

Forpostdur. Özü də forpost anlayışnı  siyasi dövriyyəyə daxil edən, rəsmi üsluba, dövlət dilinə gətirən  adi vətəndaş deyil,  ölkənin birinci şəxsidir.

Forpostun məğlub olması  daha çox   onun  havadarlarının məğlub olması deməkdir.

Qalib dövlətin vətəndaşı olmaq, özünü qalib Komandanın əsgəri  kimi hiss etmək  fərqli və müstəsna bir duyğudur.

Təbii ki, hər bir hadisənin öz yönü-yöngəsi, öz pafosu, öz ritorikası var. O cümlədən məğlubiyyətin.
Biz məğlubiyyətin də nə olduğunu yaxşı bilirik. Biz məğlubiyyətin hər cür üzünü görmüş bir xalqıq.

Onun hər acısını dadmışıq, minbir iztirabını yaşamışıq, əzablı yollarını keçmişik. Üryan ayaqlarımızın, yalın əllərimizin, zaman-zaman təhqir edilmiş heysiyyətimizin yaddaşında hansı müsibətlərin izi  yoxdu ki..?
Erməni əsirliyindən qurtulmağı bacarmış  Laçın rayon sakini Müşfiqin  ("Əsir düşərgəsi", Vüsalə Məmmədova)  bir cümləsi xatirəmə güllə kimi sancılıb.

"Güllə dəymiş insan ətinin xüsusi qoxusu olur”.

Yəqin ki,  "güllə dəymiş insan ətinin qoxusu" Müşfiqin həyatından və ciyərlərindən  bütün ömrü boyu çəkilib  getməyəcək.

Təkcə Müşfiqinmi? Təkcə müşfiqlərinmi?..

Bu gün adı Vətən qədər müqəddəsləşmiş Şuşadan  hər evə, hər ocağa  yayılan saf, təmiz hava da  Azərbaycanımızın  ciyərlərinə hopmuş o müdhiş qoxunu uzun müddət təmizləyə bilməyəcək.

Azərbaycanda elə bir bölgə yoxdur ki, erməni terrorundan əziyyət çəkməsin. Tariximizin elə  bir kəsimi  yoxdur ki, erməni xəyanətiylə müşayiət olunmasın.

Elə bir nəsil, elə bir şəcərə tapılmaz ki, namərd erməni gülləsinə tuş gəlməsin, sıravi vətəndaşdan tutmuş  birinci şəxsin ailəsinə kimi.

Ötən əsrin əvvəllərində Heydər Əliyevin dayısı, 21 yaşlı Heydər erməni hücumlarından xilas olmaq üçün ailəsi ilə birlikdə  Zəngəzur dağlarıyla Naxçıvana keçərkən yolda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Və bu hadisədən bir neçə il sonra - 1923-cü ildə İzzət xanım dünyadan nakam getmiş qardaşının adını oğluna verib.


Dahi öndərimiz bu barədə heç vaxt danışmayıb, dayısının faciəsıni  xüsusi olaraq qabartmayıb.
Təkcə bu fakta münasibətdə deyil, ümumiyyətlə, Heydər Əliyev həmişə şəxsinə  yönələn  ədalətsizlikləri, hücumları sükutla və təvazökarlıqla qarşılayırdı.

Bu gün biz eyni təvazönü Cənab Prezidentin davranışlarında müşahidə edirik.

İlham Əliyev  17 ildir ki, usanmadan, gileylənmədən,  yorulmadan Azərbaycanın haqlı davasını sürdürür.
Özünə  qarşı olan haqsızlıqların üzərindən isə təmkinlə, müdrikcəsinə ötüb keçir...

Tarix ayrı-ayrı mərhələlərdən ibarətdir. Hər mərhələ - bir pilləkən. Pilləkənləri bir-bir, özü də ehtiyatla, səliqə-səhmanla  çıxmaq tələb edilir.

Gecikmədən və tələsmədən! Bu gün Rusiya sülhməramlılarını Qarabağa gəlişindən narahat olanlar kifayət qədərdir.

Sadə qəlblə  narahat olanları başa düşmək o qədər də çətin deyil.  Bu faktın  Azərbaycan Ordusunun əldə etdiyi Böyük Zəfərin təhrifi  üçün istifadəsi isə yolverilməzdir.

Bəli, biz qalib dövlətik!

Amma planetimizi və qonşularımızı dəyişmək səlahiyyətinə, hökmünə sahib deyilik.

Rusiya bizim böyük qardaşımız olmaya bilər. Amma Rusiya bizim böyük qonşumuz olaraq qalır.
Vladimir Putin mükəmməl dövlət ağlı olan rus vətənpərvəridir.

Azərbaycanın milli maraqlarını, dövlət mənafeyini hər şeydən üstün tutan İlham Əliyev kimi lideri var.
Rus və Azərbaycan xalqının mənafeyinə cavab verə biləcək anlaşma əldə etmək üçün resurslar kifayət qədərdir.

Yalnız belə bir - qarşılıqlı faydalı və səmimi əməkdaşlıq regionda uzunmüddətli sülhə təminat verə bilər.
Təbii ki, rus sülhməramlılarının  məramına skeptik münasibətin tarixi əsasları söykənir.
Çünki Rusiya SSRİ-nin, SSRİ isə Çar Rusiyasının varisidir.

Bu günün, dünənin söhbəti deyil axı, çoxdandır ki, Çar soldatının, Sovet əsgərinin Azərbaycan ictimai fikrində işğalçı obrazı formalaşıbdır.

(Yeri gəlmişkən, 44 gün ərzində  Azərbaycan Prezidentindən müsahibə götürmüş qərb media təmsilçiləri  aqressiv,  hikkəli, yırtıcı, prokuror ədalı  davranışları ilə  təmsil etdikləri qitəni  heç də  işğalçı Sovet əsgərindən fərqli və xeyirxah obrazda təqdim edə bilmədilər.)

Rus əsgəri deyəndə milli şüurumuzda Çar dövründən, bolşevik dönəmindən qalma neqativlər  oyanır.
28 apreli, 20 Yanvarı, 366-cı alayın törətdiklərini və sair qanlı-qadalı  aktları  birdən-birə necə unutmaq olar.

Ümumiyyətlə, yadırğamaq  mümkünmü?

Ancaq bütün hallarda Çar Rusiyası, bolşevik Rusiyası bizim keçmişimizdir, tariximizin bir hissəsidir.
Biz keçmişimizdən necə imtina edə bilərik?

İnsanın öz  keçmişindən, öz bioqrafiyasından imtinası alınarmı?

Təbii ki, xeyr! Keçmişimiz, bioqrafiyamız bizi həmişə izləyəcək.

Ona görə də biz öz keçmişimizdən yalnız zaman-zaman uzaqlaşa bilərik.

Addım-addım, mərhələ-mərhələ-çünki alternativ yoxdur.

və coğrafiyamız belə diktə edir...

Çox sevdiyimiz bir Azərbaycan mahnısı var:  Şuşanın dağları.

Mahnının mətnini əzbər bilməyən azərbaycanlı  tapılmaz desəm, yanılmaram:

"Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanım..."


Hamı tərəfindən xalq mahnısı kimi tanınan və qəbul edilən  bu bəstənin müəllifi Xan Şuşinskidir.
O da məlumdur ki, mahnı qrammofon valına yazılarkən mətndəki "duman", "ölürəm" kimi sözlər Sovet senzurasının diqqətini çəkibmiş.

Xan Şuşinski duman sozünü izah etməyə çalışıb ki, dağ başında dumanın olması təbiidir,  "ölürəm" sözü isə məcazi mənada işlədilib.

Ancaq müəllifin izahı mahnının mətnini sonadək xilas edə bilməyib.

Xan Şuşinskidən tələb ediblər ki, mətnin sözlərini dəyişsin, Sovet Şuşasının başı dumanlı ola bilməz. Nəticədə senzuranin dediyi kimi olub - mahnının ilk sətri "Şuşanın dağları deyil dumanlı" kimi verilib.
İndi  demək, birmənalı rəy vermək çətindir, Xan Şuşinski "duman" deyəndə ürəyində  hansı dumanı  nəzərdə tutub, senzuranın sayıqlığı  "xain xoflu olar" məsəlindən irəli gəlib, yoxsa yox?

Mübahisə açmağına dəyməz. Ancaq onu dəqiq və əminliklə demək olar ki, Şuşa dağlarının başına (və bütövlükdə Qarabağın və Azərbaycan adlı coğrafiyanın üzərinə) kor duman Azaərbaycan tarixi İrəvan çuxurunda büdrəyəndə çökübdür.

Tariximizin son 100 ili qürurverici bir hadisəylə başlayır.

Şərqdə ilk  dəfə, 1918-ci il mayın 28-i   Azərbaycan adlı məkanda Xalq  Cümhuriyyəti elan olunur.
Bir gün sonra isə 1918-ci il mayın 29- da Azərbaycan Milli Şurası qədim türk oylağı İrəvan şəhərini ermənilərə güzəştə getmək haqqında qərar çıxarır.

Mövzunu şaxələndirmək fikrindən uzaq olsam da, bu yerdə  bir məqamın üzərində dayanmağı vacib hesab edirəm.

Çox təəssüf ki, sonralar İrəvan mövzusu uzun müddətə unuduldu. Unutduruldu.

Hətta Cümhuriyyətin süqutundan sonra bir neçə onillik ömür sürmüş Məhəmməd Əmin Rəsulzadə və Mustafa Mərdan Topçubaşov da İrəvanın güzəştiylə bağlı susmağa üstünlük verdilər.

Nə danışdılar, nə də yazdılar.

Deyim ki, araşdırma aparsam da, mən nə Rəsulzadənin, nə Topçubaşovun bu mövzuyla hər hansı qeydinə rast gəlmədim.

Halbuki belə bir istinadgah olsaydı, nə gözəl olardı.

Bir neçə il əvvəl İlham Əliyevin özünün dediyi kimi, ilk dəfə olaraq dövlət,  dövlət başçısı səviyyəsində  İrəvanın taley  ictimai fikrin diqqət mərkəzinə gətiriləndə Rəsulzadə və Topçubaşov  etibarlı mənbə kimi istifadə edilə bilərdi.

Nə yazıq ki, İrəvan mövzusu təkcə ictimai-siyasi tariximizdə deyil, eyni zamanda, qurucu babalarımızın bioqrafiyasında heç nə ilə doldurula bilməyəcək bir boşluq olaraq qalır.

Məhəmməd Əmin Rəsulzadə  İosif  Stalinin "iki ildə siz nə əldə etdiniz?" sualına çox dəqiq qiymət vermişdi.

"Biz çox şey verə bilməsək də, azadlığın nə olduğunu xalqa  azacıq da olsa  dadızdıra bildik. Azərbaycan adlı coğrafiyaya  ilk dəfə olaraq siyasi məzmun gətirdik".

Ötən əsrin əvvəllərində Azərbaycan adlı coğrafiyaya gətirilən siyasi məzmunu dövlətçilik məzmunu ilə zənginləşdirmək imkanı olmadı.

Sadəcə tarix  və coğrafiya bu şansı bizdən əsirgədi.

Həmin ərəfədə geosiyasi fürsətin heç bir ümidverici əlaməti yox idi.

1920-ci il aprelin 28-də  bolşevik işğalı  cümhuriyyət ideyasını natam və nakam bir proses olaraq  tarixin küncünə sıxışdırdı.

Və Heydər Əliyevin dediyi kimi,  "İyirminci ildən başlayaraq biz vaxtaşırı Azərbaycan torpaqlarını hissə-hissə itiririk. SSRİ-nin tərkibinə daxil olan heç bir respublika belə bir fəlakətlə üzləşməyibdir.  Heç bir müttəfiq respublika başqa müttəfiq respublika tərəfindən təcavüzə məruz qalmayıbdır".

1920-ci ildən  torpaqlarımız addım-addım, kənd-kənd, mahal-mahal Ermənistanın nəzarətinə keçir.
Azərbaycan əraziləri ermənilər tərəfindən (şübhəsiz ki, mərkəzin xeyir-duası ilə) hissə-hissə ilhaq olunur.

1920-ci il 10 avqustda  Rusiya KP-nin Qafqaz bürosu  Azərbaycan rəhbərliyinin razılığı ilə Şərur-Dərələyəz mahalının ermənilərə verilməsi barədə qərar çıxarır.

Və bu  qərarla kifayətlənməyib Zəngəzur və Qarabağ mübahisəli ərazilər elan edilir. 1920-ci il noyabrın 30-da Azərbaycan KP  MK-nın qərarı ilə Zəngəzur Ermənistana verilib.

Qarabağla bağlı məkrli  planlarını təxirə salıblar. Yəqin ki, burada Nərimanovun nüfuzu, dirənişi kifayət qədər həlledici rol oynayıb. Həm də görünür, Mərkəz fikirləşib ki, aşırı səxavət ermənilərdə başgicəllənməsi yarada bilər.

Amma erməniləri şirnikləndirmək üçün əl yeri saxlayıblar. Elə bu məqsadlə 1923-cü ildə Qarabağa muxtariyyət statusu veriblər.

Beləcə, Azərbaycan torpaqlarının ilhaq edilməsi  davam edib.

1929-cu il fevralın 18-də Zaqafqaziya Sovet Federativ  Sosialist Respublikası Fəhlə, Kəndli, Qızıl  Ordu, Matros Deputatları Sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyəti Nüvədi, Ernəzir, Tuğut kəndlərinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR Meğri qəzasına aid edilməsi haqqında qərar verir.
6 min kv. km-dən artıq ərazisi olan Naxçıvan Muxtar respublikasının torpaqları  Ermənistan tərəfindən zəbt edilərək (1924, 1928, 1929, may 1969-cu illərdə) 5.5 kv km-ə qədər azalmışdır.

Beləcə, proses öz axarıyla gedir: erməni lobbisi  Moskvanın dərziliyi ilə  Azərbaycan torpaqlarından Ermənistana dövlət qiyafəsi ölçüb-biçir.

Özü də heç bir müqavimətə rast gəlmədən, 14 iyul 1969-cu ilə kimi...

Heydər Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsiylə Azərbaycan tarixində yeni bir mərhələ başlayır.

Tarix milli liderlərin bioqrafiyasından keçib gedərək milli status, milli məzmun kəsb edir.

Hansı liderin bioqrafiyasında boşluq var, tarix orada büdrəyir, səndələyir  və yıxılır. İrəvanda, Zəngəzurda və sair yerlərdə  büdrədiyi  kimi.

Bu, daha geniş bir mövzunun predmeti olduğu üçün detallara varmaq, müzakirə açmaq istəməzdim.
Bir məqamı isə vurğulamaq zəruridir.

Heydər Əliyev yeganə dövlət xadimidir ki, Azərbaycan tarixi onun bioqrafiyasından şəstlə, vüqarla və açıq alınla addımlayıb keçir.

Heydər Əliyev özü bu barədə belə deyir:
 
"Mən 14 il Azərbaycana rəhbərlik etmişəm, bir ovuc torpaq verməmişəm.  Amma məndən əvvəlkilər və sonrakı dövrlərdə xeyli torpaq veriblər".

Heydər Əliyevin bioqrafiyası milli mücadilə tariximizin həlledici mərhələsidir.

Əsrlər boyu erməni kilsəsi tərəfindən  yönləndirilən Şərə qarşı Azərbaycan türkü yalnız 70-ci illərdən başlayaraq Heydər Əliyevin dərin zəkası və qüdrətli əli ilə iqtisadi, siyasi və sosial baxımdan, bir sözlə, bütün sahələr, bütün parmetrlər üzrə böyük sürətlə təşkilatlanırdı.

Onun 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsini bədxah qonşularımız, kiçikdən  böyüyə, dərin bir  kədərlə qarşıladılar.

Yaxşı xatırlayıram, həmin gün axşam  kənddə hamı səbirsizliklə  "Vremya" xəbərlər proqramından həmin xəbərin rəsmi təsdiqini gözləyirdi.

"Vremya"nın başlamasına  bir neçə dəqiqə qalmış, noyabrın 21-də kəndimizin işıqları keçdi.

Problemin səbəbini öyrənmək  üçün rayon mərkəzi ilə əlaqə saxlayan Nüvədi kənd telefon qovşağının işçisi Allahverdi dayıya işıq idarəsindən növbətçi erməni mantyor  hirslə cavab vermişdi.

- Gedin, işığı Heydər Əliyevdən istəyin...

Erməninin qəzəbi, nifrəti səbəbsiz deyildi

1969-cu ildə Heydər Əliyev gerçəkdən Azərbaycan tarixinə, Azərbaycanın siyasi səhnəsinə bir işıq kimi gəldi.

Və bu işığın gurşad enerjisindən ilk dəfə xoflanan da elə ermənilər oldu.

Heydər Əliyevin Azərbaycan xalqı və tarixi üçün necə fövqəladə bir dəyər daşıdığını ermənilər hamıdan və hər kəsdən qabaq duymuşdular.

Mən oktyabrın 21-də, Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması xəbərini ermənilərin hansı sevinclə, şadyanalıqla qarşıladıqlarını görmüşəm.

Həmin günü ermənilər özlərinin milli bayramları kimi qeyd edirdilər.

Ermənilərin İrəvandan, Zəngəzurdan sonra üçüncü cəhdi - Qarabağ iddiası məhz Heydər Əliyevin istefasından dərhal  sonra elan edildi.

Sovetlərin çöküşü ilə bir səhifə açılır...

Tarix yenidən təkrarlanırdı.

Demək olar ki, ümumi ab-hava eyniydi,  1918-ci ildəki kimi siyasi məzmun  yenidən Azərbaycan adlı coğrafiyaya  qayıtsa da,  bu siyasi məzmunu idarəçilik ritmi  ilə istiqamətləndirmək, prosesi dövlət quruculuğu relsləri üzərinə oturtmaq mümkün deyildi.

Çünki Ayaz Mütəllibov bu iş üçün yaramırdı.

Sonralar Azərbaycanın birinci prezidenti etiraf edəcəkdi ki, mən heç özümü qoruya bilmirdim, o zaman  xalqı necə qoruya bilərdim.

AXC lideri Əbülfəz Elçibəyin  dövlət  idarəçiliyi haqqında təsəvvürləri  ziddiyyətli və minimum həddində idi.
Təcrübəsiz prezident və onun ətrafındakı təcrübəsiz idarəetmə aparatı vəziyyəti daha acınacaqlı etmişdi.
1993-cü ilin fevralında  Bakıya qardaşı Həsən Əliyevin yas mərasimində iştirak etmək üçün gələn Naxçıvan Ali Məclisinin sədri  Heydər Əliyev prezident Əbülfəz Elçibəylə söhbət edərkən idaretmədə, dövlət siyasətində ciddi qüsurların olduğunu qeyd edir.

Əbülfəz Elçibəy  isə "biz hakimiyyətə yenicə gəlmişik, hələ öyrənirik, təcrübə toplayırıq" deyib. Onda Heydət Əliyev  Xalq Cəbhəsinin liderinə  bütün dövrlər və bütün siyasətçilər üçün dərslik  sayıla biləcək bir  məsləhət verir: "Öyrənmək yaxşıdır. Təcrübə toplamaqda davam edin. Amma yadınızda birdəfəlik saxlayın. Xalq heç bir halda təcrübə materialı  kimi istifadə oluna bilməz".

Təəssüf ki, xalqımız 1991-1993-cü illər ərzində məhz elə  təcrübə materialına çevrilmişdi. Kim necə bacarırdı sınaqdan keçiridi.

Nəhayət, uğursuz təcrübələrə 1993-cü il iyunun 15-də  Heydər Əliyevin hakimiyyətə qayıdışı  ilə son qoyulur.

Müasir Azərbaycan Respublikası üç tarixi sütunun üzərində bərqərardır: 15 iyun 1993-cü il, 20 sentyabr 2004-cü il və  2003-cü  ilin prezident seçkisi.

Heydər Əliyevin qurtuluşçuluq missiyası bir günlə, bir illə yekunlaşmadı, bir neçə ili əhatə etdi.
Və demək olar ki, missiya bu gün də davam edir.

Heydər Əliyev  1918-1920-ci illərdə nakam və yarımçıq  qalmış bir prosesi uğurla  tamamladı. O, 73 il  sonra  yenidən Azərbaycan adlı coğrafiyaya  qayıtmış siyasi məzmunu dövlətçilik məzmunu ilə zənginləşdirib müstəqilliyimizin dönməzliyini təmin etdi.

Dahi öndərimiz 2003-cü ildə Azərbaycan xalqına ünvanladığı siyasi vəsiyyətnamədə deyirdi:

"İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq.

İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq.

Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik".


Bütün bunları etmək, nəfəs dərib  növbəti mərhələyə adlamaq üçün reallıqları nəzərə almaq vacib idi.
Elə  bu səbədən Azərbaycan 1993-94-cü illərdə MDB-yə Kollektiv Müqavilə Təşkilatına üzv seçilir.
Və zaman qazanır ki, bəzi taleyüklü məsələləri həll edə bilsin. 

Əsrin mübarizəsi - "Əsrin müqaviləsi" kimi tarixə daxil olan neft kontraktları imzalanır.

Heydər Əliyev bütün maneələrə rəğmən, əsrin mübarizəsindən ölkəsini qalib çıxarmağı bacarır.
Hakimiyyət vertikalı, idarəçilik subardinasiyası təmin olunur.

Və 5 il sonra Azərbaycan Kollektiv Müqavilə Təşkilatından çıxır.

Ərazi bütövlüyünün təmin edilməsi mövcud şərtlər daxilində həllini tapa bilmədiyindən növbəti mərhələyə qalır.

Heydər Əliyev adı keçən tarixi müraciətində deyib:

"Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik".

Və inam, qətiyyət və uzaqgörənliklə əlavə edib:
 
"Mən əminəm ki, biz bu məsələni mütləq həll edəcəyik. Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək!"


2003-cü  ilin prezident seçkiləri tariximizdə müstəsna yer tutur.

Tariximizin 2003-cü il dönəminə kimi dövlətçilik məsuliyyətinin ictimai-sosial və hüquqi-siyasi varisliyi sona qədər dərk və təmin edilməyib.

Bu, danılmaz bir gerçəklikdir...

Oturuşmuş dövlətin yoxluğu, ənənənin zəifliyi və pərakəndəliyi, nəsillər arasındakı vəhdətin qırılması faciələrimiz üçün "münbit və əlverişli" şərait yaradıb: ta orta əsrlərdən tutmuş, yaxın keçmişimizin ərazi itkiləri, soyqırımlar, 20 Yanvar,  Xocalı qətliamı daxil...

İyirminci əsrin sonunda - 1993-cü ildə Azərbaycan dövlətçiliyi və tarixi bir Dahinin ətəyindən yapışaraq ayağa qalxır, müvazinətini tarazlayır və addımlarını mətinləşdirir.

İyirmi birinci əsrin əvvəlində yeni uğurlu bir mərhələnin əsası qoyulur:

2003-cü ildə varislik xalqın dəstəyi və istəyi ilə və ən vacibi odur ki, ənənəyə güvənərək və söykənərək öz müsbət həllini tapır...

Ölkəmizin bugünkü uğurlarını təmin edən həlledici faktorlardan biri və birincisi məhz 2003-cü ilin prezident seçkisidir.

2003-cü ildə, son 100 ildə ilk dəfə olaraq, İlham Əliyevin timsalında siyasi hakimiyyətin varisliyi  heç bir sosial böhranın, ərazi itkisinin müşayiəti olmadan həyata keçib, həll olunub.

Bu məqamı təkcə politoloqlar, ictimai düşüncəni formalaşdıran fikir adamları, dövlət rəsmiləri deyil, uşaqdan böyüyə hər bir azərbaycanlı unutmamalıdır.

Təsadüfi  deyil ki, düşmən bu gün, artıq  oturuşmaqda olan dövlətçilik ənənəsini sıradan çıxarmağı, milli-siyasi dövlətçilik estafetinin gələcək nəsillərə ötürülməsini əngəlləməyi özünün ali məqsədi hesab edir.
Bu gün Azərbaycan xalqı İlham Əliyevə elə Heydər Əliyevə inandığı qədər inanır.

Ali Baş Komandan 2020-ci ilin 8 noyabrında yeni və möhtəşəm bir mərhələnin müjdəsini verdi:

"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.
Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"


İlham Əliyev Heydər Əliyevin "nəticələrini  aydın gördüyü, amma sona çatdıra bilmədiyi"  işləri tamamlayır: Azərbaycanın pozulmuş ərazi bütövlüyü təmin olunur, qaçqın və köçkünlər öz yurd-yuvasına qaytarılır.

Yeni mərhələnin uğurları bir birini əvəzləyir.

Noyabrın 20-də Ağdam, noyabrın 25-də  Kəlbəcər, dekabrın 1-də  Laçın rayonu  itki, şəhid vermədən, qan tökülmədən  azad edildi.

Laçın vaxtlarımız geri qayıdır.

Sözün bütün mənalarında Azərbaycan dövlətçiliyi özünün laçın dövrünü yaşayır. Üçrəngli bayrağıyla, Laçın komandanıyla, laçın oğullarıyla birlikdə.

Tariximizin, taleyimizin  laçın mərhələsi başlayıb.

 





02.12.2020    çap et  çap et