525.Az

Azərbaycan öz missiyasını uğurla icra etdi - Yazı


 

Azərbaycan öz missiyasını uğurla icra etdi - <b style="color:red">Yazı </b>

Azərbaycanın uzun illər düşünülmüş, dəqiq, məqsədyönlü, ardıcıl siyasətinin ən parlaq təzahürü bugünkü bütöv Azərbaycandır.

Bütün dünyaya aydındır ki, Azərbaycanın tarixi həqiqəti Ali Baş Komandanımızın, rəşadətli ordumuzun gücünə bərpa olundu. Xalqımız uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdi. Bu işğala 30 il səbr etməyimizin tək səbəbi dövlətimizin sülh tərəfdarı olması idi.

İllərdir BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr kağız üzərində, sadəcə kağız parçası olaraq qaldı. Biz torpaqlarımızın işğaldan azad edilməsində hərbi yola əl atmasaydıq, 30 il bundan sonra da torpaqlarımız erməni əsarətində qalacaqdı. Azərbaycan bütün beynəlxalq hüquq normalarını əsas götürərək, öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başladı, buna məcbur oldu. Bu gün Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir.  

Bütün dünya gücümüzü, qüdrətimizi, iradəmizi gördü.

Bu Vətən müharibəsində cənab Prezidentimiz siyasi müstəvidə, Azərbaycan Ordusu isə hərbi yolla öz missiyasını uğurla icra etdi və biz həm döyüş meydanında, həm də siyasi müstəvidə Qələbə qazandıq. Azərbaycanın tarixi ədaləti təmin edilərək, beynəlxalq hüququn prinsiplərinə əməl olunaraq ərazi bütövlüyümüz bərpa olundu. Bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi, əzəli torpaqları idi. Beynəlxalq hüquq baxımından da bu torpaqların Azərbaycan dövlətinə məxsus olduğu təsdiqlənirdi.

İndi Vətənimiz üçün yeni dövr başlayır. Bu yeni quruculuq, inkişaf  dövründə xalqımız hər zaman olduğu kimi bu dəfə də birlik, həmrəylik nümayiş etdirərək işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağımıza yeni nəfəs verəcəklər. Bu dövr ölkəmizin inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.

Bildiyimiz ki, 44 günlük Vətən müharibəsindəki döyüşlərdə faciələr və itkilər də qaçılmaz oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin mülki insanları uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Lakin bu, xalqımızın əzmini sındırmadı. Xalqımız həqiqi vətənpərvərlik nümunəsi göstərərək düşmənin gözünə dik baxdı və “Qarabağ bizimdir!” deyə irəli addımladılar. Çünki xalqımızın bir mövqeyi var idi - Qarabağımızı düşmən əsarətindən xilas etmək. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana hərbi güc tətbiq etməsəydi, onlar torpaqlarımızı sülh yolu ilə əsla qaytarmaq fikrində deyildilər. Ermənistan  mərhələli şəkildə bizim əvvəlcə 5 rayonumuzu sonra  ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılmasını istəyirdi. Lakin bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır deyə Ermənistan Azərbaycana şərt qoymuşdu. Lakin Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Çünki Azərbaycan Ermənistanın bu sərsəm şərti ilə əsla razılaşmazdı. Bu şərtlə razılaşmaq Dağlıq Qarabağın əbədi itirilməsi demək idi. Məhz buna görə də Ali Baş Komandanımız torpaqların hərbi yolla alınmasına qərar verdi. Çünki bu illər ərzində ölkəmiz həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda yetərincə güc toplamışdı. Biz öz gücümüzə inanaraq bu addımı atdıq və Qələbə qazandıq.

Ali Baş Komandanımız 1 dekabr tarixindəki xalqa müraciətində açıqladı ki:
 
“Bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, Qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.”

Azərbaycanın dövlət başçısının bu müharibə dövründə davamlı olaraq beynəlxalq kanallara verdiyi müsahibələrindəki hər kəlməsi Ermənistan və onun ermənipərəst və anti-islam mövqe sərgiləyən havadarlarına cavab xarakteri daşıyırdı. O cavablardan sonra heç bir xarici qüvvə Azərbaycan xalqının və dövlətinin iradəsini sındıra və onun qazandığı Qələbəyə kölgə sala bilməz. Azərbaycanın Qələbəsi  təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, bütün erməni faşizmini məhv edən Qələbədir!  

 





02.12.2020    çap et  çap et