525.Az

"Biz sizə borcluyuq, Azərbaycan əsgəri!" - Münasibət


 

"UTRAİN" FƏRDİ İNKİŞAF MƏRKƏZİ VƏTƏN MÜHARİBƏSİNDƏ YARALANMIŞ QAZİ VƏ ƏSGƏRLƏRƏ PSİXOLOJİ VƏ MƏNƏVİ YARDIM GÖSTƏRƏCƏK

"Biz sizə borcluyuq, Azərbaycan əsgəri!" - <b style="color:red">Münasibət </b> Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən müharibədə əsgərlərimiz ön cəbhədə döyüşərkən xalq da hər zaman arxa cəbhədə dəstək olur, əlindən gələnin ən yaxşısını etməyə çalışırdı.

Rəşadətli Azərbaycan Ordusunun gücü nəticəsində haqq davamızın sonu qələbə ilə bitdi. Lakin xalq hələ də torpaqlarımız uğrunda canından keçən şəhid ailələrinə, qazilərimizə dəstək olmaq üçün əlindən gələn hər şeyi edir. Öz yardımını əsirgəməyənlərdən biri də (NLP) Neyro Linqvistik Proqramlaşdırma üzrə mütəxəssis, "Utrain" fərdi inkişaf mərkəzinin təsisçisi Mirşahin Əlizadədir.

Mirşahin Əlizadənin etdiyi yardımla bağlı öz Feysbuk hesabında yazdığı statusu təqdim edirik:

 
"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış qazilərimiz və əsgərlərimizə psixoloji və mənəvi yardım göstərmək məqsədi ilə, Hərbi Xəstəxanaya baş çəkdim, əsgərlərimizlə ayrı-ayrı fərdi söhbətlər apardım, psixoloji, şüuraltı çalışmalar etdim. Həyatımın ən yaddaqalan dəqiqələri idi. Hər bir əsgərdən müharibənin təəssüratlarını öyrənmək, indiki durumu ilə maraqlanmaq, xüsusilə də gələcək planları ilə bağlı... Sözlərin susduğu, hisslərin danışdığı anlardır...

Suqovuşan və Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmış əsgərlərdən biri isə mənə çox təsir etdi. Əsgərimizdən hazırda nə istədiyini soruşdum, dərhal ayağa qalxaraq cəbhəyə yollanmaq istədiyini bildirdi. Gələcəklə bağlı hədəfin nədir deyə soruşduqda isə, "şəhid ailələrinə yardım etmək, şəhidlərimizin şərəfinə sərgi, muzey açmaq" deyə cavab verdi... Söhbət fiziki imkanlarının çox böyük bir hissəsini itirmiş bir qəhrəmandan gedir, hətta belə vəziyyətdə də vətənini fikirləşən bir igiddən.

Digər bir əsgərə isə Kəlbəcərin işğaldan azad olunması xəbərini verdikdə sevincindən hönkürtü ilə ağladı...
Hər bir insan ayrı bir dünyadır, 18-20 yaşlarında olan bu gənclərin dünyası isə bambaşqadır. Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" -  misralarının bu gün əyani şahidi oldum. Bu əsgərlərin gözlərində dərin bir qürur hissi, şanlı tarixin zəfər sevinci əks olunur.

Müharibənin ilk günlərindən könüllü hərbi xidmətə yollanmaq üçün Hərbi komissarlığa müraciətimə Müzəffər Ordumuzun kifayət qədər canlı qüvvə resursları olduğu cavabını almışdım.

Vətən qarşısında borcumu az da olsa yerinə yetirmək və mənəvi rahatlıq tapmaq üçün belə qərara gəldim ki, işğal altında olan Qarabağın düşmən tapdağından azad olunması üçün gedən Vətən müharibəsi zamanı yaralanmış bütün əsgər və qazilərimizin psixoloji, şüuarltı çalışmalarını könüllü olaraq şəxsən öhdəmə götürüm. Xəstəxanada çalışma apardığımız əsgərlərlə bundan sonrakı illərdə də əlaqə saxlanacaq, onların şəxsi, psixoloji və sosial inkişafları üçün hər bir dəstək veriləcək. Çünki biz sizə borcluyuq, Azərbaycan əsgəri!

Daim vətənimizin, xalqımızın, cənab Ali Baş Komandanımızın xidmətindəyik!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Yardımla bağlı 525.az-a açıqlama verən NLP üzrə mütəxəssis Mirşahin Əlizadə bildirib ki, çalışmalar dünya modelinə uyğun müəyyən sistem əsasında aparılır:
 
"Hər bir əsgərlə ayrı-ayrılıqda söhbət edib, dərdlərini dinlədikdən sonra onların ehtiyaclarına uyğun fərdi çalışmalar aparılır. Məsələn, bir əsgərin şüuraltında, düşüncələrində ediləcək çalışmaları öyrəndikdən sonra ona uyğun bir yol xəritəsi hazırlanır. Həmin xəritəyə əsasən hər gün şüuraltındakı bir problem həll olunur. Hər birinə eyni, şablon texnikalar tədbiq olunmur. Bunun  başlıca səbəbi isə müasir tibbi hipnozun atası kimi tanınan Milton Eriksonun psixologiya və psixoterapiya dünyasına etdiyi "xəstəliyə yox, xəstəyə baxın" tövsiyəsidir. Bu tövsiyədən belə bir nəticəyə gəlinir ki, hər bir insan ayrı bir dünya, ayrı bir fərddir. Hər kəsin müxtəlif düşüncəsi və həqiqət xəritəsi var. Bu səbəbdən də onların hər biri ilə fərdi, fərqli çalışmalar aparılır. Bu, vaxt aparan, məşəqqətli bir üsul olsa da, qarşımızdakı insana olan hörmətimizin və alınan keyfiyyətli nəticənin göstəricisidir".

Mirşahin Əlizadə vurğulayıb ki, müalicə müddəti hər əsgərin probleminə görə dəyişir:

"Apardığımız çalışmalar tibbi deyil, psixoloji çalışmalardır. Bu çalışmalar neqativ xatirələri beyindən çıxarmağa, şüuraltıya əsaslanan çalışmalardır. Ona görə də, məşğul olacağım müddət onların probleminə görə dəyişir. Elə əsgər var ki, bir seans, eləsi də var 5, 10 seans bəs edir. Ancaq mənim üçün fərqi yoxdur, hər birinin ehtiyacı nə qədərdirsə,  axıra qədər məşğul olacağam. Əlavə olaraq qeyd edim ki, çalışmalar bitdikdən sonra da onları unutmayacağıq.  Növbəti illərdə də mütəmadi olaraq əlaqə saxlayıb təlimlər keçəcəyik. Aralarında ailəli olanlar da var, onların övladları da 100 il keçsə belə, xidmətlərimizdən təmənnasız yararlana biləcəklər. Yetər ki, hər birinin fərdi inkişafına dəstək verə bilək".

Aytac ASLAN
 





02.12.2020    çap et  çap et