525.Az

"Mən döyüşlərdə doğmalarımı, yəni Vətənimi qoruyurdum" - Müsahibə


 

QAZİ SƏRVƏR MƏMMƏDOV: "XALQIMIZIN BU GÜNLƏR YANIMIZDA OLDUĞUNU GÖRMƏK BİZƏ ÇOX BÖYÜK RUH YÜKSƏKLİYİ VERİRDİ"

"Mən döyüşlərdə doğmalarımı, yəni Vətənimi qoruyurdum"   - <b style="color:red">Müsahibə</b>

Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının yumruq kimi bir olduqdan sonra hər şeyin öhdəsindən uğurla gələ biləcəyini bütün dünyaya sübut etdi. Bizə qələbə sevincini yaşadan, haqq davamızda mənfur düşmənə qarşı qəhrəmancasına döyüşənlərin hər biri bütün Azərbaycanın doğmasına, ən əziz insanına çevrildi. Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın döyüş xatirələrini öz dillərindən dinləyə bilməsək də, çox şanslıyıq ki, canlı qəhrəmanlarımız olan qazilərimizin dilindən müharibəni dinləyə, oxuculara çatdıra bilirik. Müsahibimiz Ağdərə, Ağdam, Füzuli, Xocavənd və Cəbrayıl ərazilərində döyüşmüş qazimiz Sərvər Məmmədovdur.

- Müharibəyə hərbi çağırışçı kimi çağırılmasaydınız, könüllü olaraq gedərdinizmi?

- Hazırda müvəqqəti hərbi xidmətdəyəm. Amma təbii ki, hərbi xidmətdə olmasam da, könüllü gedərdim.

- Ailənizdə sizdən başqa müharibədə olan olubmu?

- Bəli, rəhmətlik atam Cocuq Mərcanlıda gedən döyüşlərdə tankçı olub.

- Döyüşün ən qızğın anlarında ağlınıza ilk nələr gəlirdi, nə hisslər keçirirdiniz?

- O şəraitdə insan iki şeyə hazır olmalıdır: ölməyə və öldürməyə. Bu iki şeyə hazır olmayan insan cəsarətlə döyüşə bilməz. Ona görə də, döyüşən bütün əsgərlərin ağlında olan ilk şey ölmədən mənfur düşməni öldürmək idi. Mən Vətəni içində doğmalarım, ailəm, dəyər verdiyim insanlar olduğu üçün sevirəm. Orda döyüşməklə bütün doğmalarımı, yəni Vətənimi qoruyurdum. Döyüş vaxtı daima ailəmin, sevdiyim qızın yanına sağ-salamat qayıdacağım haqqında düşünürdüm.

- Siz ön cəbhədə döyüşəndə xalq da arxa cəbhədən dəstək olmağa çalışırdı. Göndərilən yardımlar və məktublar sizə gəlib çatırdımı? Xalqımızın qayğıkeşliyi sizə necə təəssürat bağışlayırdı?

- Məktublar gəlirdi, amma çox vaxt o şəraitdə oxumağa vaxtımız olmurdu. Sağ olsunlar,  xalqımız istər qida, istər siqaret, istərsə də mənəvi cəhətdən çox yardımlar edir, dəstək olurdular. Bu döyüşlərdə Ali Baş Komandanın səyləri nəticəsində ordumuz, əsgərlərimiz peşəkar səviyyədə idi. Ordumuzun gücünü görən xalq artıq Qarabağı, doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyimizə bütün qəlbi ilə inanırdı. Xalqın bizim yanımızda olduğunu, dəstəklədiyini görməyimiz bizə çox böyük ruh yüksəkliyi verirdi. 44 gün döyüş üçün çox az müddətdir. Ancaq Azərbaycan Ordusunun gücünü görən düşmən 44 gün sonra təslim oldu. Təslim olmasaydılar belə, məhv olmaları üçün uzağı bir həftə vaxt lazım idi. Onlar təslim olmasalar, qısa müddət ərzində yenə də biz öz torpaqlarımızı döyüşərək alacaqdıq.

- Yaralandığınız anı necə xatırlayırsınız, o an nə hisslər keçirdiniz?

- Cabrayıl istiqamətində döyüşərkən qolumdan yaralandım. O an pusquya düşdük, birdən-birə minaatan yağışına tutulduq. Minalardan biri çox yaxınımıza düşdü. İki əlimlə başımı tutduğum üçün qolumdan yaralandım. Birinci ağrını hiss etmədiyim üçün vurulduğumu bilməmişdim. Elə bilirdim, sadəcə, qolum çıxıb. Qolumu komandirimə göstərdikdən sonra məlum oldu ki, yaralanmışam. Qolumu sarıdıqdan bir müddət sonra başqa yaralılarla birlikdə bizi hərbi hospitala gətirdilər.

- Son olaraq, gənclərə nə tövsiyə edərdiniz?

- O torpaqların qədrini bilsinlər, çünki orda neçə-neçə igid əsgərlərin qanı var. Hər zaman torpaqlarımızı, Azərbaycanı qorumağa hazır olsunlar. 

Aytac ASLAN

 





02.12.2020    çap et  çap et